Məhkəmə qərarları › İş №3(026)-258/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-258/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-258/2025 19.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 2001-ci ildə Sabirabad rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sabirabad rayonu, Güdəcühür ərazi dairəsi, Axtaçı Muğan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 19 avqust 2025-ci il tarixdə RPŞ-nin qarşısında nalayiq ifadələr işlətmiş, RPŞ-nin əməkdaşlarını söyüb təhqir etmiş və onların qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 bildirdi ki, Ağayev X1 RPŞ-də aparılan araşdırma ilə əlaqədar olaraq polis şöbəsinə dəvət olunmuşdur. O, 19 avqust 2025-ci il tarixdə Qobustan RPŞ-nin inzibati binasının qarşısında nalayiq ifadələr işlətmiş, əlinə daş götürmüş, onu dayandırmağa çalışan növbətçi hissənin əməkdaşlarını təhqir etmişdir. Daha sonra köməyə gələn baş əməliyyat müvəkkili Murad Alıyev barəsində də eyni hərəkətləri etməyə davam etmiş, polisin qanuni göstərişlərinə tabe olmamışdır. Bununla bağlı Murad Alıyev tərəfindən tərtib edilmiş raport əsasında material onun icraatına daxil olmuşdur. Araşdırma çərçivəsində o, Şəxs izahatını almış, o, hərbi qulluqdan tərxis edildikdən sonra hərəkətlərini idarə edə bilmədiyinə görə belə hərəkətlərə yol verdiyini bildirmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Qobustan rayonundan qız qaçırdığına görə onun işi ilə bağlı 19 avqust 2025-ci ildə Qobustan RPŞ-yə gəlmişdir. Lakin əsəbi olduğuna görə şöbənin inzibati binasının qarşısında söyüş söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq bu hərəkətlərini dayandırmasını tələb etmişlər. O, buna dərhal əməl etməsə də, qısa müddətdə həmin hərəkətlərini dayandırmışdır. O öz əməlindən peşmandır. Həmçinin himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. Özü də Vətən müharibəsi iştirakçısıdır və buna görə pensiya alır. Barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Kibercinayətkarlıqla mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı X8 bildirdi ki, Qobustan RPŞ-nin icraatında olan araşdırma materialı ilə əlaqədar olaraq Şəxs 19 avqust 2025-ci ildə səhər saatlarında Qobustan RPŞ-yə gəlmişdir. Şəxs 19 avqust 2025-ci ildə səhər saatlarında Qobustan RPŞ-nin inzibati binasının qarşısında səs-küy salmaqla nalayiq söyüşlər söymüş, bu zaman növbətçi hissənin əməkdaşı Orxan Məhəmmədzadə, daha sonra isə onun özü Şəxs bu hərəkətlərinə son qoymasını tələb etmiş, sonuncu isə 3-4 dəqiqə sonra bu hərəkətlərini dayandırmışdır. Daha sonra onu xırda xuliqanlıq və polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Qobustan RPŞnin inzibati binasına gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 digər şahid X8 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X2 Ağayevin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması və Vətən müharibəsi iştirakçısı olması nəzərə alınaraq, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 19 avqust 2025-ci il tarixində Qobustan RPŞ-nin inzibati binasının qarşısında uca səslə söyüş söyməsi iş materialları, protokolu tərtib etmiş şəxsin və şahidlərin ifadələri, eyni zamanda Şəxs öz ifadəsi ilə təsdiq olunur. Şəxs həmin əməlindən peşman olduğunu bildirir. Bununla da müəyyən edilir ki, Şəxs Qobustan RPŞ-nin inzibati binasının qarşısında uca səslə söyüş söyməklə ictimai qaydanı pozmuş, nəticədə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, iş materialları ilə Şəxs polisin hansısa qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Onun Qobustan RPŞ-nin inzibati binasının qarşısında uca səslə söyüş söyməsi təsdiqini tapsa da, iş materialları və şahidlərin ifadələri ilə də müəyyən edilir ki, polislərin bu hərəkətlərinə son verməsini tələb etmələrindən yalnız bir neçə dəqiqə sonra o öz hərəkətlərinə son vermişdir. Ona görə də onun İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Şəxs hazırda yetkinlik yaşına çatmayan 2 uşağının (08 oktyabr 2022-ci il və 14 yanvar 2025-ci il təvəllüdlü) olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, öz səhvini başa düşərək onu etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı bir hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 5 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 510-cu maddəsi çərçivəsində 5 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar