Məhkəmə qərarları › İş №3(026)-162/2025

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-162/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-162/2025 11.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən, Qobustan Rayon Məhkəməsinin sədri Mayılov Samir İlham oğlu, X2 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Qobustan Rayon Məhkəməsinə X2 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-in 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu yuxarıda qeyd edilən 04 noyabr 2020-ci il tarixli Qərarında göstərmişdir ki, İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət İXM-in 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən verilməlidir. Şikayət ərizəsinə əlavə edilmiş və hazırda mübahisələndirilən 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın məzmununda hadisənin 23 may 2025-ci il tarixində “M-1 65.1 km, Xızı rayonu, Giləzi kəndi, Bakı istiqaməti” adlı ərazidə törədilməsi göstərilmişdir. Göründüyü kimi, Xələf Əzizovun mübahisələndirdiyi qərarda hadisənin Xızı rayonu ərazisində törədilməsi qeyd olunmuşdur. X1 qərardan verdiyi şikayətə yaşayış yeri üzrə baxılması haqqında vəsatət əlavə etməmişdir. İnzibati tənbeh tətbiq edilməsinə əsas olan hadisə Xızı rayonu ərazisində törədildiyindən və şikayət vermiş şəxs tərəfindən inzibati işə onun yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmədə baxılmasına dair vəsatət verilmədiyindən məhkəmə hesab edir ki, hazırkı şikayətə baxmaq səlahiyyəti törədilməsi ehtimal olunan inzibati xətanın baş verdiyi ərazi üzə Xızı Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən, sözügedən material baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması həll edilir. İXM-in 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, X2 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 110, 129 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X2 23 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar