Məhkəmə qərarları › İş №3(026)-143/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-143/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-143/2025 14.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 14 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 14 may 2025-ci il tarixdə, saat təxminən 12:00 radələrində inzibati binanın giriş hissəsində polis əməkdaşı ilə mübahisə yaradaraq onun qanuni tələbinə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, 14 may 2025-ci il tarixdə onun icraatına Qobustan RPŞ-nin inzibati binası yaxınlığında 1 nömrəli qapı postunda xidmət aparan Samir Ağayevin raportu daxil olmuşdur. Həmin raportda göstərilmişdir ki, 14 may 2025-ci il tarixdə Qobustan RPŞ-nin inzibati binasında xidmətdə olarkən 1 nəfər şəxs yaxınlaşıb ünvansız söyüşlər söyərək səs-küy salmış, ona nizam-intizamlı olmasını və polisin qanuni tələblərinə tabe olmasını bildirmişdir. Lakin həmin şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq səs-küy salmağa davam etdiyi üçün bu barədə RPŞ-nin növbətçi hissəsinə məlumat verərək tədbir görülməsini bildirmişdir. Bundan sonra həmin raporta əsasən onun tərəfindən vətəndaş Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 14 may 2025-ci il tarixdə şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün Qobustan RPŞ-yə gələrkən telefonla danışmışdır. Telefonda olan şəxs onu əsəbləşdirdiyinə görə o, həmin şəxsə uca səslə söyüş söymüşdür. Bu zaman qapı postunda dayanmış polis ona nizamintizamlı olmasını bildirsə də, o, əsəbi olduğuna görə polisə “yeri get işinlə məşğul ol” deyə cavab vermişdir. Lakin onun tərəfindən polisə qarşı hər hansı söyüş işlədilməmiş, sadəcə telefonda olan şəxsi söymüşdür. Polisin qanuni tələbinə məhəl qoymamasının səbəbi də əsəbi olması olmuşdur. Hazırda öz əməlindən peşmandır, səhv hərəkət etdiyini anlayır və polis əməkdaşından da üzr istəmişdir. O, barəsində cərimə növündə tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin müvəqqəti saxlama yerinin polis nəfəri-növbətçisi X3 bildirdi ki, o, 14 may 2025-ci il tarixdə saat 09:00-dan 21:00-dək Qobustan RPŞ-nin qapı postunda xidmətə təhkim olunmuşdur. 14 may 2025-ci il tarixdə nahar fasiləsindən əvvəl bir şəxs inzibati binanın qarşısında telefonla danışarkən uca səslə söyüş söymüş, o da həmin şəxsə yaxınlaşaraq onu nizamintizama dəvət etmiş, söyüş söyməməsini tələb etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə tabe olmamış, ona “yeri get işinlə məşğul ol” şəklində cavab vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil müdafiə etdiyi Şəxs əməlini səmimi etiraf etməsinin və Vətən müharibəsi iştirakçısı olmasının nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Qobustan RPŞ-nin inzibati binasının qarşısında uca səslə söyüş söyülməsi, onu nizamintizama dəvət edən polis əməkdaşının həmin qanuni tələblərinə tabe olmaması şahidin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, əsəbi olduğuna görə bu cür hərəkətlərə yol vermişdir, hazırda əməlindən peşmandır və özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 14 may 2025-ci ildə Qobustan RPŞ-nin qarşısında ictimai qaydanı pozaraq uca səslə söyüş söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşının bu barədə qanuni tələblərinə əməl etməmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, eləcə də, Vətən müharibəsi iştirakçısı olduğunu onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar