Məhkəmə qərarları › İş №3(026)-142/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-142/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-142/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1982-ci il təvəllüdlü, Şamaxı rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 14 may 2025-ci il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-27/2023 saylı, 06 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs cəmi 16136,56 manat dəymiş ziyan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və heç bir ödəniş etməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 06 iyul 2023-cü ildə verilmiş 05 iyun 2023-cü il tarixli, e-2(026)-27/2023 saylı icra sənədinə əsasən Şəxs 15983 manat dəymiş ziyan və 153,56 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 10 iyul 2023cü il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icra sənədi üzrə icraata başlanmış, borcluya tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıqlar göndərilmiş, şöbəyə dəvət olunaraq ondan yazılı izahatlar alınmışdır. Borclu sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bildirdi ki, borclu Şəxs icra sənədinin icrası üçün hər hansı ödəniş etməmişdir. Borclu tərəfindən yalnız Qobustan Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, e-2(026)-341/2023 saylı icra vərəqəsi üzrə müəyyən ödənişlər edilmişdir ki, həmin icra sənədi üzrə ödənişlərin Qobustan Rayon Məhkəməsi tərəfindən 06 iyul 2023-cü ildə verilmiş 05 iyun 2023-cü il tarixli, e-2(026)-27/2023 saylı icra sənədinə hər hansı bir aidiyyəti yoxdur. 14 may 2025-ci il tarixində izahatı alınmaq üçün borclu şöbəyə dəvət edilmiş, yazılı izahatı alınmış və icra sənədi üzrə müəyyən qədər ödəniş etməsi tövsiyə edilmişdir. Lakin borclu yenə də hər hansı ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, onun tərəfindən hər ay 70 manat məbləğində ödəniş edilmişdir. O, 15983 manat məbləğində olan tələb üzrə borcundan ödənişlər etsə də, onun ödənişləri digər borca hesablanmışdır. Onun maddi imkanı aşağı olduğuna görə ödənişləri edə bilmir, yalnız gücü çatdığı qədər ödənişlər edə bilir. Onun tərəfindən az məbləğdə olan icra sənədi üzrə borc bağlandıqdan sonra digər icra sənədini də icra edəcəkdir. Onun himayəsində 2010-cu və 2013-cü il təvəllüdlü iki uşağı var. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən 06 iyul 2023-cü ildə verilmiş 05 iyun 2023-cü il tarixli, e-2(026)-27/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 15983 manat dəymiş ziyan və 153,56 manat ödənilmiş dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 10 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin e-2(026)-27/2023 saylı, 06 iyul 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında 10 iyul 2023-cü il tarixli bildiriş verilmiş, inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmiş, iki dəfə yazılı izahatı alınmışdır. Qeyd edilənlərə baxmayaraq, Şəxs tərəfindən icra sənədi üzrə hər hansı ödəniş edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış məlumatlardan görünür ki, Şəxs 02 fevral 2010-cu il təvəllüdlü Asiman və 13 mart 2012-ci il təvəllüdlü Savalan adlı uşaqları var. Məhkəmə bu halı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, borclunun icra sənədi üzrə borcu ödəməyə imkanı olmadığını və maddi imkanının aşağı olduğunu nəzərə aldıqda onun barəsində beş yüz manatdan min manatadək məbləğdə cərimənin tətbiq edilməsi də ədalətli olmayacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar