Məhkəmə qərarları › İş №3(026)-201/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-201/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-201/2025 18.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı qərarının ləğv edilməsi və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müşviq Surxayev şikayətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Mərkəzi Məlumat Xidmətinin 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı inzibati xəta haqqında qərarı əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində tərtib edilmiş qərarda qeyd edilir ki, 03 iyun 2025-ci il tarixdə, saat 22:07:53-də idarə etdiyi “X7 1844LS yük” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil Qaradağ rayonu, Səngəçal qəsəbəsindən Bakı istiqamətində hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmişdir. “X7 1844LS yük” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük götürərək Bakıya gətirmişdir. Həmin yük yerində çəkilərkən avtomobillə birlikdə 39200 kq olmuşdur. Yük avtomobilə yüklənərkən o sertifikatı olan tərəzidə çəkdirilir ki, yolda hərəkətdə olarkən hər hansı bir problem yaranmasın. Yük sertifikatı olan tərəzi ilə çəkilmiş və bu barədə rəsmi olaraq sənəd də verilmişdir. Həmin sənəddə də göstərilir ki, yük 39200 kq olmuşdur. Avtomobilin maksimum 40000 kq yük aparılmasına limiti vardır. Həmin yük təhvil verilərək çəkilmiş və 39200 kq olması barədə sənəd verilmişdir. Lakin həmin avtomobildə 42750 kq yük olması barədə protokol tərtib edilmişdir. Həmin vaxt paralel istiqamətdə başqa avtomobillər də keçir və buna görə də tərəzidə ağırlıq düzgün göstərilməmişdir. Göründüyü kimi, avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Onun şirkətinə məxsus avtomobildə artıq yük olmamış və yükün çəkildiyini bildiyi halda avtomobildə artıq yük götürülməsi inandırıcı deyil. Onun tərəfindən şikayətə vəsatət də əlavə olunaraq, işin ərazi aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edərkən X5 yenidən ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin sənədlərlə birlikdə Qobustan Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 3(002)- 1307/2025 saylı qərardadı ilə X1 DİN-nin BDYPİ-nin 08 iyun 2025-ci il tarixli, EQ28425477 nömrəli qərarından verdiyi şikayətin yaşayış yeri üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları 08 iyul 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 18 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, əvvəlcə Qaradağ Rayon Məhkəməsində şikayətinə baxılmasını istəsə də, məhkəmə iclasında olarkən oxşar mahiyyətli digər işlərdə şikayətlərin heç birinin təmin edilmədiyinin şahidi olmuş, düşünmüşdür ki, onun da şikayəti Qaradağ Rayon Məhkəməsində baxılsa, təmin edilməyəcək, lakin Qobustan Rayon Məhkəməsində şikayətinə baxılarsa, təmin olunacaq. Ona görə də ərizə verərək şikayətinin Qobustan Rayon Məhkəməsinə göndərilməsini istəmişdir. Qeyd etdi ki, o, idarə etdiyi avtomobilə 39300 kq yük yükləmiş, bununla bağlı qəbz almışdır. Lakin Qaradağ postunu keçdikdən təxminən 15 dəqiqə sonra ona cərimə olunması barədə bildiriş gəlmişdir. O, maşını yüklə birlikdə 2 yerdə çəkdirmiş, birində yükün çəkisinin 39200 kq, digərində isə 39300 kq olduğu göstərilmişdir. Hesab edir ki, onun yüklə birlikdə avtomobilinin çəkisinin 42750 kq olması əsassız olmuşdur və dövlətin nəzarətində olan tərəzi işləməmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, “M-2, 47,9 km”, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində 08 iyun 2025-ci il tarixində saat 01:18:16-da “X7 1844LS yük” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həqiqətən də, 08 iyun 2025-ci il tarixində, saat 01:18:16-da X2 tərəfindən Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində **-UU-*** dövlət qeydiyyat nişanlı, “X7 1844LS yük” markalı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməklə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarının 10-cu səhifəsində olan Azərbaycan Respublikası DİN-nin DYP web portalından çıxarılmış görüntülərdən görünür ki, 08 iyun 2025-ci ildə, saat 01:18:16-da X2 tərəfindən Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində **-UU-*** dövlət qeydiyyat nişanlı, “X7 1844LS yük” markalı nəqliyyat vasitəsi maksimum icazə verilən kütlə 40000 kq olmalı olsa da, faktiki olaraq 42750 kq olaraq idarə edilmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs tərəfindən həqiqətən də yolverilən kütlə aşılmaqla nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Müşviq Surxayev tərəzinin işləmədiyini və paralel istiqamətdə başqa avtomobillərin də keçdiyini bildirmişdir. Lakin şəkillərdən də göründüyü kimi, aralarında ən azı 2 zolaq olmaqla yolun əks istiqamətində başqa bir nəqliyyat vasitəsinin sürətlə hərəkət edib keçməsi tərəzinin göstəricisində 2-3 ton çəki fərqinin yaranmasına səbəb olmaq imkanına malik deyil. Bu baxımdan şikayətin həmin dəlili əsassızdır. Müşviq Surxayev tərəfindən şikayətə "xxxx" MMC tərəfindən verildiyi göstərilən 07 iyun 2025-ci il tarixli və “X9” tərəfindən verildiyi göstərilən 08 iyun 2025-ci il tarixli qəbzlərdə müvafiq olaraq çəkinin 39320 kq və 39200 kq olmuşdur. Lakin məhkəmə həmin çəkimi həyata keçirən qurumların və ya şəxslərin bu barədə verdiyi rəy və ya qəbzlərin mötəbər olmadığını, bu cür üzərində hər hansı möhür olmayan, yaxud da xüsusi blankda tərtib edilməyən sənədlərin istənilən şəxs tərəfindən tərtib olunmasının mümkün olduğunu bildirir. Bundan əlavə, əgər həmin sənədləri verən şəxslərin müvafiq səlahiyyətinin olması qəbul edilsəydi belə, inzibati xətanı törətdikdən əvvəl və ya sonra avtomobilin çəkimi zamanı ondan müəyyən bir hissədə yükün boşaldılması imkanı da mövcuddur və bunun belə olmadığını təsdiq edən hər hansı sübut da təqdim edilməmişdir. X4 açıq şəkildə məhkəmə iclasında qəbul etmişdir ki, o, əvvəlcə Qaradağ Rayon Məhkəməsində şikayətinə baxılmasını istəsə də, məhkəmə iclasında olarkən oxşar mahiyyətli digər işlərdə şikayətlərin heç birinin təmin edilmədiyinin şahidi olmuş, düşünmüşdür ki, onun da şikayəti Qaradağ Rayon Məhkəməsində baxılsa, təmin edilməyəcək, lakin Qobustan Rayon Məhkəməsində şikayətinə baxılarsa, təmin olunacaq. Ona görə də ərizə verərək şikayətinin Qobustan Rayon Məhkəməsinə göndərilməsini istəmişdir. Qeyd edilənlər onu göstərir ki, X2 barəsində qəbul olunmuş 08 iyun 2025-ci il tarixli, EQ28425477 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 127.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 08 iyun 2025-ci il tarixli, EQ28425477 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar