Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-136/2025 08.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxx 1979-cu ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 08 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 08 may 2025-ci il tarixdə, saat təxminən 08:40 radələrində Qobustan şəhəri “Son” adlanan yerdə səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X11 bildirdi ki, 08 may 2025-ci il tarixdə Qobustan RPŞ-nin İTB-nin rəisi X4 raportu icraatına daxil olmuşdur. Raportda qeyd olunmuşdur ki, 08 may 2025-ci il tarixdə səhər saatlarında Qobustan şəhərində xidmətdə olan zaman Göyçay rayon sakini Şəxs Qobustan şəhəri “Son” adlanan yerdə görüb yaxınlaşmış, özünü təqdim edərək barəsində aparılan araşdırma ilə əlaqədar polis şöbəsinə dəvət etmiş, lakin sonuncu tərbiyəsizlik edərək səsküy salaraq onun qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Rəşad Məmmədov xidmətdə olan digər polis əməkdaşlarını köməyə çağıraraq Şəxs məcburi şəkildə Qobustan RPŞ-yə gətirilməsini təmin etmişdir. Həmin raporta əsasən o, Göyçay rayonunun Bığır kənd sakini Şəxs barəsində araşdırma aparmış və müəyyən etmişdir ki, həqiqətən də, qeyd edilən tarixdə Göyçay rayonunun Bığır kənd sakini Şəxs küçədə ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmiş və bunu görən, ictimai asayişi qorumağa çalışan İTB-nin rəisi Rəşad Məmmədovun xuliqanlıq hərəkətlərini dayandırması və RPŞ-yə getməsi ilə bağlı qanuni göstərişlərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, yaxın zamanlaradək Qobustan rayonu ərazisində meyvə-tərəvəz məhsullarının səyyar satışı ilə məşğul olmuşdur. Satdığı məhsulları Qobustan rayonuna yaşadığı Göyçay rayonundan öz maşını ilə gətirmişdir. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir və bu işlə o öz ailəsini dolandırmışdır. Səyyar meyvə-tərəvəz satışı ilə məşğul olduğu zamandan Qobustan RPŞ-nin İTB-nin rəisi Rəşad Məmmədovu tanımışdır. Öz fəaliyyətində hər hansı problemlərlə rastlaşmaması üçün Rəşad Məmmədova müəyyən ödənişlər etmiş, lakin buna baxmayaraq keçən il ona Rəşad Məmmədovun göstərişi ilə polis tərəfindən cərimə də tətbiq olunmuşdur. Buna görə də o, aidiyyəti qurumlara, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bir neçə dəfə müraciət edərək Rəşad Məmmədovun ondan rüşvət alması və üstəlik də cərimə yazması barədə məlumat vermişdir. Bundan sonra obyektiv araşdırma aparılması əvəzinə dəfələrlə Rəşad Məmmədov tərəfindən ona zənglər olunmuş, hədə-qorxu gəlinmişdir. Təzyiqlərə dözməyərək keçən ildən Qobustan rayonu ərazisində göstərdiyi fəaliyyətini də dayandırmağa məcbur olmuşdur. 08 may 2025-ci il tarixdə isə o, Bakı şəhərinə gedərkən Qobustan rayonunda yaşayan köhnə tanışına baş çəkmək üçün şəhərin “Son” deyilən ərazisində dayanaraq öz maşınından düşmüşdür. Bu zaman yolda avtomobillə hərəkət edən Rəşad Məmmədov onu görərək avtomobilini saxlamış, özü mülki geyimdə olmuş, ona yaxınlaşaraq avtomobilə əyləşməsini və onu Qobustan RPŞ-yə aparacağını bildirmişdir. O isə Rəşad Məmmədovun bu tələbini qanunsuz hesab edərək buna etiraz etmişdir. Rəşad Məmmədov onun yaxasından tutaraq zorla avtomobilə əyləşdirmək istəmişdir. Bu zaman yoldan keçən yol polisinin əməkdaşları da bu hadisəni görüb Rəşad Məmmədova onu avtomobilə əyləşdirməyə kömək etmişlər. Guya onun küçədə söyüş söyməsi ilə bağlı protokolu tərtib edən şəxsin məhkəmədə bildirdikləri tam yalandır. Hesab edir ki, onun əməllərində heç bir inzibati xəta tərkibi yoxdur və barəsində toplanmış material üzrə icraata xitam verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ İTB-nin rəisi, polis kapitanı X6 bildirdi ki, həqiqətən də, Şəxs keçən il ərzində bir neçə dəfə guya ona pul verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etmişdir. Həmin şikayətlər üzrə araşdırma Qobustan RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi Əfqan müəllimin icraatında olmuşdur. Lakin keçən ildən bəri dəfələrlə Şəxs Qobustan RPŞ-yə dəvət olunsa da, gəlməmişdir. 08 may 2025-ci il tarixdə səhər saatlarında o, Qobustan RPŞ-yə xidmətə gedərkən şəhərin “Son” adlanan ərazisində Şəxs küçədə dayandığını görmüşdür. Avtomobilini saxlayaraq sonuncuya yaxınlaşmış, onunla Qobustan RPŞ-yə getməsini tələb etmişdir. Şəxs isə buna etiraz etmiş, onunla uca səslə mübahisə etməyə başlamış, lakin hər hansı söyüş söyməmişdir. Bu zaman yaxınlıqda olan Qobustan RPŞ-nin DYPB-nin əməkdaşları Naməddin İbrahimov və Səmid Təhməzov bu hadisənin şahidi olmuş və Şəxs avtomobilə əyləşdirməyə kömək etmişlər. Verilmiş suallara cavab olaraq Rəşad Məmmədov bildirmişdir ki, onun özünün icraatında Şəxs ilə bağlı hər hansı araşdırma olmamış, sonuncunun ona rüşvət verməsi ilə bağlı müraciətlərini araşdıran Əfqan müəllimin icraatındakı araşdırma ilə bağlı hansısa qərar qəbul edib-etmədiyini bilmir, ona Şəxs Qobustan RPŞ-yə gətirilməsi ilə bağlı heç kim tərəfindən heç bir rəsmi və ya qeyrirəsmi göstəriş verilməmişdir. Sadəcə olaraq Şəxs əsassız olaraq ondan şikayət etdiyinə və sonra da Qobustan RPŞ-yə gəlməkdən yayındığına görə sonuncunu görərkən o, həmin şəxsi Qobustan RPŞ-yə aparmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin DYBP-nin baş inspektoru X5 bildirdi ki, 08 may 2025-ci ildə səhər saatlarında xidmətdə olarkən avtomobillə hərəkətdə olan zaman görmüşdür ki, Qobustan şəhərinin “Son” adlanan ərazisində Qobustan RPŞ-nin İTB-nin rəisi Rəşad müəllim bir vətəndaşı qolundan tutaraq avtomobilə əyləşdirmək istəyir, həmin şəxs isə ona avtomobilə əyləşməmək üçün müqavimət göstərir. O və onunla birlikdə xidmət olan Səmid Təhməzov öz avtomobillərini saxlayaraq mübahisə edənlərə yaxınlaşmış və həmin şəxsin qollarından tutaraq onu avtomobilə əyləşdirməyə Rəşad Məmmədova kömək etmişlər. Mübahisə edən şəxs hazırda məhkəmə qarşısında dayanan Şəxs olmuşdur. Şahidi olduğu mübahisə zamanı Şəxs söyüş söydüyünü eşitməsə də, onunla Rəşad Məmmədov arasında uca səslə mübahisə olmuşdur. Verilmiş suallara cavab olaraq Naməddin İbrahimov bildirmişdir ki, X14 Əfəndiyevi polis şöbəsinə aparmaq istəməsinin səbəbi ona məlum deyil, o, bu barədə maraqlanmamış, sadəcə olaraq Rəşad Məmmədov polis zabiti olduğuna görə ona kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin DYPB-nin yolpatrul xidməti inspektoru X13 digər şahid Qobustan RPŞ-nin DYBP-nin baş inspektoru X2 ifadələrini eynilə təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 bildirdi ki, müdafiə etdiyi Şəxs hərəkətlərində hər hansı inzibati xəta tərkibi mövcud deyil. Ona görə də xahiş edir ki, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətdiyi iddia olunan inzibati xətalarla bağlı məhkəmə iclasında dindirilmiş şahid Rəşad Məmmədovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadələrindən və iş materiallarından aydın olmuşdur ki, Şəxs əvvəllər Rəşad Məmmədov barəsində Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinə şikayəti olmuş, sonradan həmin şikayət baxılıb müvafiq tədbirlərin görülməsi üçün Qobustan RPŞ-yə göndərilmişdir. Rəşad Məmmədov onun icraatında olmasa da, sözügedən material üzrə araşdırmanın aparılması üçün dəfələrlə Qobustan RPŞ-yə dəvət olunan Şəxs şöbəyə gəlməməsi səbəbindən sonuncunu 08 may 2025-ci il tarixdə Qobustan şəhəri “Son” adlanan ərazidə görərkən onunla birgə Qobustan RPŞ-yə getməsini tələb etmişdir. Bundan sonra Şəxs öz etirazlarını bildirmiş, bunu görən digər şahidlər Naməddin İbrahimov və X15 Əfəndiyevin bu etirazlarının səbəbini aydınlaşdırmadan onun avtomobilə əyləşdirilərək Qobustan RPŞ-yə gətirilməsini təmin etmişlər. İş materiallarından da aydın olur ki, Şəxs guya 08 may 2025-ci il tarixdə səhər saatlarında Qobustan şəhərinin “Son” adlanan ərazisində ünvansız söyüşlər söyməsi barədə protokol tərtib etmiş şəxs Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X8 məhkəmə iclasında bildirdikləri sonuncunun fantaziyasından başqa bir şey deyil. Belə ki, Şəxs qeyd edilən hadisə zamanı söyüş söyməsi faktı şahid ifadələri və iş materialları ilə tam təkzib olunur. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Qobustan RPŞ-nin İTBnin rəisi Rəşad Məmmədovun 08 may 2025-ci il tarixdə səhər saatlarında Qobustan şəhərinin “Son” adlanan ərazisində Şəxs görərək ondan polis şöbəsinə getməsini tələb edənədək sonuncu tərəfindən ictimai qayda heç bir şəkildə pozulmamışdır. Şəxs Rəşad Məmmədovun qeyd edilən tələbini qanunsuz hesab etdiyinə görə onun həmin tələbinə etirazını bildirmişdir. Məhkəmə hesab edir ki, Qobustan RPŞ-nin İTB-nin rəisi Rəşad Məmmədovun Şəxs onunla polis şöbəsinə getməsi barədə tələbi qanuna müvafiq olmamışdır. Belə ki, hər hansı qaydanı və ya ictimai asayişi pozmayan şəxsdən əvvəllər məhz onun özündən rüşvət faktı ilə bağlı şikayət etdiyinə görə polis şöbəsinə getməsini tələb etmək ən azından vəzifə səlahiyyətini aşma kimi qiymətləndirilməlidir. Belə ki, Qobustan RPŞ-nin İTB-nin rəisi Rəşad Məmmədovun həmin araşdırma ilə bağlı hər hansı bir səlahiyyəti olmamış, hətta Şəxs Qobustan RPŞ-yə gətirilməsi ilə bağlı Rəşad Məmmədova heç kim tərəfindən heç bir göstəriş verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, istənilən polis əməkdaşının istənilən şəxsə (xüsusilə də rüşvət faktı ilə bağlı məhz onun özündən şikayət etmiş şəxsə) verdiyi göstəriş mütləq qaydada icra olunmalı olan qanuni göstəriş hesab edilə bilməz. Konkret halda Şəxs Qobustan RPŞ-nin İTB-nin rəisi Rəşad Məmmədovdan etdiyi şikayətlər onların araşdırılmasının həvalə edildiyi vəzifəli şəxsin icraatında olmaqla, Şəxs zərurət yaranarsa Qobustan RPŞ-yə gətirilməsinin təmin edilməsi barədə hər hansı qərar qəbul edilməsi də araşdırma aparan müvafiq vəzifəli şəxsin səlahiyyətinə aid olmuşdur. Göründüyü kimi, Şəxs hərəkətlərində İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində ictimai qaydanı pozan hər hansı hərəkətlərə yol verməsi və ya onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi halların mövcudluğu öz təsdiqini tapmır və onun əməlində inzibati xəta tərkibi müəyyən edilmir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-136/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-136/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver