Məhkəmə qərarları › İş №3(026)-339/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-339/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-339/2024 18.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonu, Çalov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 18 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 17 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Qobustan ərazisində xırda xuliqanlıq hərəkətləri törətmişdir və X2 təhqir etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlu bildirdi ki, 17 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Qobustan rayon Polis Şöbəsinin əməkdaşları X5 çağırışı üzrə Qobustan şəhərinin “SON” adlanan ərazisinə getmişlər. Məlum olmuşdur ki, Qobustan rayonu, Çalov kənd sakini Şəxs içkili vəziyyətdə təcili tibbi yardım maşını çağırmış, maşın gəldikdən sonra onu təcili yardım avtomaşınına minməyə dəvət etsələr də, o, avtomaşına minməkdən imtina etmiş, səbəbsiz yerə özünə xəsarət yetirməklə həkimləri hədələmiş və həkimlərə qarşı nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə eyni xarakterli əməllər törətməklə, o cümlədən sərxoş halda əsassız yerə təcili tibbi yardım çağırtdırmış və həkim briqadası ilə narazılıq yaratmışdır. Hətta sonuncu dəfə eyni xarakterli əməlinə görə cərimə növündə inzibati tənbeh olunmuşdur. Ümumiyyətlə, o, dəfələrlə müxtəlif əməllərinə görə inzibati qaydada həbs də olunmuşdur. Lakin buna baxmayaraq, Şəxs islah olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək qeyd etdi ki, o, həqiqətən də 17 oktyabr 2024-cü il tarixdə gecə saatlarında “103” xidmətinə zəng edib təcili tibbi yardım çağırmışdır. Həmin gecə sərxoş olduğundan ürəyinin sancdığını düşünmüşdür. Ola bilsin ki, sərxoş olduğuna görə hər hansı nalayiq ifadələrdən istifadə etmişdir. Amma onun niyyəti xuliqanlıq etmək olmamış, həqiqətən də ürəyinin sancdığını düşünmüşdür. Ona görə də həkimlərdən onu bağışlamalarını xahiş edir. Həmçinin bildirdi ki, yaralanmasa da və əlilliyi olmasa da, o, Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmişdir. Onun barəsində tədbir görülərkən bu halın da nəzərə alınmasını xahiş edir. X3 bildirdi ki, Şəxs bununla artıq ikinci dəfədir ki, onun növbəsi olan zaman “103” xidmətinə zəng edib çağırış edir və gedərkən onun içkili olması müəyyən edilir. O, əvvəllər də bir dəfə eyni qaydada sərxoş vəziyyətdə olarkən təcili tibbi yardıma zəng etmiş, çağırışı üzrə gedərkən ona qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən hətta Şəxs barəsində inzibati cərimə də tətbiq olunmuşdur. Lakin bu hal yenidən təkrarlandığından hesab edir ki, onun barəsində daha ciddi tədbir görülməli və o, inzibati qaydada həbs olunmalıdır. X1 da X5 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş 17 oktyabr 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 389 saylı aktından görünür ki, Şəxs 17 oktyabr 2024-cü il tarixdə orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmasa da, onun qeyd olunan inzibati xətanı sərxoş halda törətməsi müəyyən edilmişdir. İXM-in 33.1.7-ci maddəsinə görə, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, ona İXM-in 510-cu maddəsinə əsasən tənbeh tətbiq edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar