Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-243/2025 08.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxx 1962-ci il təvəllüdlü, Şamaxı rayonu, Mərəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi 15 ünvanında qeydiyyatda olan və Qobustan rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Şəxs barəsində İXM-in 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP7322016 nömrəli, 07 avqust 2025-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs tərəfindən 37-T-056 dövlət qeydiyyat nişanlı, “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi idarə edilərkən Qobustan şəhəri, T.İsmayılov küçəsi ərazisində İXM-in 327.2-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, xəta nəticəsində X4 idarə etdiyi “VAZ-21099” markalı, **- LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. İXM-in 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X5 bildirdi ki, 03 avqust 2025-ci ildə baş vermiş hadisə ilə bağlı məlumat daxil olmuş, bundan sonra o da hadisə yerinə getmişdir. Araşdırma aparılan zaman müəyyən edilmişdir ki, yol ayrıcında Şəxs idarə etdiyi traktorla sağdan gələn “VAZ-21099” markalı nəqliyyat vasitəsinə yol vermədiyi üçün qəza baş vermişdir. Bununla bağlı vətəndaş Şəxs Qobustan RPŞ-yə gətirilmişdir. Araşdırma zamanı Şəxs ona qırmızı rəngli köhnə bir sürücülük vəsiqəsi təqdim etsə də, həmin vəsiqənin qüvvədən düşdüyü və onun hadisə baş verən zaman sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Buna görə də onun barəsində hazırkı protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, “VAZ-21099” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi üçün sığorta şirkətinə sığorta hadisəsi barədə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona traktor idarə etmək üçün verilmiş sürücülük vəsiqəsində vəsiqənin nə vaxtadək etibarlı olması göstərilməmişdir. Buna görə də hesab etmişdir ki, onun sürücülük vəsiqəsi müddətsiz olaraq verilmişdir. Həmçinin hadisənin baş verməsində onun deyil, “VAZ-21099” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri olmuş, onun traktorunun sol təkərinə zərər dəymişdir. Ona görə də özünü hər iki maddə ilə də təqsirli bilmir. O, verilmiş suala cavab olaraq bildirdi ki, ona polis şöbəsinin əməkdaşları dediyinə görə hadisədən sonra gedib sürücülük vəsiqəsini yeniləmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki 03 avqust 2025-ci il tarixli sərxoşluq vəziyyətinin müayinəsi nəticələrinə dair arayışdan görünür ki, həmin tarixdə Şəxs və Sənan Qəniyev sərxoş olmamışdır. İşdə surəti olan traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsindən görünür ki, Şəxs 28 oktyabr 2002-ci ildə müvafiq nəqliyyat vasitələrini idarə edə bilmək üçün AB 002329 seriya nömrəli sürücülük vəsiqəsi verilmiş, həmin vəsiqədə onun etibarlıq müddəti göstərilməmişdir. İşdə surəti olan 28 noyabr 2002-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, “MTZ-82” markalı, 37-T-056 qeydiyyat nömrəli traktorun mülkiyyətçisi Şəxsdur. İşdə surəti olan AB 584155 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı nəqliyyat vasitəsinin sahibi X2r. İşdəki Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X7 İnkişaf Mərkəzinin 08 avqust 2025-ci il tarixli məktubundan görünür ki, mərkəzi məlumat sistemində yoxlanış zamanı məlum olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs 28 oktyabr 2002-ci il tarixində sürücülük vəsiqəsi verilmiş, lakin həmin vəsiqənin etibarlıq müddəti 28 oktyabr 2012-ci ildə bitmişdir. Etibarlıq müddəti bitdiyindən 28 oktyabr 2012-ci il tarixindən 05 avqust 2025-ci il tarixinədək sürücülük hüququndan məhrum olmuşdur. Vətəndaş 06 avqust 2025-ci il tarixində sürücülük vəsiqəsini yeniləmiş və hazırda kənd təsərrüfatı texnikalarını idarə etmə hüququna malikdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib edən şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs 03 avqust 2025-ci ildə idarə etmək hüququnun olmamasına baxmayaraq, idarə etdiyi 37-T-056 dövlət qeydiyyat nişanlı, “MTZ-82” markalı traktor ilə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsində hərəkətdə olarkən yol ayrıcında sağdan gələn **-LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21099” markalı nəqliyyat vasitəsinə yol vermədiyi üçün qəza baş vermiş və qəza nəticəsində **- LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Bununla da, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Şəxs özünün sürücülük hüququnun olduğunu bildirmiş, bunu isə ona verilmiş sürücülük vəsiqəsində etibarlıq müddətinin göstərilməməsi ilə izah etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli, 517-İQ nömrəli Qanununun 34-cü maddəsinin V hissəsinin 1-ci bəndinə görə, 60 yaşına çatmamış şəxslər üçün sürücülük vəsiqəsinin etibarlıq müddəti 10 ildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ hissəsinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Qanunvericiliyin qeyd edilən tələblərindən də göründüyü kimi, sürücülük vəsiqəsində onun etibarlıq müddətinin göstərilməməsinə baxmayaraq, Şəxs verilmiş (həmin sürücülük vəsiqəsi verilərkən onun 40 yaşında olması nəzərə alınmaqla) sürücülük vəsiqəsinin etibarlıq müddəti 10 il, yəni 28 oktyabr 2012-ci ilə qədər olmuşdur. Bu hal X7 İnkişaf Mərkəzinin 08 avqust 2025-ci il tarixli məktubu ilə də təsdiq edilmiş, mərkəzi məlumat sistemində yoxlanış zamanı məlum olmuşdur ki, Şəxs 28 oktyabr 2002-ci il tarixində sürücülük vəsiqəsi verilmiş, lakin həmin vəsiqənin etibarlıq müddəti 28 oktyabr 2012-ci ildə bitmişdir. O da qeyd olunmalıdır ki, Şəxs həmin sürücülük vəsiqəsinin etibarlıq müddətindən xəbərdar olmaması barədə dəlilləri onun məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Konstitusiyanın yuxarıda göstərilən tələbinə əsasən, qanunu bilməmək məsuliyyətdən azad etmir. Ümumiyyətlə, Şəxs 28 oktyabr 2012-ci il tarixindən 05 avqust 2025-ci il tarixinədək sürücülük hüququ olmamış, o, yalnız hadisə baş verdikdən sonra, 06 avqust 2025-ci il tarixində sürücülük vəsiqəsini yeniləmiş və hazırda kənd təsərrüfatı texnikalarını idarə etmə hüququna malikdir. Göründüyü kimi, Şəxs idarə etmək hüququ olmadan 37-T-056 dövlət qeydiyyat nişanlı, “MTZ-82” markalı traktoru idarə edərək, baş vermiş qəza nəticəsində X1 mülkiyyətində olan **-LM-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21099” markalı nəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Qeyd edilənlərə görə məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə Şəxs yaşını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş nisbətən yüngül növdə inzibati tənbeh tədbiri olan 500 manat məbləğində inzibati cərimə tətbiq olunmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 294-5.5, 294-6, 295.6, 296.2, 300.1, 302, 304, 325.1, 326, 327.8, 327-1.2, 327-1.3, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 428.12, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517-3, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 602-4, 603, 605, 606.1, 606.3, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X9 Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan Rayon Polis X9 Polis Bölməsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-243/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-243/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver