Məhkəmə qərarları › İş №3(026)-137/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-137/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-137/2025 13.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1972-ci il təvəllüdlü, Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, İkinci Cabanı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli, 10 may 2025-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs tərəfindən **-BX-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra minik” markalı nəqliyyat vasitəsi idarə edilərkən Qobustan rayonu ərazisində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirdi ki, xidməti fəaliyyəti icra edərkən Qobustan rayonunun Təklə kəndi istiqamətində hərəkətdə olarkən bir sıra nəqliyyat vasitələrinin toplaşdığını görüb yaxınlaşmış, vətəndaş Şəxs qəza törətdiyini müəyyən etmişlər. Belə ki, Şəxs idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən Təklə kəndində idarəetməni itirərək yolun sağ kənarında olan bağa daxil olmuşdur. Həmin yerə yaxınlaşdıqda bir neçə ağacın əzildiyini, həmin ərazinin mühafizəsi üçün nəzərdə tutulmuş çəpərlərin sıradan çıxdığını görmüşlər. Bundan sonra Şəxs sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, onun sürücülük vəsiqəsi olsa da, Şəxs sedan tipli kiçik həcmli nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyaya malik olmamışdır. Şəxs sərxoşluq vəziyyəti də yoxlanılmış və onun hadisə vaxtı sərxoş olmadığı müəyyən edilmişdir. Hadisə nəticəsində bədən xəsarəti almış şəxslər olmasa da, ağacların və çəpərlərin əzilməsi ilə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi olsa da, hadisə baş verən zaman idarə etdiyi nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyaya malik olmamışdır. O, Şamaxı rayonu istiqamətindən gələrkən Qobustan rayonunun Təklə kəndində “Opel Vectra” markalı avtomobili idarə edən zaman avtomobilin təkəri partlamış və avtomobil yoldan çıxıb kənardakı əraziyə daxil olmuşdur. Bu zaman həmin ərazidəki bir sıra tel və məftillər qırılaraq zədələnmiş, lakin hər hansı ağac qırılmamışdır. Sıradan çıxmış dirək və məftillərin əvəz olunması ilə bağlı bələdiyyə tərəfindən ona təklif edilsə də, hələ ki o, hər hansı tədbir görməmişdir. Hadisə vaxtı avtomobildə həyat yoldaşı və 2 nəvəsi olmuş, onların heç birinə bədən xəsarəti dəyməmişdir. O, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin 10 may 2025-ci il tarixli, 02 nömrəli məktubundan görünür ki, Təklə kənd yolunun sağ və sol hissəsində bələdiyyənin təşəbbüsü ilə meyvə ağacları əkilmişdir. Həmin əkilmiş sahə kənd bələdiyyəsinin mülkiyyətinə aiddir. Həmin ağacların kənarlarında dəmir dirəklər və tikanlı məftillə mühafizə olunmaq məqsədilə çəpərləmə işləri görülmüşdür. 08 may 2025-ci il tarixində təxminən gecə saatlarında onlara məlum olmayan sürücü tərəfindən yolun 3-cü kilometrliyində qəza törədilmiş, 3 ədəd dəmir dirək, 2 ədəd meyvə ağacı və tikanlı məftil əzilmişdir (ümumilikdə təqribən 300 manat ziyan dəymişdir). Həmin ərazi bələdiyyənin balansındadır. Xahiş olunur ki, həmin qəza törətmiş sürücü tapılaraq ağacların və dəmir dirəklərin bərpa edilməsinə köməklik göstərilsin. İşdə surəti olan Şamaxı RİHB-nin 02 avqust 2023-cü il tarixli, 104 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla Şahid 22 iyun 2016-cı il təvəllüdlü X3 və 15 dekabr 2018-ci il təvəllüdlü X1 qəyyum təyin edilmişdir. Şahid tərəfindən təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, 08 may 2025-ci il tarixdə əri Şəxs yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı özü və nəvələri maşında olmuş, lakin heç biri xəsarət almamışdır. İşdə surəti olan Şəxs məxsus AF 009020 nömrəli sürücülük vəsiqəsindən aydın olur ki, Şəxs sedan tipli kiçik həcmli nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. İşdəki 08 may 2025-ci il tarixli sərxoşluq vəziyyətinin müayinəsi nəticələrinə dair arayışdan görünür ki, həmin tarixdə Şəxs sərxoş olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs 08 may 2025-ci ildə idarə etmək hüququnun olmamasına baxmayaraq, idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı, “Opel Vectra minik” markalı nəqliyyat vasitəsi ilə Qobustan rayonunun Təklə kəndində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı Qobustan rayon Ərəbşalbaş bələdiyyəsinin balansındakı mühafizə olunan əraziyə daxil olmuş, bələdiyyəyə ümumilikdə təqribən 300 manat məbləğində ziyan vurmuşdur. Bununla da, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən inzibati xətanı törətməsi iş materialları ilə yanaşı, Şəxs öz ifadəsi ilə təsdiq olunur və o, törətdiyi əməli etiraf edərək özünü sözügedən maddə ilə təqsirli bilir. Qeyd edilənlərə görə məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı qəbul edərək onu etiraf etməsini, hadisə nəticəsində heç kəsə bədən xəsarəti dəyməməsini və bələdiyyəyə vurulmuş maddi zərərin nisbətən az olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş nisbətən yüngül növdə inzibati tənbeh tədbiri olan 500 manat məbləğində inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar