Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-320/2025 22.09.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Qobustan rayonu, Təsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Yekəxana ərazi dairəsi, Təsi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.1-ci, 332.1-ci və 333.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 327.1-ci, 332.1-ci və 333.2-ci maddələri ilə 18 sentyabr 2025-ci il tarixli, İXP7439427 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon X5 yol polisi bölməsinin yolpatrul xidməti baş inspektoru, polis mayoru X2 bildirdi ki, 18 sentyabr 2025-ci ildə Qobustan rayonu ərazisində xidmətdə olarkən “VAZ-21011” minik markalı avtomobilin sağsol edərək manevr etdiyini gördükdə onu saxlamış, etibarnaməsi olmadan avtomobili idarə etdiyini müəyyən etmişdir. Bu zaman onun ağzından spirtli içki qoxusu gəldiyini hiss edib spirtli içki qəbul etdiyini soruşduqda Şəxs spirtli içki qəbul etdiyini təsdiq etmişdir. Buna görə də o, Qobustan RPŞ-yə gətirilərək izahatı alınmış, tibbi müayinədən keçirilməsi üçün göndərilmiş və spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Həmçinin mərkəzi məlumat sistemindən aşkar olunmuşdur ki, Şəxs 21 sentyabr 2024-cü ildə spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyindən onun barəsində İXM-in 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin inzibati xətadan 1 il keçməmiş Şəxs yenidən içkili şəkildə avtomobil idarə etmişdir. Buna görə də onun barəsində hazırkı protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, həqiqətən də, pivə içdikdən sonra zəruri olduğuna görə avtomobil idarə etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, həqiqətən də, 2024-cü ilin sentyabr ayında da eyni əmələ yol vermiş, həmin vaxt onun barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O, himayəsində yetkinlik yaşına çatmayan 4 uşağının olduğunun nəzərə alınaraq hazırda da məhkəmədən onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs törətdiyi əməli etiraf etməsi və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması nəzərə alınaraq barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-in 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 333-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki sərxoşluq vəziyyətinin müayinəsi haqqında 18 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs alkoqolun konsentrasiyasının 0,41 promilli olması müəyyən edilmişdir. İşdəki sistemdən çıxarışdan görünür ki, Şəxs tərəfindən 21 sentyabr 2024-cü il tarixdə İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs izahatından da görünür ki, sonuncu özünü təqsirli bilib əməlini qəbul edərək spirtli içki olan pivə qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etdiyini və 2024-cü ilin sentyabr ayında da spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə etdiyinə görə barəsində inzibati cərimə tətbiq edildiyini etiraf etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs 18 sentyabr 2025-ci ildə spirtli içkidən istifadə edib “VAZ-21011” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, onun qanında alkoqolun konsentrasiyası 0,41 promilli olmaqla, sərxoşluq vəziyyətində olmuşdur. Göründüyü kimi, o, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmək əməlini 21 sentyabr 2024-cü ildə İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Bunu nəzərə alan məhkəmə bildirir ki, Şəxs məhkəmənin baxmaq səlahiyyəti olan İXM-in 333.2-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməsə də, onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmuşdur. Belə ki, İXM-in 32.1.1-ci maddəsinə görə, onun törətdiyi əməli etiraf edib səmimi peşman olması, İXM-in 32.2-ci maddəsi baxımından isə himayəsində yetkinlik yaşına çatmayan 4 uşağının olması (03 avqust 2016-cı il təvəllüdlü, 09 yanvar 2018-ci il təvəllüdlü, 22 iyun 2020-ci il təvəllüdlü və 02 mart 2023-cü il təvəllüdlü) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması nəzərə alınarsa, onun barəsində daha yüngül inzibati tənbeh növünün seçilməsi məqsədəuyğun sayılmalıdır. Belə ki, Şəxs törətmiş olduğu əməldən peşman olmasının, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasının onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilməsi, həmçinin onun əməlində məsuliyyəti ağırlaşdıran halların olmaması tənbeh tədbiri tətbiq edilərkən nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.2-ci maddəsi çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157- 188, 189-1, 189-3.2, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206- 208, 211.1, 212.4-1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 266.3-1, 267, 272.1, 272.3, 272-1, 274.4, 274-1, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4-332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 338-1, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1-343.7, 343.9, 343-1.1-343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1-381.7, 388-388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401-404, 406-409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 454-1, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464-466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479-481, 482.1, 482-1, 496.2, 499.2, 502-504, 506-508, 510, 511, 513, 515-517-3, 520, 523, 525-535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549-554, 558-561, 562.1, 562.2, 562-1, 563.2, 567-569, 571, 573, 574, 590-592, 592-1, 594-596, 598, 599- 602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Ona görə də Şəxs İXM-in 327.1-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan rayon X5 X6 göndərilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 333.2-ci maddəsi çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs İXM-in 327.1-ci və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qobustan rayon X5 X6 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-320/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-320/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver