Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-168/2025 12.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1969-cu il təvəllüdlü, Şamaxı rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X7 tərəfindən Şəxs barəsində İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli, 12 iyun 2025-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs tərəfindən 09 iyun 2025-ci il tarixdə, saat 16:00-da İXMin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X1 idarə etdiyi “VAZ- 21093” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X7 bildirdi ki, 09 iyun 2025-ci il tarixində Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yolun kənarındakı mal-qara Şəxs tərəfindən yolun asfalt hissəsinə ötürülmüş, həmin zaman yolda hərəkətdə olan X2 aid avtomobil heyvanlardan biri ilə toqquşmuş, bununla da “VAZ-21093” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Şəxs mal-qaranı yolun asfalt hissəsinə ötürməklə İXM-in 338.5.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətsə də, onun bu hərəkəti nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulduğundan onun barəsində protokol İXM-in 338.7-ci maddəsi ilə tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Qobustan Rayon İcra Hakimiyyətinin 1 saylı Yaşıllaşdırma İdarəsində mühafizəçi işləyir. 09 iyun 2025-ci il tarixində idarənin müdiri ona zəng edərək bildirmişdir ki, Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində yanacaq doldurma məntəqəsinin yaxınlığındakı yaşıllaşdırma ərazisinə mal-qara daxil olmuşdur. Onun vəzifəsi isə müvafiq yaşıllaşdırma ərazilərini mühafizə etmək olduğundan, müdirin zəngindən sonra o, atla həmin əraziyə getmişdir. Yağışlı havada heyvanları həmin ərazidən çıxaranda düşünmüşdür ki, həmin mal-qara Qobustan şəhər sakinlərinə məxsus heyvanlardır, ona görə də onları örüş istiqamətində ötürmək istəmişdir. Lakin sonradan bilmişdir ki, həmin mal-qara Nərimankənd sakinlərinə məxsusdur, ona görə də mal-qara onları ötürmək istədiyi tərəfə deyil, əks istiqamətə qaçaraq asfalt yola çıxmışdır. O da bu hala hazır olmadığına və bunu ehtimal edə bilmədiyinə görə hadisənin qarşısını ala bilməmişdir. Nəticədə isə inəklərdən biri yolla gələn avtomobillə toqquşmuş, inəyin ayağı sınmış, avtomobilə isə maddi zərər dəymişdir. Avtomobilə dəymiş maddi zərəri aradan qaldırmağa çalışacaqdır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, o, “VAZ-21093” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almışdır. 09 iyun 2025-ci ildə hadisə baş verən zaman özünün sürücülük vəsiqəsi olmadığına görə avtomobili X5 idarə etmiş, bu zaman özü də avtomobildə onun yanında əyləşmişdir. Onlar maşını təmirdən gətirərkən şəhərin Əlyar Vəliyev küçəsində qəfil yola qaçan inəklərdən biri ilə toqquşmuşlar. Onun avtomobilinə ilkin ehtimallara görə 1500 manata yaxın maddi zərər dəymişdir. O xahiş edir ki, onun avtomobilinə dəymiş zərər aradan qaldırılsın. İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-in 338.5-ci və 338.5.2-ci maddələrinə əsasən, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə səksən manat məbləğində cərimə edilir İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 iyun 2025-ci il tarixdə, saat 16:00 radələrində Qobustan şəhəri, Əlyar Vəliyev küçəsində mal-qara ötürərkən yol-hərəkəti qaydalarını pozmuş, yəni, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmüş və nəticədə zərər çəkmiş şəxs X2 maddi zərər vurulmasına səbəb olmuşdur. Şəxs özü də məhkəmə iclasında işin faktiki hallarını təsdiq edərək, həqiqətən də, şəhərin Əlyar Vəliyev küçəsində mal-qaranı yaşıllaşdırma sahəsindən çıxarmaq istəyərkən onların özündən asılı olmayaraq asfalt yola ötürüldüyünü və inəklərdən birinin zərər çəkmiş şəxsə aid avtomobillə toqquşaraq avtomobilə maddi zərər dəydiyini bildirmişdir. Bununla da Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə Şəxs işin faktiki halları barəsində səmimi etirafını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində İXM-in 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri də minimum həddə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-168/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-168/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver