Məhkəmə qərarları › İş №3(026)-313/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-313/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-313/2025 18.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxx 1975-ci ildə Şamaxı rayonu, Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və Qobustan şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 18 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 18 sentyabr 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4 bildirdi ki, 18 sentyabr 2025-ci il tarixdə Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ceyhun Sifanlının raportu onun icraatına daxil olmuşdur. Raportda qeyd edilmişdir ki, 18 sentyabr 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində Qobustan RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkili Vaqif Məmmədli ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söydüyünü görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs aqressiv hərəkətlərinə davam edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də həmin şəxsin məcburi qaydada polis şöbəsinə gətirilməsi təmin edilmişdir. Şöbədə həmin şəxsin Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan və hal-hazırda Qobustan şəhərində yaşayan Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onun tərəfindən aparılan araşdırma çərçivəsində Şəxs raportda qeyd edilənləri təsdiq etmiş, həmin vaxt telefonda ona borcu olan şəxslə mübahisə edib əsəbləşdiyindən söyüş söydüyünü qeyd etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Buna görə də onun barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də 18 sentyabr 2025-ci il tarixdə telefonda onun borcunu verməyən bir şəxslə danışarkən əsəbiləşib küçədə söyüş söymüşdür. Kənardan bunu görən polis əməkdaşları yaxınlaşıb onu nizam-intizama dəvət etmiş, bundan sonra isə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da etiraz etməyərək polis şöbəsinə getmişdir. O, törətdiyi əməldən peşmandır və səhv etdiyini dərk edir. Həmçinin qeyd etdi ki, mülki geyimdə olduqlarına görə ona yaxınlaşmış şəxslərin polis əməkdaşları olduqlarına inanmadığından və əsəbi olduğundan hərəkətlərini dərhal dayandırmamışdır. O, himayəsində yetkinlik yaşına çatmayan 1 uşağının olduğu və belə bir əmələ ilk dəfə yol verdiyi nəzərə alınaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X5 bildirdi ki, 18 sentyabr 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində Qobustan RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkili Vaqif Məmmədli ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayiq söyüşlər söydüyünü görərək ona yaxınlaşıb özlərini təqdim etmiş, onu nizam-intizama dəvət etmişlər. Lakin buna baxmayaraq həmin şəxs əsəbi olduğunu əsas gətirərək öz hərəkətlərinə davam etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Vaqif Məmmədli ilə birlikdə həmin şəxsin polis şöbəsinə gətirilməsi təmin olunmuşdur. Polis şöbəsinə gətirildikdə isə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X3 digər şahid X5 ilə eyni məzmunda izahat verdi. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs nizam-intizama dəvət edib hərəkətlərini dayandırmasını tələb etsələr də, o daha aqressiv şəkildə hərəkətlərinə davam etmiş, lakin fiziki müqavimət göstərməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlindən peşman olub onu etiraf etməsi, ilk dəfə belə əmələ yol verməsi və himayəsində yetkinlik yaşına çatmayan 1 uşağının olması nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən 18 sentyabr 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Qobustan şəhəri, H.Əliyev prospektində uca səslə söyüş söyülməsi, onu nizam-intizama dəvət edən polis əməkdaşının həmin qanuni tələblərinə dərhal tabe olmaması şahidlərin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, əsəbi olduğuna görə bu cür hərəkətlərə yol vermiş, onu nizam-intizama dəvət edən şəxslərin polis əməkdaşları olduqlarına inanmamışdır. Hazırda əməlindən peşmandır və özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilir. Qeyd edilənlərdən də göründüyü kimi, Şəxs 18 sentyabr 2025-ci ildə Qobustan şəhəri, H.Əliyev prospektində ictimai qaydanı pozaraq uca səslə söyüş söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşının bu barədə qanuni tələblərinə əməl etməmiş, bununla da İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, eləcə də, onun himayəsində yetkinlik yaşına çatmayan 1 uşağının olduğunu onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar