Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-335/2025 14.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxx 1976-cı ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonu, Siyəzən şəhəri ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan RPŞdən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 14 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 14 oktyabr 2025-ci il tarixdə Şəxs küçədə səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etmişdir və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək bildirdi ki, 14 oktyabr 2025-ci ildə Qobustan RPŞ-nin DYPB-nin YPX inspektoru Tural Qasımov raportla müraciət edərək bildirmişdir ki, 14 oktyabr 2025-ci il tarixdə Qobustan şəhəri ərazisində xidmətdə olan zaman “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücüsünün əks hərəkət zolağına çıxmaqla manevr etdiyi üçün saxlamış, avtomobil və sürücü barədə məlumatların portalda yoxlanılması gərəkdiyini bildirmiş, bu zaman sürücü etiraz etmiş, portalda yoxlanılan zaman isə sözügedən avtomobilin üzərində həbs olduğu və onun mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul edildiyi aşkar edilmiş, nəqliyyat vasitəsi duracağa gətirilən zaman isə sürücü Şəxs küçədə səs-küy salmış, uca səslə söyüş söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşının tələblərinə əməl etməyərək sakitləşməmiş və maşınının duracağa yerləşdirilməsinə etiraz etmişdir. Bundan sonra həmin məsələ araşdırılması üçün onun icraatına verilmişdir. O da həmin şəxsin və polis əməkdaşının izahatını aldıqdan sonra Şəxs barəsində İXM-in 510cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, o, 14 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Ramiz adlı şəxsin dəvəti ilə Şamaxı rayonuna getmək istədikdə yolu tapa bilmədiyinə və tanımadığına görə qaydanı pozmuş, bu zaman polis əməkdaşı işarə verərək ona maşınını saxlamasını bildirmişdir. Polis əməkdaşı gəldikdə özünü təqdim etmiş, o da portalda yoxladıqda avtomobil üzərində həbs olduğunu və onun duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Bundan sonra onu dəvət etmiş Ramiz adlı şəxsin gəlməsini gözləyib sonradan onunla birlikdə maşını duracağa aparmışlar. Ola bilsin ki, hadisənin istiliyi səbəbindən hirsli olmuş, küçədə səs-küy salmışdır. Etdiyi əmələ görə peşmandır. Lakin polis əməkdaşına qarşı hər hansı müqavimət göstərməmişdir. Özü də ikinci qrup əlildir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin YPX inspektoru, polis baş serjantı X2 bildirdi ki, 14 oktyabr 2025-ci il tarixdə səhər saatlarında Qobustan şəhəri, Elyar Vəliyev küçəsində xidmətdə olarkən “Khazar” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozduğunu görüb ona saxlaması üçün işarə vermiş, maşına yaxınlaşdıqda sürücünün telefonla danışdığını görüb özünü təqdim etmiş, portalı götürüb sürücü və avtomobil barədə məlumatları yoxlamaq istəmişdir. Lakin sürücü əvvəlcə öz adını bildirməmiş, sonradan özünü təqdim etmişdir. Portalda avtomobili yoxlayan zaman onun duracağa yerləşdirilməsi barədə qərar olduğunu müəyyən etmiş və Şəxs avtomobilin duracağa aparılmalı olduğunu bildirmişdir. Lakin o, buna etiraz etmiş, avtomobili duracağa aparmaq istəməmiş, ictimai yerdə, kafelərin yaxınlığında uca səslə küçədə səs-küy salmış, yalnız Ramiz adlı şəxs gəldikdən sonra avtomobil duracağa aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlindən peşman olmasını və ikinci qrup əlil olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara, həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntüləri əks etdirən diskə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 oktyabr 2025-ci il tarixində Qobustan şəhəri, Elyar Vəliyev küçəsində ucadan səs-küy salması iş materialları, protokolu tərtib etmiş şəxsin və şahidin ifadələri, eyni zamanda Şəxs öz ifadəsi ilə təsdiq olunur. Şəxs səs-küy salmasının səbəbini həmin zaman hirsli olması ilə izah etməyə çalışmışdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs bu əməli ilə - Qobustan şəhəri, Elyar Vəliyev küçəsində ictimai yerdə ucadan səs-küy salmaqla ictimai qaydanı pozmuş, nəticədə İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı, Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən olunmur. Belə ki, iş materialları ilə Şəxs polisin hansısa qanuni tələbinə qəsdən tabe olmamasını müəyyən etmək mümkün olmur. Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibinin yaranması halını təsdiq etmək üçün isə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Videogörüntüdən də aydın olur ki, Şəxs polisin saxla əmrinə tabe olmaqla yanaşı, avtomobilin duracağa yerləşdirilməli olması barədə məlumat verildikdən sonra da oradan yayınmamış, telefonla danışdığı şəxsin gəlməsini gözləmişdir. Şahid olan polis əməkdaşı Tural Qasımov da Ramiz adlı həmin şəxs gəldikdən sonra avtomobilin duracağa aparıldığını bildirmişdir. Ona görə də onun İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Şəxs əməlindən peşman olmasını, ikinci qrup əlilliyinin olmasını, eləcə də, himayəsində 3 uşaq olmaqla, onlardan birinin yetkinlik yaşına çatmadığını (20 noyabr 2007-ci il təvəllüdlü) onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmir. İXM-in 510-cu maddəsinin sanksiyasında isə 50 manatdan 100 manatadək məbləğdə inzibati cərimə və ya 15 günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 30.2-ci maddəsinə görə, altmış beş yaşına çatmış kişilər, həmçinin orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs ikinci dərəcəli əlil olmasını da nəzərə alaraq bildirir ki, İXM-in 30.2ci maddəsinə görə onun barəsində inzibati həbsin tətbiq edilməsi mümkün deyil. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, İXM-in 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 510-cu maddəsi çərçivəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-335/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-335/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver