Məhkəmə qərarları › İş №3(026)-31/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-31/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-31/2022 16.02.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 14 fevral 2022ci il tarixdə saat 18 radələrində Qobustan rayonunun Ərəbqədim kəndinə gedən yolda Qobustan rayon polis şöbəsinin əməkdaşlarının xidmətinə mane olaraq kobudluq etmiş, qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 14 fevral 2022-ci il tarixdə Qobustan rayonuna xəstəxanaya gəlmiş və işini qurtardıqdan sonra yaşadığı Ərəbqədim kəndinə qayıtmaq üçün yola düşmüşdür. Ərəbqədim kəndinin yolunda polis əməkdaşlarının “KAMAZ” markalı avtomaşınla Bakı şəhərinə peyin aparan xalası oğlunu saxladıqlarını görüb onlara yaxınlaşaraq salam vermiş və polislərdən xalası oğlunun avtomaşınını saxlamalarının səbəbini soruşaraq özünün vətən müharibəsi qazisi olduğunu və ayağının protez olduğunu demişdir. Polislər isə ona “gözüm aydın vuruşmusan, cənab prezident haqqını verib” dediklərinə görə əsəblərini cilovlaya bilməyərək onlarla mübahisə etmişdir. Polis əməkdaşları onu polis avtomaşınına mindirmək istəyərkən o öz avtomaşını ilə polis şöbəsinə gedəcəyini deyərək öz avtomaşını ilə Qobustan rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahatında göstərdi ki, torpaqla bağlı reyd keçirilmişdir. Polis əməkdaşları keçirilən reydlə əlaqədar Qobustan rayonunun Ərəbqədim kəndinə gedən yolda Bakı-Şamaxı yoluna doğru hərəkət edən “KAMAZ” markalı avtomaşını saxlamışlar. Həmin vaxtı Ərəbqədim kənd sakini Rais adlı şəxs heç bir əsas olmadan onlara yaxınlaşaraq polis əməkdaşlarının qanuni işlərinə müdaxilə edərək kobudluq etmiş, nizam-intizamı pozmağa çalışaraq onların qanuni tələblərinə məhəl qoymadıqlarına görə onları polis şöbəsinə dəvət etmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar