Məhkəmə qərarları › İş №3(026)-283/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-283/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-283/2025 11.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Baş X4 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 353.2-ci maddəsinə əsasən tərtib edilmiş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı elektron qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nizami Vahidov şikayətinə həm də onun qeydiyyatda olduğu yer üzrə Qobustan Rayon Məhkəməsində baxılmasına dair vəsatət də əlavə etmişdir. Nizami Vahidov şikayətini onunla əsaslandırmışdır ki, 05 avqust 2025-ci il tarixində etibarnamə əsasında “Shacman yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran rayonunun Mollakamallı kəndi Bakı istiqamətində yüklə (Şeben 5-25) dolu hərəkətdə olarkən “SMS-Radar” vasitəsilə telefonuna İXM-in 353.2-ci maddəsi ilə 05 avqust 2025-ci il tarixində 600 manat məbləğində cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmiş, həmin nəqliyyat vasitəsində olan yükün (Şeben 5- 25) çəkisi də 05 avqust 2025-ci il tarixində guya 35780 kq olduğu qeyd edilərək DİN-nin Baş X4 İdarəsi tərəfindən 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı elektron qərar qəbul edilmişdir. Şabran rayonunun Mollakamallı kəndi ərazisi Bakı istiqamətində hərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 32160 kq olmuşdur. “Shacman yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, o, 4 oxludur, hər oxa 8000 kq yük düşür, həmin nəqliyyat vasitəsinə ümumilikdə 32000 kq çəkiyə qədər yük vurula bilər. İcazə verilən kütlə 33600 kq-dır (8000 kq×4=32000+5%). “Shacman yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini brutto 32160 kq, tara 14000 kq, netto 18160 kq olmuşdur. “Shacman yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı elektron qərara görə guya 35780 kq yük yükləndiyi bildirilmişdir. 05 avqust 2025-ci il tarixli tərəzi qəbzindən də görünür ki, tara 14000 kq, netto 18160 kq, ümumi brutto isə 32160 kq olmuşdur. O, yolda dayanmadan hərəkət edərək, Bakı "xxxx" MMC-nin elektron avtomobil tərəzisinə çataraq elektron avtomobil tərəzisində yüklə birlikdə maşını çəkdirmişdir. Həmin tərəzi qəbzində ümumi kütlə 31850 kq olmuşdur. DİN-nin Baş X4 İdarəsi tərəfindən İXM-in 353.2-ci maddəsi ilə 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı elektron qərar qəbul edilərək 600 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük parametrləri aşılmamışdır. Ona görə də DİN-nin BDYPİ-nin 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı elektron qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət və ona əlavə edilmiş sənədlər 01 sentyabr 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 11 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, 05 avqust 2025-ci il tarixində Quba rayonundan Bakı şəhərinə idarə etdiyi yük maşını ilə çınqıl daşımaq üçün yola çıxmış, bu zaman yüklə birlikdə onun yük maşınının ümumi çəkisi 32160 kq olmuşdur. Bununla bağlı ona sertifikatlı tərəzi qəbzi də verilmişdir. Hətta çınqılın tərkibində bir qədər su da olduğuna görə yolda o da axıb getdikdən sonra daşıdığı yükün çəkisi təxminən 200-300 kq da azalmalı idi. Lakin Şabran rayonunun Mollakamallı kəndindən keçərkən onun telefonuna daşınan yükün çəkisi ilə bağlı qaydanı pozduğuna görə 600 manat cərimə olunması barədə sms gəlmişdir. Bundan sonra dərhal “102” qaynar xətti ilə əlaqə saxlamış, Zabrat postuna çatmasına az qaldığını, onun yük maşınının çəkilməsi üçün nümayəndə göndərilməsini istədiyini bildirmiş, cavabında isə ona yükünü çəkdirib çek ata biləcəyini söyləmişlər. O da Zabrat postuna çatmağa az qalmış əvvəlcə 2 saylı nəqliyyat idarəsinin tərəzisində yük maşınını çəkdirmək istəsə də, ona tərəzinin işləmədiyini bildirmişlər. Bundan sonra o, Zabrat postuna gəldikdə ona “Nasosnu” deyilən ərazidə 1 saylı tərəzi idarəsinin olduğunu, orada tərəzidən keçməli olduğunu bildirmişlər. Lakin həmin 1 saylı tərəzi idarəsində də 1 saatdan artıq gözləsə də, onu tərəzidən keçirməmişlər. Bundan sonra oradakı bir polis əməkdaşı ona məsləhət verərək bildirmişdir ki, Ceyranbatan ərazisində sertifikatlı tərəzi mövcuddur, yük maşınını orada tərəziyə çıxarıb sertifikatlı çek aldıqdan sonra məhkəməyə müraciət edə bilər. O da polis əməkdaşının dediyi kimi etmiş, Ceyranbatan ərazisindəki həmin sertifikatlı tərəzidə yük maşınını çəkdirmiş, bununla bağlı çek də almışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, o, cərimə olunduğu ərazidəki tərəziyə düşdükdən sonra ləngimələrə görə ən azı 4 saat keçdikdən sonra nəqliyyat vasitəsini 1 nömrəli yol idarəsində tərəziyə çıxara bilmişdir. Onun yük maşınından yük boşaltmaq imkanı olmamışdır. Onun telefonunda təxminən 10-15 dəqiqəlik videoçəkiliş də mövcuddur. 4 saatın qalan hissəsini isə kamera ilə yoxlayıb müəyyən etmək olar ki, o, yük maşınından dayanıb hər hansı yük boşaltmamışdır. O, barəsində tərtib edilmiş qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, “M- 1 129 km” Şabran rayonu, Mollakamallı kəndi, Bakı istiqamətində 05 avqust 2025-ci il tarixində saat 18:26:05-də “Shacman yük” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həqiqətən də, 05 avqust 2025-ci il tarixində, saat 18:26:05-də X2 tərəfindən Şabran rayonu, Mollakamallı kəndində **-UX-*** dövlət qeydiyyat nişanlı, “Shacman yük” markalı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməklə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan portaldan çıxarılmış görüntülərdən görünür ki, 05 avqust 2025-ci ildə, saat 18:26:05-də X2 tərəfindən Şabran rayonu, Mollakamallı kəndində **-UX- *** dövlət qeydiyyat nişanlı, “Shacman yük” markalı nəqliyyat vasitəsi maksimum icazə verilən kütlə 32000 kq olmalı olsa da, faktiki olaraq 35780 kq olaraq idarə edilmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs tərəfindən həqiqətən də yolverilən kütlə aşılmaqla nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Eyni zamanda fotoşəkillərdən də göründüyü kimi, sözügedən nəqliyyat vasitəsinin nə eyni, nə də əks istiqamətində paralelində hər hansı avtomaşın da hərəkət etməmişdir. Nizami Vahidov tərəfindən şikayətə əlavə olunmuş Bakı 1 nömrəli Yol İdarəsi MMC tərəfindən verildiyi göstərilən 05 avqust 2025-ci il tarixli qəbzdə **-UX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 31850 kq olduğu qeyd edilmiş, giriş saatı isə 21:43 olaraq göstərilmişdir. Göründüyü kimi, yüklə birlikdə nəqliyyat vasitəsinin 35780 kq olaraq çəkilməsindən sonra Nizami Vahidovun iddia etdiyi kimi 31850 kq olaraq çəkilməsi arasında təxminən 3 saat yarıma yaxın fərqin olması yük maşınından bir qədər yükün boşaldıla biləcəyinə dair ağlabatan şübhə yaradır. Həmin şübhənin həqiqətə uyğun olmadığını təsdiq etmək üçün isə Nizami Vahidov tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Bundan əlavə, Nizami Vahidov yük maşınına yükün yığılmasından sonra nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisinin 32160 kq olmasına dair qəbz də təqdim etsə də, həmin qəbzdə hər hansı imza və ya möhür olmamaqla yanaşı, ümumiyyətlə onun hansı təşkilat və ya şirkət tərəfindən verilməsi də göstərilməmişdir. Qeyd edilənlər onu göstərir ki, X2 barəsində qəbul olunmuş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 127.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 05 avqust 2025-ci il tarixli, EQ29742778 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar