Məhkəmə qərarları › İş №3(026)-199/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-199/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-199/2025 08.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1996-cı il təvəllüdlü, Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 08 iyul 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-398/2024 saylı, 04 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün cəmi 340 manat aliment pulu hər ay Şəxs tutularaq X1 ödənilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və aliment borcunu ödəməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2(026)-398/2024 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 iyul 2024cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. Həmin icra sənədi Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 05 dekabr 2024-cü tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu tərəfindən aliment borcu ödənilmədiyindən, onun işlədiyi "xxxx" MMC-yə borclunun əmək haqqından tutulma aparılması ilə bağlı 07 mart 2025-ci il tarixli müraciət olunmuş, lakin borclunun əmək haqqından 1 ay cəmi 240 manat aliment tutulduqdan sonra, o öz ərizəsinə əsasən işdən çıxmışdır. Bu isə onu göstərir ki, Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınmağa çalışır. Həmçinin Şəxs inzibati məsuliyyət barədə xəbərdarlıq məktubu göndərilmiş, yazılı izahatı alınmışdır. Lakin Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2(026)-398/2024 saylı icra sənədi üzrə indiyədək cəmi 500 manat məbləğində aliment ödənişi edilmiş, həmin icra sənədi üzrə artıq 3240 manat məbləğində aliment borcu yığılmışdır. Onun icra şöbəsində izahatı alınarkən borcluya aliment borcundan müəyyən məbləğdə ödənişlərin edilməsi təklif olunsa da, o, bundan imtina etmiş, izahatında gələcəkdə işləyəcəyi təqdirdə ödənişlər edəcəyini bildirmişdir. Tələbkar tərəfindən borclunun ona hər hansı ödəniş etməsi ilə bağlı məlumat verilməmiş, əksinə, onun tərəfindən müəyyən narazılıqlar ifadə edilmişdir. Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2(026)-398/2024 saylı icra sənədi üzrə aliment borcunu ödəməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, aliment ödənişlərini rəsmi qaydada etməmiş olsa da, daim öz uşaqlarının qayğısına qalmış, işləyib qazandığı pulları uşaqları üçün xərcləmişdir. Həmçinin qeyd etdi ki, o həqiqətən əvvəllər işləsə də, sonradan onu işdən çıxarmışlar, lakin o öz ərizəsi ilə işdən çıxmamışdır. Hazırda aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Bu baxımdan onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməməsini istəyir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs barəsində tətbiq olunacaq inzibati tənbehin seçilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2(026)-398/2024 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 16 iyun 2018-ci il təvəllüdlü X2 və 01 dekabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 26 iyul 2024-cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 05 dekabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 2(026)- 398/2024 saylı, 04 dekabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq məktubu göndərilmiş, yazılı izahatı alınmışdır. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2(026)-398/2024 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə hazırda 3240 manat məbləğində aliment borcu yaranmışdır. Qeyri-rəsmi ödənişlər etdiyini qeyd etsə də, həmin icra sənədi üzrə rəsmi qaydada aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, maddi və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar