Məhkəmə qərarları › İş №3(026)-14/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-14/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-14/2022 31.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə EP № ******* saylı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibatı xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 20000.00 ABŞ dolları məbləğində olan vəsaiti 05 dekabr 2019-cu ildə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar (xidməti) ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Şəxs MMC tərəfindən Türkiyə Respublikasının Adana şəhərində yerləşən EMS PLASTİK BORU SİH. TES. MLZ. GÜ. EN. İML. İNŞ. İTH.İHR. SAN.VE TİC.PAZ.LTD.ŞTİ şirkətinə plastmast boruların alınması qarşılığında 29 dekabr 2019-cu il tarixdə 20000.00 ABŞ dolları vəsait köçürülmüşdür. Hansı mənbələrə köçürmə etməli barədə sənədləri də var. Vəsaitin 70%-i köçürülməzsə malın göndərilməsi mümkün deyil. 2019-cu ilin dekabr ayının sonunadək müqavilədə nəzərdə tutulmuş 20000.00 ABŞ dolları məbləğində mallar ölkəyə idxal olunmuşdur. Gömrük bəyyanaməsini "xxxx" ASC-yə təqdim etmişlər, təqdim edilmiş sənədlərdə anlaşılmazlıq olmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlandığı 06 dekabr 2021-ci il tarixli İH-2021/8322 saylı məktubundan görünür ki,"xxxx" ASC vasitəsi ilə idxal olunan malların, xidmətlərin ödənilməsi üzrə qabaqcadan ödəniş aparılmış və ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində Azərbaycan Respublikası rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. 05 dekabr 2019-cu il tarixli 135671 saylı köçürmə haqqında ərizədən görünür ki, Azərbaycan Respublikası Qobustan rayonunun Ərəbşalbaş kəndində yerləşən Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə Türkiyə Respublikasının Anadolu şəhərində yerləşən EMS PLASTİK BORU SİH.TES.MLZ.GÜ.EN.İML.İNŞ.İTH.İHR.SAN.VE TİC.PAZ.LTD.ŞTİ şirkətinin hesabına 20000.00 ABŞ dolları köçürülmüşdür. Sorğu nömrəsi **********7338 olan "xxxx" ASC tərəfindən 26 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş 29 dekabr 2019-cu il tarixli gömrük bəyannaməsindən aydın olur ki, Türkiyə Respublikasının Anadolu şəhərində yerləşən EMS PLASTİK BORU SİH.TES.MLZ.GÜ.EN.İML.İNŞ.İTH.İHR.SAN.VE TİC.PAZ.LTD.ŞTİ şirkətindən Şəxs MMCnin ünvanına 17000 ABŞ dolları məbləğində plastmasdan borular göndərilmişdir. "xxxx" ASC-nin sənaye filialının 26 yanvar 2022-ci il tarixli hesab nömrəsi ********************, hesablaşma tarixli 06 dekabr 2019 olan gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasının Anadolu şəhərində yerləşən EMS PLASTİK BORU SİH.TES.MLZ.GÜ.EN.İML.İNŞ.İTH.İHR.SAN.VE TİC.PAZ.LTD.ŞTİ şirkətindən gömrük bəyannaməsi üzrə çıxan məbləğ 20000 ABŞ olları, qalıq məbləğ 244,86 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Mərkəzi X3 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC 05 dekabr 2019-cu il tarixdə Türkiyə Respublikasının Anadolu şəhərində yerləşən EMS PLASTİK BORUSİH.TES.MLZ.GÜ.EN.İML.İNŞ.İTH.İHR.SAN.VETİC.PAZ.LTD.ŞTİ şirkətinin hesabına "xxxx" ASC vasitəsilə qabaqcadan ödəniş kimi 20000,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitini göndərmiş və bunun müqabilində sifariş edilmiş müvafiq mallar 2019-cu il ərzində müxtəlif vaxtlarda ölkəyə idxal edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.0.1-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-in 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar