Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-266/2025 29.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X6 Bölməsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü il təvəllüdlü, Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 262.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X6 Bölməsindən Şəxs İXM-in 262.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qobustan Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında 21 avqust 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, 08 avqust 2025-ci il tarixində X5 Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilən monitorinq nəticəsində içməli suyun satışı aşkar olunmuşdur. Nəticədə fiziki şəxs Şəxs tərəfindən İXM-in 262.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 21 avqust 2025-ci il tarixli, 000618 nömrəli akt, izahat, fotoşəkillər və digər materiallar ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X6 Bölməsinin nümayəndəsi (baş məsləhətçi-müfəttiş) X3 bildirdi ki, vətəndaş Şəxs öz həyətindəki su sayğacına qoşulmuş içməli suyu idarə etdiyi nəqliyyat vasitəsinə dolduraraq onun satışını həyata keçirmişdir. Konkret həmin pozuntu ilə bağlı İXM-də norma nəzərdə tutulmasa da, həmin hala ən uyğun gələn normanın İXM-in 262.1.3-cü maddəsi olduğunu düşünərək, həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, təmsil etdiyi Suların İstifadəsinə və X2 Xidməti su sayğacı ilə istifadəyə verilmiş içməli su ilə yanaşı, bütün təyinatlı su hövzələrinin istifadəsinə və mühafizəsinə nəzarəti həyata keçirir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə su istehlakçısının üçüncü şəxslərə su satışını həyata keçirməsi qadağan edilmişdir. Ona görə də Şəxs hazırkı əməlinə rəhbərliklə razılaşdırılmaqla analogiya üzrə ən oxşar olan norma kimi İXM-in 262.1.3-cü maddəsini seçərək inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Azərbaycan Avtomobil Yolları İdarəsində sürücü işləyir. Rayonda su qıtlığı olduğuna görə yay aylarında həmişə idarə etdiyi nəqliyyat vasitəsilə Qobustan rayonunun Qurbançı kəndində yerləşən su nasosundan ödəniş etməklə maşınına su doldurub onu haqq müqabilində özəl obyektlərə daşımış, həmin sudan ağacların suvarılmasında istifadə edilmişdir. Lakin avqust ayının əvvəllərində nasosda su olmadığına görə o, yenə də özəl obyektdəki ağacların suvarılması üçün su lazım olduğundan özünün həyətində quraşdırılmış su sayğacından içməli suyu maşınına dolduraraq aparmışdır. Həmin 4 ton suyu 15 manata satmışdır. Onun öz su sayğacından su doldurduğunu öyrənən su idarəsinin işçiləri məsələni araşdırmış, onun qanunu pozduğunu bildirmişlər. O, cəmi 1 dəfə öz həyətindəki su sayğacından bu qaydada istifadə etmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 262.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəxs barəsində İXM-in 262.1.3-cü maddəsi ilə olan hazırkı protokol onun 08 avqust 2025-ci ildə öz həyətində quraşdırılmış su sayğacından su götürməklə onu öz nəqliyyat vasitəsinə doldurub satması səbəbindən tərtib olunmuş, bununla bağlı müvafiq sənədlər protokola əlavə edilmişdir. İXM-in 262.1 və 262.1.3-cü maddəsinə əsasən, su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən normalardan görünür ki, şəxsin barəsində inzibati tənbehin tətbiq edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin şəxsin yalnız İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətməsi tələb olunur. Hazırda da müəyyən edilməli olan məsələ Şəxs tərəfindən İXM-in 262.1.3-cü maddəsində göstərilmiş inzibati xətanın törədilib-törədilməməsidir. Bunun üçün ilk növbədə İXM-in 262.1.3-cü maddəsinin məzmunu aydınlaşdırılmalıdır. İXM-in 262.1.3-cü maddəsinin məzmununda istifadə edilmiş “su obyekti” ifadəsinin özündə nələri ehtiva etməsi məsələsinin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Su Məcəlləsində verilmiş müvafiq anlayışa nəzər salınmalıdır. Belə ki, Su Məcəlləsinin 1ci maddəsinə görə, su obyekti dedikdə, relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur başa düşülür. Lakin hazırda Şəxs öz nəqliyyat vasitəsinə həyətində olan sayğacla təsis edilmiş içməli su xəttindən su doldurduğu müəyyən edilir. Bu isə onu göstərir ki, Şəxs ümumiyyətlə verilmiş anlayışa uyğun şəkildə su obyektindən istifadə etməmiş, onun tərəfindən hər hansı təbii formalaşmış landşaft, yaxud geoloji struktur xarakterli su obyektindən su götürülməmişdir. Belə olan halda isə Şəxs əməlində İXM-in 262.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən olunur. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, əgər Şəxs müvafiq anlamda su obyektindən istifadə etsəydi, onun tərəfindən İXM-in 262.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün ona həmin su obyektindən istifadə üzrə icazə və ya lisenziya verilmiş olmalı və o, həmin icazə və ya lisenziya ilə müəyyən edilmiş şərtləri pozmuş olmalı idi. Protokolu tərtib etmiş orqanın nümayəndəsi isə məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs hazırkı əməlinə rəhbərliklə razılaşdırılmaqla analogiya üzrə ən oxşar olan norma kimi İXM-in 262.1.3-cü maddəsi seçilərək inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd etmişdir. Bununla bağlı olaraq məhkəmə İXM-in 6.3-cü maddəsinə əsasən bildirir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsində də qeyd edilmişdir ki, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında da istinad etdiyi Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Ona görə də məhkəmə bildirir ki, bu yanaşma inzibati xəta törətməkdə ittiham olunan şəxsin ziyanına olaraq inzibati xətalar qanunvericiliyi normalarının analogiya üzrə tətbiqini və ya genişləndirici şərh olunmasını da istisna edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 262.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıla bilər. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində İXM-in 262.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 262.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-266/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-266/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver