Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-267/2025 26.08.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1988-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 25 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 25 avqust 2025-ci il tarixdə 21:15 radələrində Qobustan rayonu, Nabur kəndi ərazisində uca səslə söyüş söyərək xırda xuliqanlıq hərəkətləri edib polisin qanuni tələbinə qəsdən tabe olmayıb. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 bildirdi ki, 25 avqust 2025-ci il tarixdə şöbəyə Qobustan rayonunun Nabur kəndi ərazisində mübahisə olması ilə bağlı müraciət daxil olmuşdur. Həmin müraciət üzrə onlar hadisə yerinə gedəndə artıq mübahisənin sakitləşdiyini və mübahisə edən şəxslərin dayanıb polis əməkdaşlarını gözlədiyini görmüşlər. Polis əməkdaşları tərəfindən Şəxs Qobustan RPŞ-yə dəvət edilərkən onun tərəfindən polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərilməmişdir. Qobustan RPŞ-də Şəxs və digər şəxslərin izahatları alınmış, onun tərəfindən Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlcə özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, valideynləri Qobustan rayonunun Nabur kəndində yaşasalar da, özü Sumqayıt şəhərində qeydiyyatda olmaqla yaşayır. 25 avqust 2025-ci ildə isə dərman alıb valideynlərinin yanına Nabur kəndinə gəlirdi. Kəndə az qalmış yolun qırağında içərisində bir neçə nəfərin əyləşdiyi “VAZ-2106” markalı avtomobil görmüş, lakin həmin avtomobilin yanından keçib getmişdir. Sonra həmin avtomobil dönüb onun arxasınca gəlmiş, ona işıqla işarə etsələr də, o, avtomobilini dayandırmamış, artıq kəndə çatdıqda isə arxasınca gələn avtomobilin sürücüsü həm işıq, həm də səs siqnalı verdikdən sonra o avtomobilini dayandırmışdır. Artıq kəndə döndükləri yerdə, adını sonradan öyrəndiyi Alşan adlı şəxs mülki geyimdə, yaxası yarıya qədər açıq şəkildə avtomobildən enmiş, hərəkətlərindən onun özündə olmadığını anlamışdır. Həmin şəxs ona avtomobillə dönərkən hansı səbəbdən dönmə işarəsi verməməsi ilə bağlı narazılıq etməyə başlamış, onun barəsində təhqiramiz ifadələr işlətmişdir. O isə Alşan adlı həmin şəxsə qarşı hər hansı təhqiramiz ifadə işlətməmiş, ona yalnız “sənin başın xarab olub?” deyərək etiraz etdikdə isə həmin şəxs özünün polis əməkdaşı olduğunu bildirmişdir. Buna görə də o dərhal mübahisəni dayandırmış, atasına və “102” xidmətinə zəng vurmuş, polis əməkdaşlarının gəlməsini gözləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisi, polis baş leytenantı X6 bildirdi ki, o, Qobustan rayonunun Nabur kəndində yaşayır. 25 avqust 2025-ci ildə axşam saatlarında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə həmkəndliləri Süleyman və Amillə birgə su doldurmaq üçün bulağa gedirdilər. Həmin vaxt xidmət başında olmamışdır. Bulaqdan su doldurub qayıdarkən qarşıdakı “Jeep” markalı avtomobil kənd ərazisində dönmə siqnalını yandırmadan döndüyünə görə qəza şəraiti yaratmışdır. Ona öz narazılığını bildirmək üçün səs siqnalı vermiş, qarşıdakı avtomobilin sürücüsü isə avtomobilini saxlayıb düşmüşdür. Bundan sonra aralarında sözlü mübahisə baş vermiş, Şəxs adlı şəxs ona qarşı nalayiq ifadə işlədərək üzərinə yeriməyə çalışmışdır. Lakin o, Şəxs polis əməkdaşı olduğunu bildirdikdən sonra ara bir qədər sakitləşmiş və Şəxs “102” xidmətinə zəng vurmuşdur. Həmin vaxt Şəxs ümumiyyətlə təhqir edən olmamışdır. Həmçinin onun polis əməkdaşı olduğunu bildikdən sonra Şəxs onları narkotik vasitə istifadə etməkdə, 5-10 min manat verərək işə düzəlməkdə ittiham etməyə başlamışdır. Şəxs zəngindən sonra isə polis əməkdaşları həmin yerə gələrək məsələni araşdırmaq üçün tədbir görmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Təminat hissəsinin kiçik inspektoru, polis serjantı X4 digər şahid X6 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, 25 avqust 2025-ci ildə axşam saatlarında “VAZ-2106” markalı avtomobillə həmkəndliləri Alşan və Süleymanla birgə su doldurmaq üçün bulağa gedirdilər. Bulaqdan su doldurub qayıdarkən qarşıdakı “Jeep” markalı avtomobil kənd ərazisində dönmə siqnalını yandırmadan döndüyünə görə Alşan Hacızadə öz narazılığını bildirmək üçün səs siqnalı vermiş, qarşıdakı avtomobilin sürücüsü isə avtomobilini saxlayıb düşmüşdür. Digər avtomobilin sürücüsü İmran ilə Alşan arasında mübahisə olsa da, həmin vaxt heç kəs bir-birini təhqir etməmişdir. O, Qobustan RPŞ-də verdiyi izahatla hazırkı ifadəsi arasındakı ziddiyyətin səbəbi ilə əlaqədar verilmiş suala cavab olaraq bildirdi ki, o özünü düzgün ifadə edə bilməmişdir, belə ki, onlar avtomobildən düşdükdən sonra Şəxs Alşana avtomobildə narkotik çəkməklə məşğul olduqlarını bildirmiş, ona “cındır” demişdir. Lakin o, həmin ifadələrin təhqiramiz ifadələr olduğunu düşünmədiyinə görə az öncə verdiyi ifadədə Şəxs Alşan Hacızadəni təhqir etmədiyini bildirmişdir. Şahidlər dindirildikdən sonra Şəxs ifadəsinə əlavə edərək bildirdi ki, o, həqiqətən də avtomobildə əyləşmiş şəxsləri narkotik vasitə istifadə etməkdə ittiham etmişdir. Ola bilsin ki, mübahisənin gedişində o, Alşan Hacızadəyə qarşı “cındırlıq eləmə” ifadəsini işlətmiş, lakin şahidlər Alşan Hacızadənin və Süleyman Məmmədovun öz ifadələrində qeyd etdikləri nalayiq ifadələri işlətməmişdir. O özünü İXM-in yalnız 510-cu maddəsi ilə təqsirli bilir və barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X1 İmran Tərxan oğlunun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsini, ona İXM-in 510-cu maddəsi çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 avqust 2025-ci il tarixində Qobustan rayonu, Nabur kəndi ərazisində ictimai yerdə Alşan Hacızadəyə qarşı uca səslə söyüş söyməsi iş materialları və şahidlərin ifadələri, eyni zamanda Şəxs öz ifadəsi ilə təsdiq olunur. Belə ki, Şəxs əvvəlcə Alşan Hacızadəyə qarşı hər hansı təhqiramiz ifadə işlətmədiyini bildirsə də, şahidlərin ifadələrindən sonra özünün ona “cındırlıq eləmə” deməsinin mümkün olduğunu qəbul etmişdir. Məhkəmə Şəxs bu cür ziddiyyətli mövqeyini onun məsuliyyətdən yayınmaq niyyəti ilə əlaqələndirir. Həmçinin şahidlər də öz ifadələrində İmran X3rşı uca səslə nalayiq ifadələr işlətdiyini bildirmiş, Şəxs özünün də təsdiq etdiyi kimi, o, avtomobildə əyləşən şəxsləri narkotikdən istifadə etməkdə ittiham etmişdir. Şəxs özü də şahidlərin ifadələrindən sonra özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilmişdir. Bununla da müəyyən edilir ki, Şəxs öz hərəkətləri ilə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, iş materialları ilə Şəxs polisin hansısa qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, hadisə baş verən vaxt Alşan Hacızadənin xidmət başında olmaması və onun mülki geyimdə olması iş materialları ilə müəyyən olunur və Alşan Hacızadə polis əməkdaşı olduğunu bildirdikdən sonra Şəxs sakitləşməsi Alşan Hacızadənin öz ifadəsi ilə də təsdiqini tapır. Daha sonra “102” xidmətinə Şəxs zəng etməsi nəzərə alındıqda da onun əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin olması üçün əsas müəyyən edilmir. Ona görə də onun İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Şəxs hazırda yetkinlik yaşına çatmayan 3 uşağının (02 noyabr 2014-cü il, 23 mart 2017-ci il və 19 dekabr 2020-ci il təvəllüdlü) olmasını və öz əməlini sonradan etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı bir hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 05 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin iş materiallarındakı 25 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi, Şəxs 25 avqust 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İXM-in 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 30.3-cü maddəsini də nəzərə alan məhkəmə bildirir ki, Şəxs barəsində inzibati həbsetmənin əvvəli 25 avqust 2025-ci il tarixdən hesablanmalıdır. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 510-cu maddəsi çərçivəsində 05 (beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 25 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-267/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-267/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver