Məhkəmə qərarları › İş №3(026)-244/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-244/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-244/2025 19.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXMin) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs (VÖEN: **********) mülkiyyətində olan “Mercedes Benz S500 4 Matic minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Qobustan RPŞ-yə təqdim edilməsi ilə əlaqədar 15 iyul 2025-ci il tarixdə göndərilmiş sorğu məktubu 25 iyul 2025-ci il tarixdə hüquqi şəxsə çatdırılsa da, hüquqi şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində sürücü barədə məlumatlar təqdim edilməmişdir. Ona görə də Şəxs MMC barəsində İXM-in 347-ci maddəsinə əsasən tərtib edilmiş İXP7320146 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan RPŞ DYP bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X2 bildirdi ki, **-AA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz S500 4 Matic minik” markalı nəqliyyat vasitəsinin sürücüsünün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyi və sözügedən nəqliyyat vasitəsinin Şəxs MMC-nin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bu səbəbdən də sözügedən hüquqi şəxsə hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barədə məlumat verilməsinə dair 15 iyul 2025-ci il tarixli sorğu ünvanlansa da, hüquqi şəxs tərəfindən 25 iyul 2025-ci il tarixdə sorğunun alınmasından sonra 5 gün müddətində ona cavab verilməmiş, bununla da İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də onun tərəfindən Şəxs MMC barəsində İXM-in 347-ci maddəsində göstərilən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 123.1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. İXM-in 123.2-ci maddəsinə əsasən, hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 123.3-cü maddəsinə əsasən, bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. İşdəki DİN-nin DYP Web portalından çıxarışdan görünür ki, “Mercedes Benz S500 4 Matic minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Şəxsdir. İşdəki Qobustan RPŞ-nin Şəxs MMC-yə ünvanlanmış sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz S500 4 Matic minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə) törətdiyinə görə, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. İşdəki F.119 poçt xəbərnaməsindən görünür ki, sözügedən sorğu 25 iyul 2025-ci il tarixində Şəxs MMC-nin nümayəndəsinə təqdim olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Qobustan RPŞ tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Şəxs MMC tərəfindən 25 iyul 2025-ci ildə qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə bildirir ki, Şəxs MMC-nin əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs MMC İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 31, 40, 43, 48-51, 114, 115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar