Məhkəmə qərarları › İş №3(026)-240/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-240/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-240/2021 06.10.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, M. Kazımovski küçəsi ev 16 A, mənzil 59-da qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 30 iyul 2021-ci il tarixdə Qobustan rayonunun Cəngi qəsəbəsində yanacaq doldurma məntəqəsində səsküy salaraq yüksək səslə söyüş söymüş və hədə-qorxu gələrək ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 30 iyul 2021-ci il tarixdə saat 20 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes Benz V211” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə Oğuz rayonu istiqamətində hərəkət edərkən idarə etdiyi nəqliyyat vasitəsində yanacağın az olduğuna görə Qobustan rayon Cəngi kəndi ərazisində olan yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Həmin yanacaq doldurma məntəqəsində 40 manatlıq dizel yanacağını avtomobilinə doldurmuşdur. Bundan sonra avtomobili işə salaraq həmin yerdən getmək istədikdə avtomobil öz-özünə sönmüş və işə düşməmişdir. Bır qədər sonra isə nəqliyyat vasitəsinin akkumulyatoruna elektrik ötürdükdən sonra həmin nəqliyyat vasitəsi işə düşmüşdür. Bundan sonra isə bir neçə dəfə də nəqliyyat vasitəsi öz-özünə sönmüşdür. Avtomobil ilə yolda qaldığına görə evakuator çağırmış və avtomobilini Şamaxı şəhərində yerləşən “Socar” YDM-yə aparmış və oradan vurduğu yanacaq ilə yenidən Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə qayıdarkən saat təxminən 02:10 radələrində Cəngi kəndində yerləşən yanacaq doldurma məntəqəsinə gəlmiş və orada çalışan işçilərə yanacaqlarının pis olmasına öz iradını bildirmişdir. Həmin vaxt işçilər ilə arasında mübahisə yaranmış və o, həmin işçiləri təhqir etmişdir. O, isə daha da əsəbiləşərək özünə məxsus olan və nəqliyyat vasitəsində gəzdirdiyi cib bıçağını çıxararaq özünə xəsarət yetirəcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, "xxxx" LTD MMCnin Cəngi yanacaq doldurma məntəqəsinin direktoru vəzifəsində çalışır. Gün ərzində Cəngi yanacaq doldurma məntəqəsinin iş rejiminə rəhbərlik edir. Yanacaq doldurma məntəqəsinə gələn yanacağı mütəmadi olaraq yoxlayıb qəbul edir. Yanacağa kənardan hər hansısa bir təsir göstərilməsi qeyri-mümkündür. O, həmin yanacağın keyfiyyətini yoxladıqdan sonra əgər standartlara cavab verirsə həmin yanacağı satışa qəbul edir. Gün ərzində Cəngi yanacaq doldurma məntəqəsində 7-8 ton dizel yanacağı satılır. 31.07.2021ci il tarixdə də təxminən 7 tona yaxın dizel yanacağı Cəngi yanacaq doldurma məntəqəsində satılmışdır. 31.07.2021-ci il tarixdə gecə saat 01 radələrində o, Cəngi qəsəbəsində müvəqqəti yaşadığı evdə olarkən həmin gün növbədə olan növbə rəisi Rəsulov Tural ona zəng edərək yanacaq doldurma məntəqəsində bır nəfər şəxsin satılmış olan dizel yanacağından narazı olmasını bildirmişdir. O, da dərhal həmin yerə yaxınlaşmışdır. Yanacaq doldurma məntəqəsinə çatdıqda **-UM-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün almış olduğu dizel yanacağından narazı olduğunu bildirdiyini görmüşdür. Həmin şəxsi o, direktor otağına dəvət etmişdir. O, həmin şəxsə sakitləşməsini, gün ərzində onun kimi yüzlərlə sürücüyə yanacaq satdıqlarını və əgər hər hansısa problem olsaydı başqa nəqliyyat vasitələrində də həmin problemin yaranacağını bildirmişdir. Lakin adını bilmədiyi həmin şəxs səs-küy yaradaraq ünvanlı və ünvansız söyüşlər söyərək dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini və təcili laboratoriyanın oraya gəlməsini istədiyini demişdir. O, isə hal hazırda elə bir halın mümkün olmadığını bildirmişdir. O, bir neçə dəqiqəlik həmin otaqdan kənara çıxmış və rəhbərliyə məlumat vermişdir. Təxminən 1 saat sonra həmin direktor otağına qayıtmış və bundan sonra həmin şəxs gözləməkdən əsəbləşərək onun olduğu otağa daxil olmuş özü ilə gətirdiyi bıçağı özünə tuşlayaraq əgər 15 dəqiqə ərzində ona dəymiş ziyan ödənilməzsə özünə qəsd edəcəyini və özünü doğrayaracağını bildirmişdir. Bir neçə dəqiqə həmin şəxs otaqda səs-küy saldıqdan sonra özü ilə gətirdiyi bıçağı da götürüb otaqdan çıxmış və həyətdə gözləməyə başlamışdır. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə yaxınlaşmışdır. Əlavə olaraq bildirmişdir ki, yanacaq doldurma məntəqəsində səs küy salan şəxsi əvvəlcədən tanımamış, hadisə vaxtı həmin şəxsin əlində bıçaq olmuş və həmin şəxs əlindəki bıçaq ilə heç bir şəxsi öldürməklə hədələməmişdir. Əlavə olaraq onların satmış olduğu dizel yanacağına cavabdeh olduqlarını və həmin yancağın heç bir halda keyfiyyətsiz olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 01 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar