Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-319/2025 22.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olan və Qobustan rayonu, Xilmilli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 22 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-182/2024 saylı, 04 iyun 2024-cü il tarixli icra sənədinə əsasən üç uşağın saxlanılması üçün cəmi 450 manat aliment pulu Şəxs tutularaq X3 ödənilməlidir. Lakin Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və aliment borcunu ödəməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(026)-182/2024 saylı, 04 iyun 2024-cü il tarixli icra sənədinə əsasən birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi 05 iyun 2024-cü ildə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu tərəfindən aliment borcu ödənilmədiyindən, inzibati məsuliyyətə cəlb ediləcəyi barədə ona rəsmi xəbərdarlıqlar olunmuş, yazılı izahatları alınmışdır. O, əvvəllər aliment borcunu ödəsə də, sonradan hər ay aliment məbləğindən aşağı məbləğdə ödənişlər etmişdir. Sonuncu dəfə isə 2025-ci ilin aprel ayında 300 manat ödəniş etmiş, daha sonra aliment borcu üzrə hər hansı ödəniş etməmişdir. Şəxs hazırkı tarixə olan ödənilməmiş aliment borcu 3850 manat təşkil edir. Şəxs hətta bir neçə dəfə dəvət olunmasına baxmayaraq, icra şöbəsinə gəlmədiyindən onun barəsində axtarış da elan olunmuşdur. Yalnız bundan sonra Şəxs saxlanılaraq Qobustan rayon İcra və Probasiya şöbəsinə gətirilməsi təmin edilmişdir. 22 sentyabr 2025-ci il tarixdə onun izahatı alınarkən ən azından aliment borcundan müəyyən ödəniş etməsi barədə təklif olunsa da, o hazırda ödəniş edə bilmədiyini, işləyib hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Qeyd edilənlərə əsasən Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, o, xəstə olması səbəbindən bir neçə ay xəstə kimi yatmış, işləyə bilməmiş, bu səbəbdən də ödənişləri edə bilməmişdir. Əgər ona vaxt verilərsə, o, yığılmış aliment borcundan müəyyən bir hissə ödəyə bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs ödəniş edə bilməsi üçün əlavə vaxt verilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 05 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin e-2(026)- 182/2024 saylı, 04 iyun 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədi üzrə 14 fevral 2007-ci il tarixdə anadan olmuş X6, 21 yanvar 2009-cu il tarixdə anadan olmuş X7 və 02 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməlidir. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmış, həmçinin barəsində axtarış tədbirlərinin görülməsinə zərurət yaranmışdır. X8 da bir neçə dəfə borclu Şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün ərizə vermişdir. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(026)-182/2024 saylı, 04 iyun 2024-cü il tarixli icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə hazırda 3850 manat məbləğində aliment borcu yaranmışdır. Həmin icra sənədi üzrə aliment ödənişlərinin edilməməsi faktını Şəxs özü də məhkəmə iclasında təsdiq etmiş, bunu xəstəliyi və işləməməsi ilə əlaqələndirmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, maddi və ailə vəziyyətini, icra məmurunun çağırışlarına gəlməməsini və barəsində axtarış elan olunmasını da nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-319/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-319/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver