Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-148/2025 30.05.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 23 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Baş X6 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında barəsində tərtib edilmiş 23 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun tərəfindən ödənilmiş cərimə məbləğinin qərarından şikayət verilən orqandan tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Turan Kərimli şikayətini onunla əsaslandırmışdır ki, 23 mart 2025-ci il tarixdə özünə məxsus “Kia Optima” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən DİN-in Baş X6 İdarəsinin Müşfiqabad qəsəbəsində yerləşən stasionar postunda İİİ tağım YPX inspektoru, polis baş serjantı X2 onun avtomobilini saxlayaraq ona Bakı-Şamaxı-Yevlax yolunun 24-cü kilometrliyində qanunun tələblərini pozaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığını, buna görə barəsində 100 manat və 3 cərimə balı ilə nəticələnən inzibati protokol tərtib edəcəyini bildirmişdir. Həmin inspektor ona qayda pozuntusunu Bakı-Şamaxı-Yevlax yolunun 24-cü kilometrliyində quraşdırılmış müşahidə kamerası vasitəsilə aşkar etdiyini, görüntülərə postdakı kompüterdə baxa biləcəyini qeyd etmişdir. O, həmin postda görüntülərə baxanda sözügedən inzibati xətanın törədilməsini sübut edən görüntünün şəffaf olmadığını, inzibati xəta törədildiyi anda idarə etdiyi avtomobilin qeydə alınmış görüntüsünün protokol tərtib edilməsi üçün kifayət etmədiyini bildirmişdir. Buna baxmayaraq, həmin inspektor onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (İXP6992809) və inzibati tənbeh vermə haqqında qərar (TP 7130640) tərtib etmişdir. Həmin gün bu barədə “AsanPay” mobil tətbiqi vasitəsilə, həmçinin DİN-in “102” xidmətinə şikayət etmişdir. Bundan sonra dəfələrlə elektron şəkildə nazirliyə, DİN-in “102”, “902” zəng xidmətlərinə şikayət etməsinə baxmayaraq, müraciətinin araşdırılması üçün onunla BDYPİ-dən heç kim əlaqə saxlamamışdır. 26 aprel 2025-ci il tarixdə avtomobilinin texniki baxışdan keçmə müddəti bitdiyinə görə 25 aprel 2025-ci il tarixdə həmin cəriməni ödəmək məcburiyyətində qalmışdır (cərimə ödənilmədiyi və ya qərar ləğv edilmədiyi halda avtomobilin texniki baxışdan keçirilməyəcəyini bildiyi üçün). 25 aprel 2025-ci il tarixdə BDYPİ-nin inzibati binasında olarkən öyrənmişdir ki, onun müraciətlərinə 14 aprel 2025-ci il tarixli məktubla cavab verilmiş və məktubda müraciəti ilə bağlı araşdırma zamanı yol polisi əməkdaşının xətanın aşkarlanması və sənədləşdirilməsində qanunvericiliyin tələblərini pozması hallarının müəyyən olunmadığı göstərilmişdir. Yol-patrul xidməti inspektoru Aslan Qarayev xüsusi texniki vasitənin köməyi ilə aşkar etdiyini bildirdiyi (həmin xətanın törədilməsini də sübut edən şəffaf görüntü olmadığına görə xətanı törətməsinin sübuta yetirilmədiyini hesab edir) inzibati xətaya görə qanunvericiliyin tələblərini kobud surətdə pozaraq idarə etdiyi nəqliyyat vasitəsini saxlamış, barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 3(001)- 3030/2025 saylı qərardadı ilə X1 23 mart 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları 21 may 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 30 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Şikayət vermiş şəxs X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək, məhkəmə iclasına işi ilə əlaqədar gələ bilməyəcəyindən, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş TP ******* seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXP6992809 seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, X3 23 mart 2025-ci il tarixində, saat 15:45-də Bakı-Şamaxı-Yevlax yolunun 69,8-ci kilometrliyində “Kia Optima minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Turan Kərimliyi ünvanladığı 14 aprel 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 23 mart 2025-ci il tarixdə “Kia” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı- Şamaxı-Yevlax yolunun 24-cü kilometrliyində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 69-cu maddələrinin tələblərinə zidd olaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyat apardığına görə o, İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Araşdırma zamanı inzibati xətaya yol verməsi qeydə alınmış videogörüntülər əsasında təsdiqlənmiş, yol polisi əməkdaşı tərəfindən xətanın aşkarlanması və sənədləşməsində inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunmamışdır. İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən X3 barəsində qəbul edilmiş TP ******* seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə olunmalıdır. Belə ki, hazırda mübahisələndirilən TP ******* seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 23 mart 2025-ci il tarixində, saat 15:45-də Bakı-Şamaxı-Yevlax yolunun 69,8-ci kilometrliyində “Kia Optima minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilsə də, şikayət ərizəsinin məzmununda və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Turan Kərimliyi ünvanladığı 14 aprel 2025-ci il tarixli məktubda sonuncunun 23 mart 2025-ci il tarixdə “Kia” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Şamaxı-Yevlax yolunun 24-cü kilometrliyində idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Göründüyü kimi, hazırkı halda 23 mart 2025-ci il tarixdə “Kia Optima minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X1 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsini araşdırmazdan əvvəl, hələ onun tərəfindən iddia olunan inzibati xətanın məhz dəqiq olaraq hansı ərazidə törədilməsi məsələsində qeyri-müəyyənlik mövcuddur. Mübahisələndirilən qərarın özündə inzibati xətanın Bakı-Şamaxı-Yevlax yolunun 69,8-ci kilometrliyində törədildiyi, şikayətin məzmununda və BDYPİ-nin məktubunda isə həmin yolun 24-cü kilometrliyində törədildiyi göstərilir. Bu, işin bütün hallarının hərtərəfli araşdırılmadığına dəlalət etməklə, hazırkı halda inzibati xətanın törədildiyi yerin müəyyən edilməsinə də imkan verməyərək aidiyyət məsələlərinin həll edilməsində də qeyrimüəyyənliyə səbəb olur. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən X3 barəsində qəbul edilmiş TP ******* seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, İXM-in 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən X3 barəsində qəbul edilmiş TP ******* seriya nömrəli, 23 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-148/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-148/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver