Məhkəmə qərarları › İş №3(026)-284/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-284/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-284/2025 11.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mehrac Qədimov şikayətini onunla əsaslandırmışdır ki, o, **-UN-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı, ağır çəkili 5 oxlu nəqliyyat vasitəsini idarə edir. 28 iyul 2025-ci il tarixdə idarə etdiyi **-UN-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtomaşın ilə Qaradağ rayonunda “Norm” sement zavodundan 24600 kq “clinker” məhsulunu yükləyib (təmiz tara 39500 kq) saat 19 radələrində “Norm” zavodundan çıxmaqla M-2 Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhəd avtomobil yolunun 451,2 km (Qazax istiqaməti Ağstafa) yerləşən elektron tərəzidə avtonəqliyyat vasitəsinin çəkisi 42800 kq qeydə alındığı göstərilmişdir. 29 iyul 2025-ci il tarixdə təxminən saat 03 radələrində idarə etdiyi “DAF” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı 5 oxlu nəqliyyat vasitəsinin 1 saat sonra “Qırmızı körpü” sərhəd məntəqəsinə çatarkən avtomaşın çəkilərkən **-UN-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı avtomaşının təmiz çəkisi yük ilə birlikdə 40200 kq olmaqla qeydə alınmışdır. 29 iyul 2025-ci il tarixdə keçid məntəqəsində sıraya durmuş, sırada olarkən telefonuna mesaj daxil olmuşdur ki, Ağstafa rayonu, Köçəsgər kəndində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 353.2-ci maddəsi ilə artıq çəkiyə görə 600 manat cərimə olunmuşdur. Ona qarşı qərar qərəzlidir, belə ki, həmin avtomobilə 24820 kq “clinker” məhsulu yüklənilərək plomblanmış, CMR sənədi təhvil verilmiş, GE25-301215 saylı sənədə əsasən o, xarici ölkəyə keçmişdir. Həmin sənədlə Gürcüstan Respublikasına keçib məhsulu təhvil verərək 1 həftə sonra isə Azərbaycan Respublikasına geri qayıtmışdır. Qayıtdıqdan sonra dərhal Azərbaycan Respublikası DİN-nin BDYPİ-yə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etmiş, onlar həmin cərimənin düzgün tətbiq edilməsi barədə ona rəsmi cavab vermişlər. Ona verilən cavabı o, 01 sentyabr 2025-ci il tarixdə şəxsən əldə etmişdir. Onun maşınının ümumi çəkisi 39500 kq olmuş, “Qırmızı körpü” sərhəd məntəqəsinə çatarkən əlavə 700 kq yanacaq yüklədiyinə görə maşının ümumi çəkisi 40200 kq olmuşdur. Onların verdiyi çəki tamamilə yalandır, həqiqətə uyğun deyildir. Şikayət və ona əlavə edilmiş sənədlər 02 sentyabr 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası 11 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, Qobustan rayonunda qeydiyyatda olduğuna görə, şikayətinə də məhz Qobustan Rayon Məhkəməsində baxılmasını istəyir. Bildirdi ki, o, “clinker” adlanan sement üçün xammal materiallarını xarici ölkələrə, əsasən Gürcüstan Respublikasına daşımaqla məşğul olur. O, 28 iyul 2025-ci ildə 39500 kq yüklə Qaradağ rayonunda yerləşən “Norm” sement zavodundan yola çıxmış, Ağstafa rayonunda olarkən isə daşıya biləcəyi çəki limitini aşması səbəbi ilə tərəziyə düşmüş, onun yükünün çəkisinin təxminən 42800 kq olduğu qeyd edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, barəsində qərarın qəbul edildiyi X3 onun dayısıdır. İdarə etdiyi nəqliyyat vasitəsi bağlı sonuncu etibarnamə onun adına verildiyinə görə 600 manat məbləğində cərimə də onun adına yazılmışdır. Lakin həmin nəqliyyat vasitəsini onun özü idarə etdiyinə görə qərarı da məhz özü mübahisələndirmişdir. Nəqliyyat vasitəsi ilə bağlı CMR də öz adına tərtib edilmişdir. O, şikayətinin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, “M-2 451,2 km”, Ağstafa rayonu, Köçəsgər kəndi, Qazax istiqamətində 29 iyul 2025-ci il tarixində saat 03:58:49-da “DAF FT XF 105.460 yük” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 29 iyul 2025-ci il tarixində, saat 03:58:49-da Ağstafa rayonu, Köçəsgər kəndində **-UN-*** dövlət qeydiyyat nişanlı, “DAF FT XF 105.460 yük” markalı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməklə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan portaldan çıxarılmış görüntülərdən görünür ki, 29 iyul 2025-ci ildə, saat 03:58:49-da Ağstafa rayonu, Köçəsgər kəndində **-UN-*** dövlət qeydiyyat nişanlı, “DAF FT XF 105.460 yük” markalı nəqliyyat vasitəsi maksimum icazə verilən kütlə 40000 kq olmalı olsa da, faktiki olaraq 42830 kq olaraq idarə edilmişdir. Göründüyü kimi, həqiqətən də yolverilən kütlə aşılmaqla nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Eyni zamanda hazırda mübahisələndirilən qərardan görünür ki, həmin qərar X3 barəsində tərtib edilsə də, X2 həmin vaxt nəqliyyat vasitəsini özünün idarə etdiyini bildirərək, onun adına yazılmamış qərarı mübahisələndirmişdir. Bununla yanaşı, Mehrac Qədimov tərəfindən şikayətə əlavə olunmuş 27 iyul 2025-ci il tarixli əmtəə-nəqliyyat qaiməsindən görünür ki, həmin tarixdə sürücüsü Mehrac Qədimov olan **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə dolu çəkisinin 39500 kq olmuşdur. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, Mehrac Qədimovun “Norm” sement zavodunu 39500 kq yüklə 27 iyul 2025-ci il tarixdə, saat 00:49:32-də tərk etməsi qəbul olunsa da belə, nəqliyyat vasitəsinin 42830 kq yüklə tərəziyə düşməsi 29 iyul 2025ci ildə, saat 03:58:49-da Ağstafa rayonu, Köçəsgər kəndində baş vermişdir. Göründüyü kimi, həmin müddətlər arasında 2 gündən də bir qədər artıq vaxt olmuşdur. Bu isə sözügedən müddət ərzində nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən onun əlavə yüklə doldurula biləcəyini düşünməyə kifayət qədər əsaslı şübhə yaradır. Qeyd edilənlər onu göstərir ki, X2 tərəfindən verilmiş şikayətin dəlilləri əsaslı deyil. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 127.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ29570171 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar