Məhkəmə qərarları › İş №3(026)-326/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-326/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-326/2024 07.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X3 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi vəkillər kollegiyasının üzvü-fərdi fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxx 1987-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 07 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 05 oktyabr 2024-cü il tarixdə səhər saatlarında özünə məxsus **-TK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ev şəraitində hazırlanmış alkoqollu (spirtli) içkinin satışını həyata keçirdiyi göstərilmişdir. Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, 05 oktyabr 2024-c ü il tarixdə özünə məxsus ”Sus Reno” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İsmayıllı rayonunda qohumunun keçirdiyi toy məclisində iştirak etdikdən sonra Bakı şəhərinə qayıdan zaman İvanovka kənd sakini Hakim adlı şəxs ondan küstar üsulla hazırladığı (çəkmə araq) spirtli içkini Sulutəpə ərazisinə qədər aparmasını xahiş etmiş və o da razılaşmışdır. Qobustan rayonu ərazisindən keçərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış və avtomaşında olan spirtli içkilər aşar olunaraq götürülmüşdür. Spirtli içkilərin satışı ilə məşğul olmur. Məhkəmə inzibati xətaya dair materialı, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs əməlində barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs alkoqollu (spirtli) içkinin satışını həyata keçirməsi faktı təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsinə əsasən ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə -inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda icraata xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 456-cı maddəsi ilə təqsirləndirilən Şəxs vəkili X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar