Məhkəmə qərarları › İş №3(026)-222/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-222/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-222/2021 21.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1988-ci ildə Quba rayonunun Muçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonunun Muçu kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 01 iyun 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Xilmilli kəndində X2 döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Qobustan rayon Xilmilli kənd ərazisində yerləşən fermada heyvan saxlayır və həmin fermada olan fərdi tikilidə ailə üzvləri ilə birlikdə yaşayır. Səfayə Xankişiyevə onun arvadıdır. Onların iki övladları vardır. Səfayə ilə münasibətləri yaxşı olmuşdur. Evləndikdləri vaxtdan hal-hazırkı vaxta qədər hər bir ailədə olduğu kimi onunla Səfayə arasında da xırda söz-söhbətlər olmuşdur. 01 iyun 2021-ci il tarixdə saat 12 radələrində Səfayə evdə süfrəyə yemək gətirən zaman yeməyi bəyənmədiyi üçün Səfayəyə toyuq soyutması yemək istəmədiyini, ona ayrıca yumurta bişirməsini demiş, kobud danışdığı üçün Səfayə ona cavab qaytarmış, ona görə də aralarında mübahisə yaranmışdır. Səfayə acıq edib evdən çıxıb gedəndə onun arxasınca həyətə çıxmışdır. Həyətdə Səfayənin üstünə qışqıraraq evə gəlməsini deyərək qolundan tutub dartanda o da əli ilə daşdan tutaraq qayıtmayacağını bildirmişdir. Səfayənin qolundan dartanda ayağı büdrəmiş və başı daşa dəymişdir. Səfayənin çıxıb getməsinə imkan verməyərək onu evə gətirmişdir. Səfayə mobil telefonu ilə 102 xidmətinə zəng edib şikayət etdiyi üçün polis əməkdaşlarının gələcəyini bilib evdən çıxıb getmişdir. Səfayə ilə mübahisə etsə də onu döyməmişdir. Zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs Onun əridir. Mayıl onu səbəbsiz qısqandığı üçün aralarında bir neçə dəfə xırda söz-söhbətlər olmuşdur. 01 iyun 2021-ci il tarixdə saat 12 radələrində fermada birlikdə heyvan saxladıqları qonşusu ona pay olaraq verdiyi cücəni bişirəndə əri Mayıl onu qısqanaraq həmin cücəni yeməyəcəyini deyib mübahisə yaratmış, əsəbləşdiyi üçün evdən çıxıb gedəcəyini deyərək həyətə çıxmışdır. Mayıl onun arxasınca gələndə isə həyətdə üst-üstə yığılmış mişar daşları tərəfə qaçmış, Mayıl onun qolundan tutub evə gəlməsini dedikdə getməyəcəyini bildirmiş, Mayıl onun sol qolunu tutub buraraq özünə tərəf dartanda ayağı büdrədiyi üçün başı mişar daşına dəymiş və yerə yıxılmışdır. Mayıl onu ayağa qaldırıb evə aparmışdır. Həmin vaxtı əsəbi olduğu üçün mobil telefonla 102-yə zəng edərək döyülməsi və hədələnməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 19 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 19 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 71 saylı rəyə əsasən X4 qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ said, sağ və sol diz oynaqları nahiyələrinin sıyrıqları, başın sol təpə nahiyəsinin hematoması, sol baldır nahiyəsinin qançırı, üst dodağın selikli qişası nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti 01 iyun 2021-ci il tarixə uyğundur. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar