Məhkəmə qərarları › İş №3(026)-351/2024

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-351/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-351/2024 28.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1978-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Bədəlli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 28 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 17 oktyabr 2024-cü il tarixdə Bədəlli kənd sakini Zərərçəkmiş şəxs söyərək təhqir etmişdir. Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, o, heç kəsi söyüb təhqir etməmişdir. Düzdür, Zərərçəkmiş şəxsla aralarında 17 oktyabr 2024-cü ildə axşam saat 10 radələrində müəyyən narazılıq olmuşdur. Belə ki, o, öz kartından Zərərçəkmiş şəxs kartına pul köçürmüşdür. Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsində dükan inşa edərək xırda ticarətlə məşğul olur. O, pulu kartına köçürdükdən sonra Zərərçəkmiş şəxs evi tərəfə gedib onu səsləyib kartına pul göndərdiyini bildirsə də, Zərərçəkmiş şəxs kartına pul gəlmədiyini bildirmişdir. Bundan sonra evə gedib yenidən yoxladıqdan sonra Zərərçəkmiş şəxs ona köhnə borcları olduğunu da bildirmişdir. Bundan sonra bir də gedib çekləri yoxlamış, Zərərçəkmiş şəxs isə onu evinə çağırmış, o, Zərərçəkmiş şəxs evinə gedəndə qapı bağlı olduğundan ona zəng etmişdir. Buna görə aralarında narazılıq olmuş, o, Zərərçəkmiş şəxs vergi orqanına şikayət etməklə hədələmişdir. Zərərçəkmiş şəxs acığına gələn də bu olmuşdur. Lakin o, Zərərçəkmiş şəxs qarşı hər hansı söyüş və ya təhqiramiz ifadə işlətməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs ona söyüş söyməsə də, ona qarşı kobud ifadə işlətmişdir ki, o, həmin ifadəni özünə qarşı təhqir hesab edir. Belə ki, o, İİ qrup əlildir və onun ayağında problem var. Şəxs telefonda ona qarşı “çolaqlığından istifadə edib məni incidirsən, mən səndən vergiyə şikayət edəcəm” kimi ifadə işlətmişdir. Həmçinin, bildirdi ki, o, Şəxsla artıq barışmışdır, ona hər hansı pislik etmək istəmir. Sadəcə bir daha ona qarşı bu cür ifadə işlətməməsini istəyir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X5 bildirdi ki, polisə ünvanladığı şikayət ərizəsində Zərərçəkmiş şəxs Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini bildirmişdir. Ona görə də o, protokolu tərtib edərkən Şəxs Zərərçəkmiş şəxs söyüb təhqir etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs necə müraciət etmişdirsə, o, protokolu o cür tərtib etmişdir. Məhkəmə inzibati xətaya dair materialı, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozması faktı öz təsdiqini tapmır. Bundan başqa, zərərçəkmiş şəxs Mədətov X4 Natiq Şakərəm oğlu ilə barışaraq ondan heç bir şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-in 53.0.2-ci maddəsinə uyğun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs vəkili X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar