Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-352/2024 29.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxxxx 1989-cu ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs özünə məxsus 12 kalibrli “Stoeger” markalı, ******* nömrəli silahı saxlama qaydalarını pozmuşdur. Şəxs 6 aydan artıq müddətdə Fransa Respublikasında yaşamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3 bildirdi ki, Şəxs istifadəsində olan 12 kalibrli “Stoeger” markalı, ******* nömrəli ov silahının yoxlanılması üçün Şəxs yaşadığı ünvana getmişdir. Həmin vaxt Şəxs Fransa Respublikasında olduğunu və silahın saxlanıldığı dəmir seyfin açarının onun qardaşında olduğunu bilmişdir. Bununla da Şəxs silahı saxlama qaydasını pozmuşdur. O, Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, özünə məxsus 12 kalibrli “Stoeger” markalı, ******* nömrəli ov silahını Fransaya gedərkən silahın çaxmaq hissəsini yalnız özünün bildiyi şifrə ilə bağlanan örtüklə bağlamış, onu sökülü vəziyyətdə evdə olan dəmir seyfə qoymuşdur. Lakin həmin dəmin seyfin açarını qardaşına vermişdir. Bunun inzibati xəta olduğunu bilməmişdir, hazırda peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İİ hissəsinə əsasən, silah onun mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onun ələ keçirilməsini istisna edən şəraitdə saxlanılmalıdır. Həmin Qanunun 15-ci maddəsinin İV hissəsinə əsasən, odlu silahın və döyüş sursatının Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan başqa şəxslərə verilməsi qadağandır. Sözügedən normanı nəzərə alan məhkəmə bildirir ki, hazırkı işin hallarından göründüyü kimi, Şəxs özünə məxsus olan ov silahını sökülü vəziyyətdə və çaxmaq hissəsini xüsusi şəkildə seyfə qoymuş olsa da, həmin seyfin açarını qardaşına verməklə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İİ hissəsinin tələblərini pozmuşdur. Belə ki, normaya görə həmin silah kənar şəxslər tərəfindən ələ keçirilməsinin istisna olduğu yerdə saxlanılmalı olsa da, Şəxs silahın saxlandığı seyfin açarını qardaşına verməklə, həmin silahı qardaşının ələ keçirməsinə şərait yaratmış, bununla da mülki silahın saxlanılması qaydasını pozmaqla, İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Bundan əlavə, məhkəmə Şəxs silahın sökülü vəziyyətdə qoyulmasına və onun çaxmaq hissəsinin xüsusi şəkildə bağlanmasına yönəlmiş hərəkətlərini silahdan kənar şəxslərin istifadəsinin qarşısını almağa yönəlməsi kimi qiymətləndirir və həmin halı da məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-in 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Şəxs adına verilmiş 18 dekabr 2019-cu il tarixli, 2349 nömrəli şəhadətnamədən görünür ki, 12 kalibrli, “Stoeger” markalı, ******* nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs icazə verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və polis şöbəsinin əməkdaşının izahatını dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs mülki silahın saxlanılması qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu da nəzərə alaraq bildirir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bununla yanaşı, məhkəmə hazırda silahın müsadirə edilməsi üçün hər hansı zərurət olmadığını qeyd edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-352/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-352/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver