Məhkəmə qərarları › İş №3(026)-306/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-306/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-306/2025 01.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, X1 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, Baş X4 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 353.2-ci maddəsi ilə tərtib edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı elektron qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 01 sentyabr 2025-ci il tarixində öz nəqliyyat vasitəsi – “Man TGX 18.440 yük” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı 5 oxlu avtomobil ilə Qobustan rayonu, Cəngi kəndindən Bakı istiqamətinə yük (şeben) daşıyarkən “SMS-Radar” vasitəsilə telefonuna İXM-in 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə yazılması barədə sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi guya yük maşınında olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və oxa düşən kütlə parametrlərini aşdığı göstərilmiş, həmin nəqliyyat vasitəsində olan yükün (şeben) çəkisinin 01 sentyabr 2025-ci il tarixində guya 43770 kq olduğu qeyd edilərək, DİN-in Baş X4 İdarəsi tərəfindən 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı elektron qərar qəbul edilmişdir. “Man TGX 18.440 yük” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 5 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 40000 kq çəkiyə qədər yük vurula bilər (8000×5=40000+5%=2000 kq). Ölçmə vasitələri “X5 Sınaq” MMC tərəfindən 0971/3- 2025 nömrəli sertifikat əsasında yoxlanılmışdır və tərəzi qəbzlərindən görünür ki, 1) 01 sentyabr 2025-ci il, giriş saat 16:20, çıxış saatı 16:23, Brutto: 38820 kq, Tara:15700 kq, Netto: 23120 kq; 2) 01 sentyabr 2025-ci il, giriş saatı 18:10, çıxış saatı 18:14, Brutto 38740 kq, Tara: 15700 kq, Netto: 23040 kq. Faktiki ölçmələr göstərir ki, yük icazə verilən limiti aşmamışdır. Saat 16:23-də tərəzi ölçməsi ilə 38820 kq, saat 18:10-da tərəzi ölçməsi ilə 38740 kq olmuşdur. Fərq (38820-38740=80 kq) yanacaq sərfiyyatı və digər minimal dəyişikliklərlə bağlıdır. Beləliklə, DİN-in Baş X4 İdarəsinin 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı elektron qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. DİN-in Baş X4 İdarəsi tərəfindən 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı elektron qərar əsasında 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin nəqliyyat vasitəsinə icazə verilən yük parametrləri aşılmadığından bu cərimə qanunsuz və əsassızdır. Şikayət və ona əlavə edilmiş sənədlər 16 sentyabr 2025-ci il tarixində Qobustan Rayon Məhkəməsinə daxil olmuş və şikayətə baxılması üzrə məhkəmə iclası ilk dəfə 24 sentyabr 2025-ci il tarixə təyin edilsə də, şikayət vermiş şəxs və qərarından şikayət verilən orqan məhkəmə iclasında iştirak etmədiklərinə görə, məhkəmə iclası 01 oktyabr 2025-ci il tarixə təxirə salınmışdır. Həmin məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, yenə də tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Ona görə də məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, M- 4 55,3 km, Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqamətində 01 sentyabr 2025-ci il tarixində saat 17:32:14-də “Man TGX 18.440 yük” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmiş, nəticədə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həqiqətən də, 01 sentyabr 2025-ci il tarixində, saat 17:32:14-də X2 tərəfindən Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqamətində “Man TGX 18.440 yük” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməklə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan portaldan çıxarılmış görüntülərdən görünür ki, 01 sentyabr 2025-ci ildə, saat 17:32:14-də X2 tərəfindən Qobustan rayonu, Cəngi kəndi, Bakı istiqamətində “Man TGX 18.440 yük” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maksimum icazə verilən kütlə 40000 kq olmalı olsa da, faktiki olaraq 43770 kq olaraq idarə edilmişdir. Göründüyü kimi, şikayət vermiş şəxs tərəfindən həqiqətən də yolverilən kütlə aşılmaqla nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolunda idarə edilmişdir. Eyni zamanda fotoşəkillərdən də göründüyü kimi, sözügedən nəqliyyat vasitəsinin nə eyni, nə də əks istiqamətində paralelində hər hansı avtomaşın da hərəkət etməmişdir. X2 tərəfindən şikayətə əlavə olunmuş "xxxx" MMC tərəfindən verildiyi göstərilən 01 sentyabr 2025-ci il tarixli qəbzdə saat 16:20-16:23 aralığında **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 38820 kq olduğu qeyd edilmiş, həmin tarixli digər qəbzdə isə saat 18:10-18:14 aralığında **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisinin 38740 kq olduğu göstərilmişdir. İlk öncə qeyd etmək lazımdır ki, birinci verilmiş qəbzdə möhür və imza mövcud olsa da, ikinci qəbzdə hər hansı imza və ya möhür olmamaqla yanaşı, ümumiyyətlə onun hansı təşkilat və ya şirkət tərəfindən verilməsi də göstərilməmişdir. Bu isə ikinci qəbzin ümumiyyətlə mötəbər sübut olaraq qəbul edilməsini yolverilməz edir. Digər tərəfdən möhürlənmiş ilkin qəbzdə saat 16:20-16:23 aralığında nəqliyyat vasitəsinin 38820 kq olduğu qeyd edilsə də, nəqliyyat vasitəsi saat 17:32-də tərəzidə 43770 kq yüklə çəkilmişdir. Təxminən 1 saatdan da artıq olan həmin müddətdə şikayət vermiş və ya digər şəxs tərəfindən nəqliyyat vasitəsinə əlavə yük yığılmaması da istisna edilmir. Şikayət vermiş şəxs də məhkəmə iclaslarında iştirak etməyərək hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilənlər onu göstərir ki, X2 barəsində qəbul olunmuş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 127.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 01 sentyabr 2025-ci il tarixli, EQ30354803 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar