Məhkəmə qərarları › İş №3(026)-173/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-173/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-173/2024 29.05.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, zərərçəkmiş şəxs CAB-in əməliyyat müvəkkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı şəhəri, Təbriz küçəsi dalan 1, ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qobustan rayon Polis Şöbəsində tərtib olunmuş 29 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3 izahatında göstərdi ki, Şəxs 29 may 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının yaxınlığında uca səslə nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət edən polis əməkdaşlaının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 29 may 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin inzibati binasının həyətində olarkən polis əməkdaşları ona yaxınlaşaraq niyə dayandığını soruşmuşlar. O, da müstəntiq Camal Əliyevin yanına gəldiyini bildirmişdir. Polis əməkdaşları ona uca səslə danışdığını irad tutduğuna görə aralarında mübahisə yaranmışdır. Həmin vaxtı uca səslə daşınmamış və nalayiq ifadələr işlətməmişdir. Həmin vaxtı polis əməkdaşı ilə sözlə mübahisə etmişdir. Ola bildin ki, polis əməkdaşı onun səs tonuna görə onu səhv başa düşmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qobustan rayon Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili X5 izahatında göstərdi ki, Şəxs 29 may 2024-cü il tarixdə tanımadığı bir nəfər şəxsin uca səslə kimləsə danışdığını və söyüş söydüyünü görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də, həmin şəxs onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan rayon Polis şöbəsinin əməkdaşı X8 izahat verib bildirdi ki, 29 may 2024-cü il tarixdə pəməliyyat müvəkkili Nicat Əlverdiyevlə birlikdə Qobustan rayon polis şöbəsinin inzibati binasının həyətində xidmət aparan zaman bir nəfər şəxsin uca səslə kimləsə danışdığını və söyüş söydüyünü görüb ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. İşinə qayıtdığından həmin şəxsin konkret nə dediyini eşitməmişdir. İş materiallarında olan Qobustan rayon polis şöbəsinin 29 may 2024-cü il tarixli raportundan görünür ki, 29 may 2024-cü il tarixdə Bədəlov X4 rayon polis şöbəsinin inzibati binasının yaxınlığında uca səslə danışaraq nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatları ilə Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozması faktını təsdiqini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən olis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar