Məhkəmə qərarları › İş №3(026)-164/2020

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-164/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-164/2020 28.08.2020 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağayev Zaur Qarabəy oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1976-cı ildə Qobustan rayonunun Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Sündü kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Sündü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində yaşadığı evə gələrkən qardaşı Arazın mobil telefonla digər qardaşı Rəşadla danışdığını görüb nə barədə danışdıqlarını soruşduqda Araz ona rəhmətlik atalarına məxsus olan VAZ-2106 markalı maşının dayanacaqdan çıxarılması üçün cəriməni ödəməsini istədiyini demişdir. Onu da demişdir ki, əgər Araz cəriməni ödəyə bilmirsə həmin cəriməni onlar ödəsinlər və avtomaşını cərimə meydançasından çıxartsınlar. Cavabında isə Rəşad həmin avtomaşını ondan xəbərsiz çıxarmaq istəyən şəxs barəsində nalayiq sözlər işlətmişdir. Qardaşı Arazın əlindən mobil telefonu alaraq Rəşadla danışmaq istədikdə isə Araz uca səslə söyüşlər söyərək danışmışdır. Arazla birlikdə Qobustan rayonuna gedib Rəşadla aralarındakı məsələni həll etmək üçün yola çıxmışlar. Bakı şəhərinin çıxışında qurulmuş “Karantin” postunu Qobustan rayonu Sündü kəndində qeydiyyatında olduğu üçün qanuni yollarla keçib Qobustan rayonuna gəlmiş və rayonda isə polis əməkdaşlarının onu və Arazı barələrində Rəşadın yazmış olduğu şikayət ərizəsi ilə tanış olmaq üçün Qobustan RPŞ-yə dəvət etmişlər. Qobustan RPŞ-nin qarşısında olarkən böyük qardaşı Qocayev Ayaz və onun oğlu Qocayev Rövşən də həmin yerə gəlmiş və avtomaşından aşağı enən kimi onlar barəsində kimin söyüş söydüyünü soruşaraq yüksək səslə söyüşlər söyərək onlar tərəfə gəlib Rövşən Arazın yaxasında yapışıb onu söymüş, onu isə təpiklə vurmuşdur. İşdə olan spirtli içkilərin qəbul edilməsinin sərxoşluq vəziyyətinin təyin edilməsi haqqında Qobustan rayon mərkəzi xəstəxanasının verdiyi xx xxxxxx 2020-ci il tarixli sənədin surətindən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar