Məhkəmə qərarları › İş №3(026)-239/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-239/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-239/2025 07.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Masallı rayonu, Zuvandlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbşahverdi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 513.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin TQ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X13 tərəfindən HK-1/279 saylı material üzrə qəbul edilmiş 07 avqust 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla Qobustan rayonu, Ərəbşahverdi kənd sakini X4 və X3 təşkilatçılığı və rəhbərliyi ilə həmin kənd sakinləri X2, Şəxs, X7, X9, X8 iştirakı ilə yaşadıqları kənddə yaranmış su qıtlığı və yolların təmiri ilə bağlı narazılıqlarını ifadə etmək məqsədilə Qobustan rayonu, Ərəbşahverdi kəndinin ərazisində qanunsuz toplaşmaları ilə bağlı toplanmış material üzrə həmin şəxslərin əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatla bağlı cinayət işinin başlanmasının rədd edilməsi, X4 və X5 İXM-in 513.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barələrində həmin maddədə nəzərdə tutulan qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin İTBnə göndərilməsi, X2, Şəxs, X7, X9, X11 isə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barələrində həmin maddədə nəzərdə tutulan qaydada tədbir görülməsi üçün qərarın surətinin Qobustan RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 513.2-ci maddəsi ilə 07 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 06 avqust 2025-ci il tarixdə rayonun Ərəbşahverdi kəndində qanunsuz olaraq toplaşaraq “Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununu pozmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, 06 avqust 2025-ci ildə saat 11-12 radələrində Qobustan RPŞ-yə Qobustan rayonunun Ərəbşahverdi kəndində camaatın suyun olmaması səbəbindən küçə yürüşü keçirmək məqsədilə toplaşması barədə məlumat daxil olmuşdur. Şöbənin əməkdaşları ilə həmin kəndə getdikdə orada toplanmış şəxslərin qadınlar olduğunu görmüşlər. Həmin qadınların içərisində Şəxs da olmuşdur. Həmin hadisə ilə bağlı Qobustan RPŞ-nin TQ-də araşdırma aparılmış, 07 avqust 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs isə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə İXM-in 513.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində həmin maddədə nəzərdə tutulan qaydada tədbir görülməsi qərara alınmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Qobustan rayonu, Ərəbşahverdi kəndində yaşayır. Həqiqətən də, 06 avqust 2025-ci il tarixdə o, yaşadığı kənddə bir neçə qadınla birlikdə suyun verilməməsi və yolun çəkilməməsinə etiraz etmək məqsədilə küçə yürüşü keçirmək üçün toplaşmışdır. Lakin başa düşür ki, bu hərəkətləri qanunsuz olmuşdur. Ona görə də etdiyi əməldən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Seyidov X1 Səminə Ayatxan qızı barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 513.2-ci maddəsinə əsasən, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən, bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən, bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, Şəxs törətdiyi əməli etiraf etməsini nəzərə alıb, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs 06 avqust 2025-ci il tarixdə Qobustan rayonunun Ərəbşahverdi kəndində “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən toplantıda iştirak etməsi iş materialları və onun öz izahatı ilə təsdiq olunur. Şəxs da özünü İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək, törətdiyi əməli etiraf etmiş, peşman olduğunu bildirmişdir. Məhkəmə Şəxs himayəsində 3 uşağının olmasını, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, İXM-in 33.1.5-ci maddəsinə uyğun olaraq, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 513.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 513.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 513.2-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar