Məhkəmə qərarları › İş №3(026)-294/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-294/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-294/2022 20.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlmirzə oğlunun və zərərçəkmiş şəxs X1 iştirakı ilə, 16 sentyabr 1998-ci ildə Qovustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Çalov kəndində yaşayan Şəxs Əlmirzə oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs Əlmirzə oğlunun 18 may 2022-ci il tarixdə Qobustan rayonunun Çalov kəndində X3 ilə aralarında yaranmış mübahisə zamanı Şəxs Famil Fərəcovu döydüyü göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlmirzə oğlu izahat verərək bildirdi ki, FHN-nin Yanğından Mühafizə İdarəsi Dəniz İdarəsində sürücü vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və münasibətləri normal olmuşdur. 18 may 2022-ci il tarixdə saat 23 radələrində o, Qobustan rayonu, Çalov kəndində su növbəsində olarkən Şamil adlı şəxs sərxoş halda onun yanına gəlmiş, Şamil ona evinə su aparmağa icazə verməyəcəyini bildirərək əlində olan dəmirlə bulaqdakı borunu sındırmağa başlamışdır. Anası ona icazə verməyəndə Şamil anasını vurmağa çalışmış və o araya girmiş, Şamilin əlindən dəmir parçasını almışdır. Şamil isə bu hərəkətindən sonra əsəbiləşərək polis əməkdaşlarına məlumat vermişdir. 18 may 2022-ci il tarixdə Şamil adlı şəxsi döyməmiş, sadəcə olaraq Şamil onun anasını vurmaq istəyərkən onun əlində olan dəmir parçasını almışdır. Şamil qərəzli olaraq belə bir məlumat vermişdir. Hadisə Qobustan rayonu, Çalov kəndində mərkəzi bulaq ətrafında baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisəni kənardan heç kim görməmişdir.Əməlindən peşmandır, Famildən üzr istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirdi ki, Qobustan rayonunun Çalov kəndində qeydiyyatda olmaqla orada yaşayır. Şıxəli ilə qonşusudur və bu günə qədər aralarında problem olmamışdır. 18 may 2022-ci il tarixdə saat 23 radələrində həyətində olan kartof sahəsini sulamaq üçün kənddə olan bulaqdan su götürmək istəyən zaman Şıxəli ilə arasında mübahisə olmuş, mübahisənin səbəbi sudan birinci kimin istifadə edəcəyi olmuşdur, Şıxəli mübahisə zamanı onu yumruqla vurmuş o yerə yıxılmış, daha sonra yerdə təpiklə vurmuşdur. Həmin vaxt onlardan başqa Şıxəlinin anası Pəri olmuşdur. O oradan uzaqlaşıb evə gəlmiş, güzgüyə baxdıqda üzünün qan olmasını görmüş və Azərbaycan Respublikası DİN-nin 102 XZM-yə məlumat vermişdir. Şəxs Əlmirzə oğlunun ondan üzr istəməsini nəzərə alır. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 17 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs Əlmirzə oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs Əlmirzə oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Qobustan rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin 17 may 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarındakı Qobustan rayon MTE və PAB verdiyi 31 may 2022-ci il tarixli 76 nömrəli tibbi rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər burun-beli nahiyəsinin səthi əzilmiş yarası, başın alın və təpə nahiyələrinin sıyrıqları, sol yanaq nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilən müddətdə və şəraitdə yəni 18 may 2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gəlməsi istisna olunmur. Sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlmirzə oğlunun və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Əlmirzə oğlu Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs Əlmirzə oğlu barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Əlmirzə oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar