Məhkəmə qərarları › İş №3(026)-195/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-195/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-195/2021 06.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Mustafayeva Bahar Elman qızının katibliyi ilə, Qobustan rayon prokurorunun köməkçisi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon prokurorluğundan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 avqust 2021-ci il tarixli qərarında göstərilir ki, Şəxs 15 iyul 2021-ci il tarixdə saat 17 radələrində **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Qobustan rayon polis şöbəsinin DYPB-nin YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, onun barəsində protokol tərtib edilərkən polis əməkdaşı X9 ilə aralarında mübahisə yaranmış, X2 polis əməkdaşının qanuni tələbinə tabe olmadığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 əməlini etiraf edərək bildirdi ki, 15 iyul 2021-ci il tarixdə təxminən saat 17 radələrində özünə məxsus “QAZ 3110” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Qobustan rayonuna gəlmişdir. Həmin vaxt onun avtomobilində bacısı X3 və onun həyat yoldaşı X1 da olmuşdur. Onlar birlikdə Qobustan rayonunun Xilmilli kəndinə getmişlər. Oraya getməkdə məqsədləri qaraciyərində olan xəstəliyi ilə əlaqədar solmazçiçəyi gülü yığmaq olmuşdur. Qobustan-Xilmilli yolunda olarkən yol-patrul xidməti əməkdaşı idarə etdiyi “KİA” markalı avtomobillə onun arxasınca hərəkətdə olmuşdur. Yolpatrul xidməti əməkdaşı arxadan avtomobilinin uzaqvuran işıqları ilə ona işarə verərək avtomobilini saxlamağını istəmişdir. O da avtomobili yolun sağ hərəkət hissəsində saxlamışdır. Adının sonradan Faiq olduğunu bildiyi həmin yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq sürücülük vəsiqəsini istəmişdir. O, sürücülük vəsiqəsini təqdim edərək Faiqdən hansı səbəbə onu saxladığını soruşmuş, Faiq isə ona təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxladığını bildirmişdir. Doğrudan da o, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Faiq adlı polis əməkdaşı onun barəsində inzibati protokol tərtib edəcəyini demiş və o da Faiqə etiraz əlaməti olaraq kənd yolunda təhlükəsizlik kəmərindən istifadə etməyə nə gərək olduğunu bildirdiyinə görə aralarında mübahisə başlamış və o, Faiqdən sürücülük vəsiqəsini tələb etmişdir. Faiq isə təkidlə vəsiqəsini ona verməyəcəyini demişdir. Daha sonra o, Faiqə tərəf gələrək onun əlindən sürücülük vəsiqəsini götürmək istədikdə Faiqin əlindəki qara rəngli balaca bir aparat onun əlinə keçmişdir. Faiq də həmin aparatı ondan geri tələb etdikdə, o, aparatı qaytarmamış və əvəzində sürücülük vəsiqəsini istəmişdir. Eyni zamanda Faiqin qolundakı saatın qulpu açılmış və saat yerə düşmüşdür. Onların mübahisəsi istər-istəməz böyümüş və Faiq yol patrul xidməti avtomobilində olan radiostansiya vasitəsilə Qobustan rayon Polis Şöbəsi ilə əlaqə saxlayaraq polis əməkdaşlarını oraya çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları gəlmiş və onu rayon Polis Şöbəsinə dəvət etmişlər. O da özünə məxsus avtomobillə rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində onun barəsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə protokol tərtib edildikdən sonra o, çıxıb getmişdir. 16 iyul 2021-ci il tarixdə təxminən saat 09 radələrində yenidən Qobustan rayon Polis Şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid X9 izahatında göstərdi ki, Qobustan rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində işləyir. 15 iyul 2021ci il tarixdə Qobustan rayonu ərazisində, Qobustan-Xilmilli yolunda “KİA’ markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olmuşdur. Təxminən saat 17 radələrində “QAZ 3110” markalı, 10-ZN-66'/ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün həmin sürücüyə saxla əmri vermiş və sürücü əmrə tabe olaraq avtomobili yolun sağ hərəkət zolağında saxlamışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmək istədikdə, sonradan adının Şəxs olduğunu bildiyi sürücü avtomobilindən düşərək onunla kobud formada danışmağa başlamışdır. O Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etdiyi üçün saxla əmri verdiyini izah etsə də, Şəxs ona “kənd yolunda təhlükəsizlik kəmərindən istifadə etmirlər” demişdir. Bundan sonra, vətəndaş sürücülük vəsiqəsini ona təqdim etmiş və o, vətəndaşa “Yol hərəkəti haqqında” Qanunun tələblərini izah edərək onun barəsində mütləq inzibati protokol tərtib edəcəyin demişdir. Həmin vaxt Şəxs əsəbiləşərək kobud formada danışmağa başlamış və sürücülük vəsiqəsini onun əlindən almağa çalışmışdır. O isə əlini arxa tərəfə hərəkət etdirərək sürücülük vəsiqəsini yoxlayacağını, daha sonra qaytaracağını demişdir. Artıq Şəxs ona qulaq asmadığını və tələblərinə tabe olmadığını görüb, radiostansiya vasitəsilə rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayaraq, sürücünün tabesizlik göstərməsi barədə məlumat vermişdir. Bundan təxminən 15-20 dəqiqə sonra rayon Polis Şöbəsinin bir neçə əməkdaşı gələrək Şəxs Polis Şöbəsinə dəvət etmişlər və o, öz avtomobili ilə rayon Polis Şöbəsinə getmişdir. O, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati protokol tərtib etmiş və eyni zamanda Şəxs onun qanuni tələbinə tabe olmadığı üçün raportla rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Həmin raport əsasında rayon X8 Təhlükəsizlik Bölməsində müvafiq araşdırma başlanılmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon prokurorluğunun 24 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məlumat üzrə ilkin araşdırma RPŞ-nin İTB-də aparılaraq toplanmış material üzrə 16 iyul 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Qobustan rayon məhkəməsinə göndərilmişdir. Qobustan rayon məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, toplanmış inzibati material yenidən araşdırılması və Şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü rayon prokurorluğuna göndərilmiş və araşdırma aparılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci və 315-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, A.R. Həmzəyev Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar