Məhkəmə qərarları › İş №3(026)-194/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-194/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-194/2025 30.06.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxxx 1964-cü ildə Şamaxı rayonu, Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Elşən Eyvazov tərəfindən HK-1/164 nömrəli material üzrə qəbul edilmiş 24 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla Qobustan rayonu, Cəyirli kənd sakini X2 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Qobustan rayonu, Cəyirli kənd sakini Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surətinin Qobustan RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində 30 iyun 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 25 may 2025-ci il tarixdə 08 radələrində Qobustan rayonu, Cəyirli kəndində Şəxs həmkəndlisi Payızxanım Zülfiqarovanı döymüşdür. Nəticədə Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt təhqiqat araşdırması ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, 25 may 2025-ci ildə, səhər saatlarında Şəxs Payızxanım Zülfiqarovaya xəsarət yetirməsinə dair şöbəyə məlumat daxil olmuş, həmin məlumatla əlaqədar olaraq araşdırma aparılmışdır. Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı Elşən Eyvazov tərəfindən həmin araşdırma üzrə qəbul edilmiş 24 iyun 2025-ci il tarixli qərarla Qobustan rayonu, Cəyirli kənd sakini X2 müraciəti əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Qobustan rayonu, Cəyirli kənd sakini Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati icraat aparılması üçün qərarın surətinin Qobustan RPŞ-nin İTByə göndərilməsi qərara alınmışdır. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, 25 may 2025-ci il tarixdə, saat təxminən 08 radələrində Qobustan rayonu, Cəyirli kənd sakinləri X3 və qonşusu Şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs qonşusu X1 qolunun said nahiyəsini cırmaqla cıraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində 30 iyun 2025-ci il tarixdə İXM-in 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək qeyd etdi ki, 25 may 2025-ci ildə Payızxanım Zülfiqarova ilə sonuncunun onun evinin arxasında bulaq tikməsi səbəbi ilə evdə nəmişliyin yaranmasına görə şifahi mübahisələri olmuş, lakin o, Payızxanım Zülfiqarovanı cırmaqlamamış, ona ümumiyyətlə toxunmamışdır. Həmin mübahisə zamanı onların arasında çəpər də olmuşdur. Tələb edir ki, onun dırnaqlarından yaxma götürülərək Payızxanım Zülfiqarovanın həqiqətən də onun tərəfindən cırmaqlanıbcırmaqlanmadığı müəyyən edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs da təqsirləndirildiyi maddə üzrə özünü təqsirli bilməməsi nəzərə alınaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, həqiqətən də, Şəxs ilə aralarında özünün Şəxs evinin arxasında bulaq tikməsi ilə bağlı mübahisə olmuş, bu zaman Şəxs onun barəsində ağır ifadələr işlətmiş, aralarında olan tor çəpərə yaxınlaşdıqda isə hündürlüyü az olan çəpərin üzərindən əl ataraq qolunu cırmaqlamışdır. Bundan sonra səs-küyə bacısı Nərgiz Zülfiqarova da çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, 25 may 2025-ci ildə səhər saatlarında səs-küy gəlməsi səbəbindən evdən çölə çıxmış, bu zaman Şəxs bacısı Payızxanım Zülfiqarovaya qarşı ağır sözlər işlətdiyini, onun qolunu cırmaqladığını görmüşdür. Bu zaman səs-küyə Şəxs bacısı da çıxmışdır. O, öz bacısı Payızxanım Zülfiqarovanı oradan uzaqlaşdırıb evə aparmış, onun qolundakı cırmaq yarasını spirtləyib təmizləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, 25 may 2025-ci ildə səhər saatlarında səs-küy eşitdiyinə görə evdən çölə çıxanda bacısı Şəxs ilə çəpər qonşuları Payızxanım Zülfiqarova və Nərgiz Zülfiqarovanı görmüş, bacısı çəpərin özlərinə aid hissəsində, qonşuları isə onlara aid hissədə olmuş, bu zaman aralarında şifahi mübahisə olsa da, o, kiminsə bir-birinə əl-qol atmasına və ya cırmaqlamasına şahidlik etməmişdir. İXM 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə surəti olan məhkəmə-tibbi ekspertizasının 27 may 2025-ci il tarixli, 36 saylı rəyindən görünür ki, X2 almış olduğu xəsarətlər – sol said nahiyəsinin sıyrıqları küt əşya təsirindən törənməklə 25 may 2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X2 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. İşdəki cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 iyun 2025-ci il tarixli qərardan göründüyü kimi, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, 25 may 2025-ci il tarixdə, saat təxminən 08 radələrində Qobustan rayonu, Cəyirli kənd sakinləri X3 və qonşusu Şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs qonşusu X1 qolunun said nahiyəsini cırmaqla cıraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib araşdıraraq hesab edir ki, zərərçəkmiş şəxs X1 qolunun said nahiyəsini cırmaqla ona fiziki ağrı yetirdiyindən Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları və zərərçəkmiş şəxsin ifadəsi ilə sübuta yetirilərək öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib həmin maddə çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bacısı, şahid qismində dindirilmiş X5 ifadəsinə münasibətdə bildirir ki, onun özü də səs-küy səbəbi ilə evdən çölə çıxarkən orada bacısı Şəxs ilə yanaşı, qonşuları Payızxanım Zülfiqarovanın və Nərgiz Zülfiqarovanın olduğunu təsdiq etmişdir. Bu isə onu deməyə əsas verir ki, bacısının zərərçəkmiş şəxsi cırmaqlamasını İlhamə Həsənova görmək imkanında olmamış, bu hadisə onun çölə çıxmasından əvvəl baş vermişdir. Digər şahid Nərgiz Zülfiqarova isə bacısı Payızxanım Zülfiqarovanın qolunda cırmaq izləri olduğunu, həmin izləri özünün spirtləyərək təmizlədiyini qeyd etmişdir. Bundan əlavə, məhkəmə Şəxs onun dırnaqlarından yaxma götürülərək Payızxanım Zülfiqarovanın həqiqətən də onun tərəfindən cırmaqlanıb-cırmaqlanmadığının müəyyən edilməsi ilə bağlı tələbinə dair isə bildirir ki, hadisənin baş verdiyi 25 may 2025-ci il tarixindən artıq 1 ay 5 gün keçdikdən sonra qeyd edilən halın yenidən araşdırılması qeyrimümkün olmaqla yanaşı, Şəxs bildirdikləri iş materialları ilə təkzib olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı, hazırda müəyyən edilir ki, Şəxs xx xxxx 1964-cü ildə anadan olmuşdur, yəni hazırda onun 61 yaşı vardır. Bu səbəblə də İXM-in 30.2-ci maddəsinə uyğun olaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq oluna bilməz. İXM-in 30.2-ci maddəsinə əsasən, altmış yaşına çatmış qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs zərərçəkmiş şəxs X1 qolunun said nahiyəsini cıraraq ona fiziki ağrı yetirməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun 60 yaşının tamam olmasını nəzərə alaraq bildirir ki, Şəxs İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunması məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar