Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-259/2025 19.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Qobustan rayonu, Ceyrankeçməz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ceyrankeçməz kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 19 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 19 avqust 2025-ci il tarixdə 15:00 radələrində Qobustan şəhərində “Son” adlanan ərazidə uca səslə söyüş söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, 19 avqust 2025-ci il tarixdə onun icraatına Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Vüsal Məmmədovun raportu daxil olmuşdur. Həmin raportda göstərilmişdir ki, 19 avqust 2025-ci il tarixdə Qobustan RPŞ-nin inzibati ərazisi olan Qobustan şəhəri “Son” adlanan ərazidə PPXB-nin polis nəfəri, polis kiçik serjantı Aydın Daşdəmirli ilə xidmətdə olan zaman 1 nəfər şəxsin mobil telefonda uca səslə nalayiq ifadələrlə danışdığını eşidərək ona yaxınlaşmış, özlərini təqdim edərək söyüşlərə son qoymasını bildirib həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin o, onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz aqressiv və tərbiyəsiz hərəkətlərini davam etdirmiş, əməkdaşlar da onu xırda xuliqanlıq və polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün məcburi qaydada RPŞ-nin inzibati binasına gətirmişdir. RPŞ-də müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxx 1982-ci il təvəllüdlü Qobustan rayonu, Ceyrankeçməz kənd sakini Şəxsdur. Raport onun icraatına verildikdən sonra isə o, Şəxs və polis əməkdaşlarının izahatını alaraq, Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, həqiqətən də, 19 avqust 2025-ci ildə Qobustan şəhərinin “Son” adlanan ərazisində öz əmisi oğlu ilə telefonla danışarkən uca səslə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb hərəkətlərini dayandırmasını tələb etsələr də, əsəbi olduğuna görə onların tələblərinə əməl etməmişdir. Buna görə də onu Qobustan RPŞ-yə dəvət etmişlər. Polisin həmin tələbinə də əməl etməyərək onlara müqavimət göstərməyə də cəhd etmişdir. Hazırda etdiyi əməlin səhv olduğunu başa düşür və əməlindən peşmandır. Ona yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı X6 bildirdi ki, 19 avqust 2025ci ildə Qobustan şəhərinin “Son” adlanan ərazisində Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri Aydın Daşdəmirli ilə xidmətdə olan zaman 1 nəfər şəxsin mobil telefonda uca səslə nalayiq ifadələrlə danışdığını eşidərək ona yaxınlaşmış, özlərini həmin şəxsə təqdim edib söyüş söyməyə son qoymasını tələb etmiş, onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə əməl etməmiş, öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün məcburi qaydada Qobustan RPŞ-nin inzibati binasına gətirmişlər. Bu zaman həmin şəxs onlara qarşı müqavimət göstərməyə çalışsa da, onun Qobustan RPŞ-yə gətirilməsi təmin edilmişdir. Qobustan RPŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X7 digər şahid X6 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Mərdan Məmmədağa oğlunun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsini, ona İXM-in 510-cu maddəsi çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qobustan şəhərinin “Son” adlanan ərazisində telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədərək söyüş söyməsi, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının həmin qanuni tələblərinə qəsdən tabe olmaması, eləcə də bundan sonra onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarına da müqavimət göstərməyə çalışması şahidlərin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, hazırda əməlindən peşmandır və özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 19 avqust 2025-ci ildə Qobustan şəhərinin “Son” adlanan ərazisində telefonla danışarkən uca səslə nalayiq ifadələr işlədərək söyüş söyməklə ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, daha sonra onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarına da müqavimət göstərməyə çalışmış, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini etiraf etməsini və peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 19 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-259/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-259/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver