Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-356/2024 31.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx xxxx 1997-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 31 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 25 oktyabr 2024-cü il tarixdə atası Əsgər Musayevlə mübahisə edərək yaşadıqları evdə ona tərbiyəsizlik etmiş, bununla da xırda xuliqanlıq hərəkətləri törətmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X6 bildirdi ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs atası Əsgər Musayevin müraciəti əsasında onların yaşadığı ünvana gedilmişdir. Bu zaman müəyyən olunmuşdur ki, ata-oğul hər ikisi rayon ərazisində televizor təmiri ilə məşğul olurlar. Lakin Şəxs digər sakinlərdən televizorun təmiri üçün müəyyən məbləğdə pul alıb sonradan onları təmir etmədiyinə görə atası Əsgər Musayev çətin vəziyyətə düşmüşdür və bu səbəbdən onlar arasında davamlı münaqişələr baş verir. Atanın bildirdiklərinə görə o, Şəxs bununla bağlı irad bildirdikdə oğlu əlini stola vuraraq ona tərbiyəsiz cavab qaytarır. Bu səbəbdən atasını rayon ərazisində haqsız duruma düşürdüyü üçün Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, Şəxs həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, atası Əsgər Musayev içkili vəziyyətdə onun telefonuna zəng edərək, ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman o öz dostları ilə qonaqlıqda olduğu üçün atasının bu sözlərindən utanmış, evə getmişdir. Evdə atası ilə onun mübahisələri olmuş, atasına onunla rəftarı barədə narazılığını bildirmiş, lakin heç bir nalayiq söz işlətməmişdir. Həmçinin, onun barəsində bildirilən pul məsələsi yalandır və indiyədək heç bir kəs onun barəsində polisə və ya digər orqana şikayət etməmişdir. Sadəcə atası ilə yola gedə bilmədikləri üçün atası daim ondan polisə şikayət edir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Şəxs onun oğludur, o, öz oğluna televizor təmir edilməsini öyrətmişdir. Hazırda oğlu bu işlə məşğul olub qazanc əldə etsə də, əldə etdiyi pulu evə gətirmir, evin xərclərini ödəmir. Onunla bu barədə söhbət edərkən isə əlini stola bərk vuraraq yaxşı etdiyini bildirir. Bu səbəbdən də o, “102” Xidmətinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 bildirdi ki, hazırda Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibi müəyyən olunmur. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xətaya dair materialı, tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozması faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-in 53.0.2-ci maddəsinə uyğun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs vəkili X1 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X1 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-356/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-356/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver