Məhkəmə qərarları › İş №3(026)-225/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-225/2021

28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-225/2021 28.09.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X2 və X6 iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Şamaxı rayonunun Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs 07 sentyabr 2021-ci il tarixdə keçmiş həyat yoldaşı X3 mübahisə zəminində döyərək xəsarət yetirdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2008-ci ildə əmisi qızı X5 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı olmuşdur. Xarakterləri uyğun gəlməmiş, mütəmadi olaraq mübahisə etmişlər. 2020-ci ilin yanvar ayında boşanmışlar. Məhkəmənin qərarı ilə hər üç övladı anası ilə qalmışdır. O həm apelyasiya məhkəməsinə, həm də ali məhkəməyə müraciət etmişdir. Lakin nəticə dəyişməmişdir. 07 sentyabr 2021-ci il tarixdə Qobustan rayon İcra və probasiya şöbəsində məhkəmənin qərarının icrası ilə əlaqədar olaraq oğlu Aqşini anasına təhvil vermək üçün gətirmişdir. Aqşin israrlı olaraq onunla qalmaq istəmişdir. Bir neçə dəfə anasına təhvil vermək istəsə də Aqşin anası ilə getmək istəməmişdir. Lakin məhkəmənin qərarına görə uşağı təhvil verib icra və probasiya şöbəsindən çıxarkən oğlu Aqşini əmisi Bayram və keçmiş həyat yoldaşı Mirvarid Bəhrəmovanın zorla maşına mindirdiklərini görüb onlara yaxınlaşaraq uşağı əllərindən almaq üçün hər ikisinin qolundan yapışmışdır. Niyə belə etdiklərini soruşmuş, daha sonra hər ikisinin qolunu buraxmışdır. Həmin vaxt Mirvarid müvazinətini itirərək yerə yıxılmış, Aqşin qaçaraq onun olduğu maşına əyləşmişdir. Daha sonra o Aqşini yenidən icra və probasiya şöbəsinə gətirmiş, orada Aqşin ağlayaraq onunla qalmaq istədiyi üçün Aqşinin onunla müvəqqəti getməsinə razılıq vermişlər. Aqşin bunu bildiyi üçün qaçaraq ona məxsus avtomaşına əyləşmiş, lakin, o Aqşini yenidən icra və probasiya şöbəsinə gətirmişdir. O, əmisi Bayramı və keçmiş həyat yoldaşı Mirvaridi vurmamış, sadəcə olaraq oğlu Aqşini zorla maşına mindirdikləri üçün əllərindən alan zaman hər ikisinin biləyindən tutmuşdur. X1 izahatında göstərdi ki, 2008-ci ildən əmisi oğlu Şəxs ilə ailə həyatı qurmuş və həmin evlilikdən 3 övladları olmuşdur. Etibar mütəmadi olaraq onu söydüyü və döydüyü üçün 2020-ci ilin yanvar ayında onlar boşanmışlar. Məhkəmənin qərarı ilə hər 3 övlad onunla qalmışdır. Etibar həm apelyasiya, həm də ali məhkəməyə müraciət etmiş, lakin nəticə dəyişməmişdir. 07 sentyabr 2021-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsində məhkəmə qərarının icrası ilə əlaqədar olaraq oğlu Aqşin Etibardan alınaraq ona verilmiş lakin məhkəmədən çıxandan sonra Etibar Aqşini qaçırmaq istəmiş, avtomaşına mindirmişdir. O və atası Bayram müdaxilə etmək istəyərkən Etibar yumruqla atası Bayramın dodağına vurmuş və onu isə boğaraq yerə yıxmışdır. Həmin vaxt o sağ qolundan xəsarət almışdır. Zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, qızı Bəhrəmova Mirvarid 2008-ci ildə qardaşı oğlu Şəxs ilə ailə həyatı qurmuş və onların üç övladları vardır. Mütəmadi olaraq qızını söydüyü və döydüyü üçün 2020-ci ilin yanvar ayında Etibarla Mirvaridin arasında olan nikah pozulmuşdur. Məhkəmənin qərarı ilə hər 3 uşağın Mirvaridlə qalması bildirilmişdir. 07 sentyabr 2021-ci il tarixdə Qobustan rayon icra və probasiya şöbəsində məhkəmə qərarının icrası ilə əlaqədar olaraq nəvəsi Aqşin Etibardan alınaraq Mirvaridə verilmiş, lakin məhkəmə çıxışı Etibar Aqşini qaçırmaq istəmişdir. O və Mirvarid müdaxilə etmək istəyərkən Etibar yumruqla onun dodağına vurmuş və Mirvaridi isə boğaraq yerə yıxmışdır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 21 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin TQ-nin 18 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 161 saylı rəyə əsasən X6 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- alt dodağın əzilmiş yarası, sağ bazunu, sol bazu və döş qəfəsi nahiyələrinin qançırları, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən törənməklə, 07.09.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X6 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qobustan rayon polis şöbəsinin TQ-nin 18 sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, məhkəmə-tibb ekspertizasının verdiyi 162 saylı rəyə əsasən Bəhrəmova Mirvarid Bayram qızının məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ dirsək oynağı nahiyəsinin yumşaq toxumaların əzilməsi və sıyrıqlar, boyun sağ bud sağ diz oynağı sol diz oynağı nahiyələrinin qançırları, bərk küt əşya təsirindən törənməklə, 07.09.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Öz boyu hündürlüyündən sürətləndirilmiş yerin bərk örtüyünə yıxılması nəticəsində əmələ gələ bilər. X2 almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar