Məhkəmə qərarları › İş №3(026)-230/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-230/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-230/2025 05.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx xxxx 1958-ci ildə Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Qobustan şəhəri, Yeni Massiv ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 05 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 04 avqust 2025-ci ildə, 17:10 radələrində “Qobustan” kafesində içkili vəziyyətdə uca səslə söyüş söyərək xırda xuliqanlıq hərəkətləri törətmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, Qobustan RPŞ İTB-nin sahəsi, polis leytenantı Emil Soltanov raportla məruzə edərək bildirmişdir ki, 04 avqust 2025-ci il tarixdə xidmətdə olarkən Qobustan şəhəri ərazisində yerləşən kafenin qarşısında bir nəfər şəxsin uca səslə digər şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyini aşkar etmiş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, işlətdiyi nalayiq ifadələrlə bağlı ona irad bildirmiş və spirtli içkinin təsiri altında olması ehtimal olunduğu üçün onu Qobustan RPŞ-yə dəvət etmişdir. RPŞ-yə gəldikdən sonra məlum olmuşdur ki, həmin şəxs Qobustan şəhər sakini Şəxsdur. Bundan sonra həmin məsələ araşdırılması üçün onun icraatına verilmişdir. O da Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin qeyd etdi ki, 04 avqust 2025-ci il tarixli protokolla Şəxs inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 04 avqust 2025-ci ildə Qobustan şəhərində “Qobustan” kafesinin yanında yerləşən dəyirmana arpa üyütdürmək üçün gəlmiş, bu zaman həmin kafedə 1-2 bokal pivə içmək qərarına gəlmişdir. Pivə içdikdən sonra həmin ərazidə çilingər işləyən şəxslə uca səslə mübahisə etmişdir. O, törətdiyi əməli başa düşür və buna görə çox peşmandır. Özü də ikinci qrup əlildir. Ona görə də ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, Şəxs törətdiyi əməli etiraf etməsini nəzərə alıb, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs içkili vəziyyətdə Qobustan şəhərində yerləşən “Qobustan” kafesi yaxınlığında içkili vəziyyətdə uca səslə söyüş söyməklə ictimai qaydanı pozan hərəkətlərə yol verməsi iş materialları ilə təsdiq olunur. Şəxs da özünü İXM-in 510cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək, törətdiyi əməli etiraf etmiş, peşman olduğunu bildirmişdir. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, İXM-in 33.1.7-ci maddəsinə uyğun olaraq, xırda xuliqanlıq əməlinin Şəxs tərəfindən sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. İXM-in 510-cu maddəsinin sanksiyasında isə 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 30.2-ci maddəsinə görə, altmış beş yaşına çatmış kişilər, həmçinin orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs hazırda 67 yaşında olmasını və ikinci dərəcəli əlil olmasını da nəzərə alaraq bildirir ki, İXM-in 30.2-ci maddəsinə görə onun barəsində inzibati həbsin tətbiq edilməsi mümkün deyil. Həmçinin iş materiallarından da göründüyü kimi, Şəxs 04 avqust 2025-ci ildə inzibati qaydada tutulmuş, bununla bağlı protokol tərtib edilmişdir. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, İXM-in 30.2-ci və 31.4-1-ci maddələrinin tələblərini, Şəxs himayəsində 10 avqust 2011-ci il təvəllüdlü uşağının olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar