Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-245/2025 19.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1987-ci il təvəllüdlü, Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati tənbehin görülməsi, qərarın surətinin icra olunması üçün BDYPİ-nin YPXA-ya göndərilməsi qərara alınmışdır. BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı İİİ Tağım yol-patrul xidməti baş inspektoru, polis baş leytenantı X10 tərəfindən Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında İXP ******* nömrəli, 08 avqust 2025ci il tarixli protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü Şəxs **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C180 minik” markalı nəqliyyat vasitəsilə Bakı- Şamaxı-Yevlax yolunun 67-ci km-də hərəkətdə olarkən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan sonra həmin protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 02 iyul 2025-ci ildə səhər saatlarında Qobustan rayonu ərazisindən keçərkən yolun nahamar olması səbəbindən idarə etməni itirərək qarşısındakı avtomobillə toqquşmuş, toqquşma nəticəsində onun öz avtomobilindəki sərnişinlər Qətibə Məmmədova və Ağabala Məmmədovun sağlamlığına yüngül zərər dəymişdir. Həmçinin bildirdi ki, himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. Ona görə də barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, protokolu tərtib etmiş şəxs və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki 22 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 02 iyul 2025-ci il tarixdə saat 08:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Şəxs idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “QAZ-32213 mikroavtobus” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə “Mercedes Benz C180 minik” markalı avtomobildə olan sərnişinlər X7 və X8 xəsarət almışlar. Hadisə baş verən yer yaşayış məntəqəsi deyildir, yol iki istiqamətli olmaqla Bakı və Şamaxı istiqamətlərindədir. Bakı və Şamaxı istiqamətlərini orta hissədən beton zolaq ayırır. Yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri istiqamətində olan hərəkət hissə asfalt örtüklüdür, düzdür, qurudur. Hadisə yerində avtomobillərin hərəkəti üçün maksimum sürət həddi 110 km/saat müəyyən edilmişdir. Asfaltın sol və sağ kənarlarından sarı düz xəttlər çəkilmişdir, sarı xəttlər arasında olan məsafə hərəkət hissənin eni 9 metr, asfalt üzərində ağ bütöv xətt çəkilməklə iki zolaqlıdır. Sağda 2 metr eni olan torpaq çınqıl örtüklü ehtiyat hissə və metal çəpər çəkilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Mercedes Benz C180 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində sağ zolaqda deməsinə görə saatda 80-90 km/saat sürətlə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “QAZ-32213 mikroavtobus” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə və avtomobillərə baxış protokolu, sxemi, fotoşəkilləri, sürücülər Şəxs, X5 və sərnişinlər X8, X3 və digər sərnişinlərin izahatı ilə təsdiqini tapmışdır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 55 nömrəli, 10 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlərin – başın sağ alın-təpə-gicgah nahiyəsinin hematoması küt əşya təsirindən törənməklə, 02 iyul 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. X3 almış olduğu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən verilmiş 56 nömrəli, 10 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X4 almış olduğu xəsarətlərin – sağ bazunun oynağının fəsadlaşmamış çıxığı küt əşya təsirindən törənməklə, 02 iyul 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. X4 almış olduğu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə surəti olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 16 iyul 2025-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X16 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Şəxs 30 sentyabr 2015-ci il tarixdə (30 sentyabr 2025-ci il tarixədək etibarlı olan) AC 414794 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Şəxs 02 iyul 2025-ci ildə idarə etdiyi nəqliyyat vasitəsi ilə idarə etməni itirərək araməsafəsi qaydalarını pozmuş, eyni istiqamətdə hərəkət edən qarşısındakı avtomobillə toqquşmuş, öz avtomobilində olan sərnişinlər X3 və X1 yüngül zərər dəymiş, bununla da İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sözügedən inzibati xətanı törətməsi iş materialları ilə yanaşı, Şəxs öz ifadəsi ilə təsdiq olunur və o, əməlini etiraf edir, lakin hadisəyə yolun nahamar olmasının səbəb olduğunu bildirir. Ona görə də Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Şəxs himayəsində yetkinlik yaşına çatmayan (17 noyabr 2020-ci il və 11 mart 2025-ci il təvəllüdlü) uşaqlarının olması müəyyən edilir. Məhkəmə bu halı və əməlini etiraf etməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, məhkəmə qeyd edilən yüngülləşdirici halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-245/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-245/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver