Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-352/2025 24.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızının və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1984-cü il təvəllüdlü, Şamaxı rayonu, Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Müşfiqabad qəsəbəsində yaşayan Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 24 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-56/2023 saylı, 02 fevral 2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 üç uşağın saxlanılması üçün cəmi 300 manat aliment alınıb X5 verilməlidir. Lakin borclu Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızının yığılmış aliment borcundan heç bir məbləğdə aliment pulu ödəməməsi, hər ay alimenti ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 bildirdi ki, Qobustan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(026)-56/2023 saylı icra sənədinə əsasən 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızından hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb X5 verilməlidir. Həmin icra sənədi verildikdən sonra Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 03 fevral 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borcluya inzibati və cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmışdır. Lakin o, əvvəllər aliment ödənişlərini etsə də, 2024cü ilin ortalarından başlayaraq hər ay 50-100 manat olmaqla, qismən ödəniş etmişdir. Son dövrlərdə isə ümumiyyətlə 15-20 manat məbləğində ödənişlər edirdi. Hətta tələbkar borclunun yığılmış aliment borcundan 1000 manat məbləği bağışlamışdır. Borclunun hazırkı vaxta həmin icra sənədi üzrə yaranmış aliment borcu 2050 manat təşkil edir. Borclunun izahatı alınarkən o, imkanı olduqda 50-100 manat aliment ödənişləri edəcəyini bildirmiş, tələbkar isə bununla razılaşmadığına görə borclu barəsində qanuna uyğun tədbir görülməsi üçün ərizə ilə icra şöbəsinə müraciət etmişdir. Borcluya yenə də yığılmış aliment borcundan müəyyən məbləğdə ödəniş etməsi təklif olunsa da, o, ödəniş etməmiş, yalnız növbəti aylarda imkanı olarsa, ödəniş edə biləcəyini bildirmişdir. Beləliklə, qeyd edilən icra sənədi üzrə aliment borcunu ödəməməklə Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı ifadəsində göstərdi ki, o, qətnamə üzrə aliment borcunu tam ödəmək imkanına malik deyil. Özü restoranda qab yuyan kimi çalışır və işi də daimi deyil. Ona görə də imkan olduqca 100 manat aliment ödənişi edir. O, vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs (Ələsgərovanın) vəziyyəti nəzərə alınmaqla, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(026)- 56/2023 saylı icra vərəqəsindən görünür ki, 23 iyul 2008-ci il tarixdə anadan olmuş X6, 18 noyabr 2010-cu il tarixdə anadan olmuş X8 və 10 fevral 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb X5 verilməli, aliment məhkəməyə müraciət edildiyi tarixdən, yəni 20 dekabr 2022-ci il tarixdən tutulmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(026)-56/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızına tələbin könüllü icrası haqqında bildiriş verilmiş, dəfələrlə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmışdır. Eyni zamanda, tələbkar X9 22 oktyabr 2025-ci il tarixdə Qobustan rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı aliment borcunu vaxtlı-vaxtında ödəmir, hal-hazırda 2050 manat borcu var, uşaqlarının biri ali təhsil alır, ödənişli oxuyur, o biri uşaqlar isə məktəblidir və ödənişli kurslara gedirlər. Ona görə də borclu barəsində məcburi icra tədbirləri tətbiq edib inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı tərəfindən Qobustan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(026)-56/2023 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə 2050 manat məbləğində aliment borcu yaranmışdır. Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı da məhkəmə iclasında aliment borcunu ödəməyə imkanı olmadığını bildirərək, aliment borcunun yaranmasını təsdiq etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, borclunun maddi vəziyyətinin aşağı olması onu icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri yerinə yetirməkdən azad edən hal kimi çıxış edə bilməz. Məhkəmə Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızının icra sənədi üzrə aliment borcunu ödəməməsini səmimi şəkildə etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və bildirir ki, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəuyğun saymır. Məhkəmə Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rəsulova (Ələsgərova) Gülsənəm Afis qızına fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-352/2025
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-352/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver