Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-169/2025 13.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Vəkilov oğlunun, zərər çəkmiş şəxslər X1 və X6 iştirakı ilə, 26 avqust 1957-ci il təvəllüdlü, Şamaxı rayonu, Yekəxana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən Şəxs barəsində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli, 09 iyun 2025-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs 09 iyun 2025-ci il tarixdə, saat 23:00-da “VAZ 21214” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, X1 idarə etdiyi “Kia” markalı, **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınına maddi ziyan dəymişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X12 bildirdi ki, 09 iyun 2025-ci il tarixdə, saat təxminən 23:00 radələrində Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21214” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qobustan şəhəri, E.Vəliyev küçəsində hərəkətdə olarkən X1 istifadəsində olan patrul avtomaşınını arxa hissədən vurmuş, onun avtomobili isə qarşıda dayanmış X6 avtomobilini vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəymişdir. Sonradan Şəxs sərxoşluq vəziyyəti də müayinə olunarkən onun sərxoş olması müəyyən edilmişdir. Buna görə də onun barəsində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, özü keçmiş polis işçisidir, 34 il 3 ay daxili işlər orqanlarında işləmiş, sonra da təqaüdə çıxmışdır. Səmimi olaraq etiraf edir ki, həqiqətən də, sürücülük vəsiqəsi olmadan və sərxoş şəkildə “VAZ 21214” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 09 iyun 2025-ci il tarixdə, təxminən axşam saat 23:00 radələrində əvvəlcə patrul maşınını arxadan vurmuş, o isə qarşıda dayanmış avtomobili vurmuşdur. İdarə etdiyi “VAZ 21214” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşının adına rəsmiləşdirilmiş olsa da, faktiki ona məxsusdur. O, qardaşından avtomobil üçün etibarnamə almış olsa da, özünün sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs törətdiyi əməli səmimi etiraf etməsi nəzərə alınaraq, onun barəsində inzibati cərimə tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirdi ki, o, Qobustan RPŞnin Dövlət yol polisi bölməsi yol-patrul xidmətinin baş inspektoru, polis mayorudur. Qobustan RPŞ-nin xidməti istifadəsində olan “Kia Sportage” markalı, **-YP-*** dövlət nömrə nişanlı avtomaşın ona təhkim olunmuşdur. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq 09 iyun 2025-ci il tarixdə, saat təxminən 23:00 radələrində xidmətdə olan YPX inspektorlarını yoxlamaq üçün Qobustan RPŞ-yə gələrək “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə əraziyə çıxmışdır. Qobustan şəhəri, E.Vəliyev küçəsində hərəkətdə olan zaman arxa dövlət nömrə nişanlarının xarici işıq cihazları nasaz vəziyyətdə olan “VAZ 21214” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşına qayda pozuntusu ilə əlaqədar “saxla” işarəsi vermişdir. O, sürücü Cahid Baxışova yaxınlaşaraq özünü təqdim edib qayda pozuntusunu izah edərək inzibati xəta haqqında protokol yazmış, bundan sonra öz avtomobilinə qayıtmışdır. O, avtomobilinə əyləşdikdən sonra patrul avtomaşınına arxadan zərbə dəymiş, bununla da maşına təxminən 10000 manata yaxın maddi zərər dəymişdir. Toqquşma nəticəsində onun avtomobili də qarşıda dayanan Cahid Baxışova məxsus avtomobilə dəymişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X13 bildirdi ki, 09 iyun 2025-ci ildə gecə saatlarında Qobustan şəhəri, E.Vəliyev küçəsində onu yol polisi saxlamış, inzibati xəta törətdiyini bildirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra o, avtomobilinə əyləşib onu idarə etmək istəyərkən arxadan patrul avtomaşını onun avtomobilinə dəymişdir. Hazırda onun avtomobilinə əhəmiyyətli zərər dəysə də, nə qədər maddi ziyan dəydiyini dəqiq bilmir, yalnız usta onun maşınını sökdükdən sonra zərərin məbləğini dəqiq hesablaya biləcəkdir. İXM-in 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə əsasında inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 10 iyun 2025-ci il tarixli, 3613 nömrəli aktdan görünür ki, 10 iyun 2025-ci il tarixdə, saat 01:25-də müayinəyə gətirilən Şəxs alkoqol sərxoşluğu vardır və onun dərəcəsinin 1,164 promil olması aşkar edilir. İşdəki Qobustan RPŞ rəisinin 19 mart 2025-ci il tarixli əmrinin surətindən görünür ki, Qobustan RPŞ-nin xidməti istifadəsində olan “Kia Sportage” markalı, **-YP-*** dövlət nömrə nişanlı, 2020-ci il buraxılışlı avtomaşın RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis mayoru X2, YPX inspektorları, polis baş serjantı X11 və polis serjantı X8 təhkim edilmişdir. İşdəki AC 772251 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı nəqliyyat vasitəsinin sahibi X9r. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış məlumatlardan və Şəxs özünün bildirdiklərindən müəyyən edilir ki, onun sürücülük vəsiqəsi olmamışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 iyun 2025-ci il tarixdə, saat 23:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edərək, Qobustan şəhəri, E.Vəliyev küçəsində zərər çəkmiş şəxs Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidmətinin baş inspektoru X2 təhkim edilmiş “Kia Sportage” markalı, **-YP-*** dövlət nömrə nişanlı patrul avtomaşını arxa hissədən vurmuş, bununla həmin avtomaşına təxminən 10000 manata yaxın maddi zərər dəymiş, sonuncu avtomaşın isə zərbənin təsirindən qarşıda dayanmış X10 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” markalı nəqliyyat vasitəsini vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da məhkəmə iclasında törətdiyi əməli səmimi şəkildə etiraf edərək, özünü İXM-in 334.3-cü maddəsi ilə təqsirli bilmişdir. Bununla da Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İş materiallarından görünür ki, Şəxs 26 avqust 1957-ci ildə anadan olmuşdur. Bu isə o deməkdir ki, onun hazırda 68 yaşı var. İXM-in 30.2-ci maddəsinə əsasən, altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 68 yaşı olmasını nəzərə alan məhkəmə bildirir ki, İXM-in 30.2-ci maddəsinə uyğun olaraq onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Bu baxımdan onun barəsində İXM-in 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yalnız inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati cərimənin məbləği konkret olaraq 800 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə Şəxs müharibə veteranı olmasını da onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 30, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-169/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-169/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver