Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-200/2025 18.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Taləddin Qubatov şikayətini onunla əsaslandırmışdır ki, 26 iyun 2025-ci il tarixdə, saat 17:20 radələrində idarə etdiyi “Kamaz-6520” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ daş karxanasından mişar daşı yükləyib Şamaxı rayonu istiqamətində gələrkən Qobustan şəhəri yaxınlığında onun telefonuna SMS gəlmişdir ki, daşıdığı yük normadan artıqdır, yəni 34480 kq yükü olduğu göstərilmişdir. Bu isə onun idarə etdiyi yük maşını üçün guya artıq çəkidir. O, yüklədiyi mişar daşının sayına görə əmin idi ki, gətirdiyi yük normadan artıq deyil. Ona görə də dərhal yaxınlıqda olan Qobustan şəhəri “TEZ” məntəqəsinə dönmüş və maşını yüklə birlikdə tərəziyə çıxarıb çəkdirmişdir. Bu zaman maşınla birgə yükün çəkisi 32380 kq olmuşdur. Bu da normadan aşağı deməkdir. Yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 353.2-ci maddəsi ilə ona hesablanan 600 manat məbləğində cərimənin tətbiq olunması üçün çıxarılmış qərar əsassızdır. Sübut kimi maşınının yüklə birlikdə Qobustan “TEZ”də çəkilmiş yükünün sənədini, avtomaşının fotoşəkillərini, diski ərizəsinə əlavə edir. Şamaxı Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 3(074)-260/2025 saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli, 28852545 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilmiş və şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları 08 iyul 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 18 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, 26 iyun 2025-ci ildə Qaradağ daş karxanasından mişar daşı yükləyib Şamaxı rayonu istiqamətində hərəkət edərkən Qobustan şəhərində olan zaman icazə verilən çəkidən artıq çəkidə yük daşımasına dair onun telefonuna SMS gəlmiş, bundan sonra o, 35 dəqiqə ərzində avtomaşını yüklə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin taxılçılıq mərkəzində yerləşən elektron tərəziyə çatdıraraq orada çəkdirmişdir. Bu zaman bunun videoçəkilişini də aparmış, avtomaşını üçün limit 32000 kq olsa da, qanunvericiliklə müəyyən edilmiş 5 faizlik istisna çərçivəsində 32380 kq yük daşıdığı, yəni İXM-in 353.2-ci maddənin tələblərini pozmadığı müəyyən edilmişdir. Onun avtomaşınının 34880 kq olaraq qeyd edildiyi yerdən 32380 kq göstərildiyi tərəziyə çatdırıldığı vaxtadək yükü eyni olmuşdur. Çəkilər arasındakı fərq təxminən 2 ton yarım olduğundan onun ən azı 125 ədəd daşı maşından boşaltması lazım idi. Ona görə də hesab edir ki, onun barəsindəki qərar əsassız olmuşdur və şikayəti təmin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, “M-4, 55,3 km”, Qobustan rayonu, Cəngi kəndi, Şamaxı istiqamətində 26 iyun 2025-ci il tarixində saat 17:20:28-də “Kamaz 6520 yük” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həqiqətən də, 26 iyun 2025-ci il tarixində, saat 17:20:28-də X2 tərəfindən Qobustan rayonu, Cəngi kəndində **-KG-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 6520 yük” markalı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməkə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarının 6-9-cu səhifələrində olan portaldan çıxarılmış görüntülərdən görünür ki, 26 iyun 2025-ci ildə, saat 17:20:28-də X2 tərəfindən Qobustan rayonu, Cəngi kəndində **-KG-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 6520 yük” markalı nəqliyyat vasitəsi maksimum icazə verilən kütlə 32000 kq olmalı olsa da, faktiki olaraq 34880 kq olaraq idarə edilmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs tərəfindən həqiqətən də yolverilən kütlə aşılmaqla nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Eyni zamanda fotoşəkillərdən də göründüyü kimi, sözügedən nəqliyyat vasitəsinin nə eyni, nə də əks istiqamətində paralelində hər hansı avtomaşın da hərəkət etməmişdir. Taləddin Qubatov tərəfindən şikayətə əlavə olunmuş Qobustan TEZ tərəfindən verildiyi göstərilən 26 iyun 2025-ci il tarixli qəbzdə **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 32380 kq olduğu qeyd edilmiş, giriş saatı isə 18:09:15 olaraq göstərilmişdir. Lakin şikayət vermiş şəxsin özünün bildirdiyindən, eləcə də tədqiq edilən foto və videogörüntülərdən də aydın olduğu kimi, onun yükü mişar daşı olsa da, sözügedən qəbzdə daşınan şeyin arpa olduğu göstərilmişdir. Bu uyğunsuzluqla yanaşı, yükün 34880 kq olaraq çəkilməsindən sonra Taləddin Qubatovun iddia etdiyi kimi 32380 kq olaraq çəkilməsi arasında təxminən 50 dəqiqə fərqin olması yük maşınından bir qədər mişar daşının boşaldıla biləcəyinə dair ağlabatan şübhə yaradır. Qeyd edilənlər onu göstərir ki, X2 barəsində qəbul olunmuş 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 127.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 26 iyun 2025-ci il tarixli, EQ28852545 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-200/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-200/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver