Məhkəmə qərarları › İş №3(026)-144/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-144/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-144/2025 16.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1976-cı ildə Füzuli rayonu, Araz Zərgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Araz Zərgər kəndində qeydiyyatda olan və Sumqayıt şəhərində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 15 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 15 may 2025-ci il tarixdə, saat 16:00 radələrində Qobustan şəhərində polisin qanuni tələblərinə əməl etməyərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, 15 may 2025-ci il tarixdə onun icraatına Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri Mahir Eyubovun raportu daxil olmuşdur. Həmin raportda göstərilmişdir ki, 15 may 2025-ci il tarixdə, saat 16:00 radələrində Qobustan rayon “Son” adlanan yerdə xidmətdə olarkən yolun kənarında iki nəfər şəxsin yüksək səslə və əl-qol hərəkətləri ilə bir-biri ilə söyüşərək uca səslə hay-küy saldıqlarını görüb eşitmiş, yaxınlaşıb özünü təqdim edərək sakitləşmələrini, nizam-intizamlı olmalarını bildirsə də, onlar polisin qanuni tələbinə məhəl qoymayaraq “get öz işinlə məşğul ol” deyərək öz intizamsız və qanunsuz hərəkətlərini davam etdirdikləri, eyni zamanda onun qanuni tələblərinə məhəl qoymadıqları üçün onların RPŞ-yə gətirilməsi zərurəti yaranmışdır. Polis şöbəsində həmin şəxslərin Şəxs və X2 olduqları məlum olmuşdur. Bundan sonra polis şöbəsində həmin şəxslərin izahatı alınarkən müəyyən edilmişdir ki, onlar arasında borc məsələsindən yaranan mübahisə olmuşdur. Belə ki, Sumqayıt şəhərində kirayədə yaşayan Şəxs əvvəllər dost olduqları Qobustan rayonu, Cəmcəmli kənd sakini Orman Mirzəliyevlə arasındakı borc məsələsini aydınlaşdırmaq üçün Qobustan şəhərinə gəlmiş, şəhərin “Son” adlanan ərazisində görüşmüşlər. Bu zaman onlar arasında mübahisə yaranmış, yaxınlıqdakı polis əməkdaşı həmin şəxslərə yaxınlaşıb onları nizam-intizama dəvət etmiş, lakin həmin şəxslər öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onun tərəfindən vətəndaş Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun tərəfindən 15 may 2025-ci il tarixdə, saat 17:00-da Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun Qobustan rayonunda yaşayan Orman Mirzəliyevdən 200 manat alacağı olmuşdur. Həmin borcla bağlı məsələlərin həll edilməsi üçün Orman Mirzəliyev onu Qobustan şəhərinə dəvət etmiş, o da kirayədə yaşadığı Sumqayıt şəhərindən Qobustan şəhərinə gəlmişdir. Şəhərin “Son” adlanan ərazisində Orman Mirzəliyevlə görüşmüş, bu zaman əsəbi olduqlarından onlar arasında mübahisə yaranmış, səs-küylü və əl-qolla birbirləri ilə mübahisə etmişlər. Bu zaman polis əməkdaşı onlara yaxınlaşıb onları nizamintizama dəvət etsə də, onlar əsəbi olduqlarına görə polisə “get işinlə məşğul ol” şəklində cavab vermişlər. Bundan sonra onlar Qobustan RPŞ-yə aparılmışdır. Hadisə vaxtı o, heç kəsi vurmasa da, həqiqətən də, uca səslə mübahisə etmişdir. Özünü qismən təqsirli bilməsinin səbəbi isə mübahisənin baş verdiyi vaxt əsəbi olmasıdır. Onun 3 uşağı olsa da, uşaqlarının hər biri yetkinlik yaşına çatmışlar. O, etdiyi əməldən peşmandır, ona görə də məhkəmədən ona köməklik edilməsini və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X4 bildirdi ki, o, 15 may 2025-ci ildə Qobustan şəhəri “Son” adlanan ərazidə xidmətdə olarkən 2 nəfərin əl-qolla və uca səslə bir-biri ilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşıb özünü təqdim edərək nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxslər ona “get işinlə məşğul ol” şəklində cavab verərək, mübahisələrini davam etdirmişlər. Hadisə baş verən vaxt özü tək olsa da, onların Qobustan RPŞ-yə aparılması üçün digər polis əməkdaşları köməyə gəlmişdir. Lakin həmin şəxslər şöbəyə gedərkən müqavimət göstərməmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil müdafiə etdiyi Şəxs əməlini səmimi etiraf etməsinin nəzərə alınaraq, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qobustan şəhərinin “Son” adlanan ərazisində X2 ilə uca səslə və əl-qol hərəkətləri ilə mübahisə etməsi, onları nizam-intizama dəvət edən polis əməkdaşının həmin qanuni tələblərinə tabe olmaması, polisə “get işinlə məşğul ol” şəklində cavab verməsi şahidin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, əsəbi olduğuna görə bu cür hərəkətlərə yol vermişdir, hazırda əməlindən peşmandır və özünü İXM-in 510cu və 535.1-ci maddələri ilə əsəbi olması səbəbindən qismən təqsirli bilir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 15 may 2025-ci ildə Qobustan şəhərinin “Son” adlanan ərazisində Orman Mirzəliyev ilə uca səslə və əl-qol hərəkətləri ilə mübahisə etmiş, onları nizam-intizama dəvət edən polis əməkdaşının həmin qanuni tələblərinə tabe olmamış, polisə “get işinlə məşğul ol” şəklində cavab vermiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, işdəki 15 may 2025-ci il tarixli inzibati qaydada tutmaq haqqında protokoldan görünür ki, Şəxs 15 may 2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 15 may 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar