Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-149/2025 04.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru X1 iştirakı ilə, X2 11 may 2025-ci il tarixli, EQ27876786 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona yazılmış EQ27876786 saylı, 11 may 2025-ci il tarixli protokolun ləğv edilməsini xahiş etmişdir. İqbal Cəfərov şikayətini onunla əsaslandırmışdır ki, onun **-QK-*** dövlət nömrə nişanlı avtomobilinə yazılmış EQ27876786 saylı, 11 may 2025-ci il tarixli protokol qeyriqanunidir. Protokola əlavə olunmuş sübut kimi şəkillərin onun avtomobilinə heç bir aidiyyəti yoxdur. Əlavə olunan şəkillərin 2 ədədində nömrə müəyyən edilməmiş, bir ədədi isə polis postunda yaxın məsafədən polis əməkdaşı tərəfindən çəkilmiş şəkildir ki, bu şəkildə də məkanı müəyyənləşdirmək mümkün deyil. Protokola əlavə olunmuş sənədlərdə məkan kimi Bakı-Şamaxı yolunun 69,8-ci kilometrliyi qeyd edilsə də, xəritədə Müşfiqabad postu göstərilir. Qayda pozuntusu qeyd edilmiş şəkillərdə olan avtomobil gümüşü rəngdədir, onun avtomobili isə ağ rənglidir. Onun avtomobili “Chevrolet”, şəkildə olan avtomobil isə “Prado” markalı avtomobildir. 11 may 2025-ci il tarixində, saat 17:30 radələrində Bakı- Şamaxı yolunun Müşfiqabad DYP postunda özünü Mirzəyev Turqay kimi təqdim edən polis əməkdaşı onu saxlayaraq sənədlərini yoxlamış və sənəd yoxlama qaydasında yol verdiyi nöqsana görə bildirdiyi irada görə o, postdan uzaqlaşdıqdan sonra ona ədavət aparıb qeyri-qanuni EQ27876786 saylı, 11 may 2025-ci il tarixli protokol yazmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli, 3(005)- 1546/2025 saylı qərardadı ilə X2 DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş 11 may 2025-ci il tarixli, EQ27876786 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları 26 may 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 04 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış etdi və bildirdi ki, onun barəsində 11 may 2025-ci ildə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Halbuki, Qobustan rayonundan Bakı şəhərinə qədər olan yol ikitərəfli olmaqla, onlar arasında ya dəmir çəpər, ya da beton piltələr mövcuddur və o istəsə də belə, əks istiqamətli hərəkət zolağına çıxa bilməzdi. Ümumiyyətlə, həmin yol üzərində heç bir təmirdə olan ərazi yoxdur. Həmçinin, protokola əlavə edilmiş fotoşəkillərdən ikisindəki onun avtomobili deyil, “Toyota Prado” markalı başqa avtomobildir. Digər üçüncü şəkili isə onun yanında polis əməkdaşı postda telefon vasitəsilə yaxından çəkmişdir, həmin şəkildən isə məkanı müəyyən etmək mümkün deyil. Həmçinin, qərardan da görünür ki, həmin qərar Müşfiqabad postunda tərtib edilmişdir, halbuki, fotoşəkildəki ərazi başqa yerdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirdi ki, onun tərtib etdiyi protokol əsasında EQ27876786 saylı, 11 may 2025-ci il tarixli elektron qərar tərtib edilmişdir. İqbal Cəfərovun yolun əks istiqamətli hərəkət zolağına çıxmaması ilə bağlı bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, onun törətdiyi inzibati xətanın videogörüntüləri də mövcuddur. İqbal Cəfərovun mübahisələndirdiyi fotoşəkillər də həmin videogörüntüdən çıxarılmışdır. Bildirdi ki, İqbal Cəfərov Bakı-Şamaxı yolunun Qobustan rayonunun ərazisindən keçən təmir edilən hissəsində yol nişanları ilə iki istiqamətli hərəkət zolağının qeyd edildiyi yerdə və “Ötmə qadağandır” nişanının olmasına baxmayaraq, ayırıcı xətti kəsib əks istiqamətli hərəkət zolağına keçərək 3 avtomobili ötmüş, bununla da İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis baş serjantı X1 təqdim etdiyi videogörüntülər tədqiq edilmişdir. Videogörüntü izlənildikdən sonra X4 ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, videogörüntüdə əks olunanları xatırlamır. Bununla belə, müvafiq yol nişanlarının olmasına baxmayaraq, öz avtomobilinin əks istiqamətli hərəkət zolağına keçərək bir neçə avtomobili keçdiyini gördüyünü təsdiq etdi. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 may 2025-ci il tarixli, EQ27876786 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, X4 11 may 2025-ci il tarixində, saat 17:28-də Bakı-Şamaxı yolunun 69,8-ci kilometrliyində “Chevrolet Equinox minik” markalı, **-QK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, təqdim edilmiş videogörüntüləri tədqiq edərək hesab edir ki, həqiqətən də, 11 may 2025-ci il tarixində X4 tərəfindən sözügedən yerdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədilməsi anının videogörüntüləri ilə də öz təsdiqini tapmış, İqbal Cəfərov həmin görüntülərdə əks olunanları xatırlamadığını bildirsə də, həmin görüntülərdə öz idarə etdiyi “Chevrolet Equinox minik” markalı, **-QK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən də müvafiq yol nişanlarının olmasına baxmayaraq, öz avtomobilinin əks istiqamətli hərəkət zolağına keçərək bir neçə avtomobili keçdiyini müşahidə etdiyini təsdiq etmişdir. Qeyd edilənlər isə onu göstərir ki, X4 barəsində qəbul olunmuş 11 may 2025-ci il tarixli, EQ27876786 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 may 2025-ci il tarixli, EQ27876786 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 11 may 2025-ci il tarixli, EQ27876786 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-149/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-149/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver