Məhkəmə qərarları › İş №3(026)-203/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-203/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-203/2025 10.07.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 09 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 08 iyul 2025-ci il tarixdə Qobustan şəhəri ərazisində “Son” adlanan yerdə içkili vəziyyətdə uca səslə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri edib, polisin qanuni tələblərinə tabe olmayıb. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, 08 iyul 2025-ci il tarixdə onun icraatına Qobustan RPŞ-nin İTB-nin YYÇPİTQ-nin inspektoru Zöhrab Hüseynovun raportu daxil olmuşdur. Həmin raportda göstərilmişdir ki, 08 iyul 2025-ci il tarixdə Qobustan şəhəri “Son” adlanan ərazidə bir nəfər şəxsin yüksək səslə və əl-qol hərəkəti ilə söyüş söyərək uca səslə hay-küy saldığını eşitmiş, yaxınlaşıb özünü təqdim edib dəfələrlə sakitləşməsini, nizam-intizamlı olmasını bildirsə də, o, polisin qanuni tələbinə məhəl qoymayaraq “get öz işinlə məşğul ol” deyərək öz intizamsız və qanunsuz hərəkətlərini davam etdirdiyi, eyni zamanda polisin qanuni tələblərinə məhəl qoymadığı üçün onun RPŞ-yə gətirilməsi zərurəti yaranmışdır. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Buna görə də onun tərəfindən vətəndaş Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də, o, 08 iyul 2025-ci ildə Qobustan şəhərinin “Son” adlanan ərazisində dostları ilə pivə içirdi, təxminən 3-4 bakal pivə içmişdir. Bu vaxt həyat yoldaşı zəng edərək həyətdə polislərin olduğunu bildirmiş, polislərin olduğu maşının nömrəsini ona demişdir. Maşının nömrəsini deyəndə bilmişdir ki, həmin maşın Mübariz Əlibəylinin maşınıdır. Bununla bağlı maraqlandıqda öyrənmişdir ki, Mübariz Əlibəyli orada Zöhrab Hüseynovla birgə olmuşdur. O, “Son” ərazisində olarkən elə Mübariz Əlibəylinin babası Əlibəyi dükanında görüb ona yaxınlaşmış və öz narazılığını bildirmişdir. Bu zaman Zöhrab Hüseynov da təsadüfən oraya gəlmişdir. Bu çərçivədə aralarında bir qədər şifahi mübahisələri olmuş, sonradan onu Qobustan RPŞ-yə aparmışlar. O, verilmiş suallara cavab olaraq bildirdi ki, onun 4 uşağının olmasına və yaşayış yerinin olmamasına görə Qobustan RİH ailəsi ilə birgə yaşaması üçün onu müvəqqəti olaraq anbarlar ərazisindəki inzibati binada yerləşdirmişdir. O, səhv etdiyini dərk edir, həmin vaxt içkili olduğu üçün bu cür hərəkətlərə yol vermişdir. Ona görə də barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin İTB-nin inspektoru X2 bildirdi ki, həqiqətən də, o, 08 iyul 2025-ci il tarixdə Şəxs yaşadığı ərazinin yaxınlığında olmuşdur. Lakin həmin yer Şəxs həyəti deyil, anbarların ərazisidir. Ümumiyyətlə, anbarların ərazisində kamaz, traktor və digər vasitələr də işləyir. O da Mübariz Əlibəyli ilə birgə xidməti zərurətlə əlaqədar olaraq həmin ərazidə dayanıb bir şəxsin gəlməsini gözləyirdilər. Onların Şəxsla hər hansı bir məsələsi olmamışdır. O, həmin gün Qobustan şəhərinin “Son” adlanan ərazisinə gəldikdə görmüşdür ki, Şəxs uca səslə polis yoldaşı Mübariz Əlibəylinin babası Əlibəy ilə mübahisə edir. Bunun səbəbini soruşduqda isə içkili vəziyyətdə olan Şəxs uca səslə narazılıq etməyə başlamış, guya orada nəşə çəkmələrinə dair onlara şər atmışdır. Buna görə də o, Şəxs oradan Qobustan RPŞ-yə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin İTB-nin xidmət üzrə baş inspektoru X1 bildirdi ki, həqiqətən də, 08 iyul 2025-ci ildə xidməti zərurətlə əlaqədar olaraq Zöhrab Hüseynovla birgə anbarların həyətində olmuşlar. Olduqları maşının kənardan görünməməsi və avtomobilin kölgədə dayanması üçün onlar avtomobili anbarların həyətindəki ağacın kölgəsində saxlamışlar. Onlar heç Şəxs ailəsini də tanımırlar. Lakin Şəxs onun babasına yaxınlaşıb nalayiq ifadələr işlətmiş, hələ ona şər də ataraq guya həmin ərazidə nəşə çəkdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil müdafiə etdiyi Şəxs əməlini etiraf etməsinin nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 08 iyul 2025-ci il tarixində Qobustan şəhərinin “Son” adlanan ərazisində sərxoş vəziyyətdə uca səslə əvvəlcə Əlibəy Abduləzizovla, sonra isə polis əməkdaşı Zöhrab Hüseynovla mübahisə edib səs-küy salması iş materialları və şahid Zöhrab Hüseynovun ifadəsi ilə öz təsdiqini tapır. Şəxs da içkili vəziyyətdə etdiyi hərəkətlərin səhv olduğunu dərk etdiyini öz ifadəsində bildirmişdir. Bununla da müəyyən edilir ki, Şəxs sərxoş vəziyyətdə Qobustan şəhərinin “Son” adlanan ərazisində uca səslə mübahisə edərək səs-küy salmış, ictimai qaydanı pozmuş, bununla da, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, iş materialları ilə Şəxs polisin hansısa qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Şəxs hazırda yetkinlik yaşına çatmayan 4 uşağının olmasını və öz səhvini başa düşməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi, Şəxs inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmasını isə onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar