Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-357/2024 31.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Şamaxı rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə 31 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə gecə saatlarında Qobustan şəhəri ərazisində xırda xuliqanlıq hərəkətləri törədərək, polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı Babaşov Ehtiram Etibar oğlu protokolu müdafiə edərək, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməsini, onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 30 oktyabr 2024-cü ildə gecə saatlarında sinif yoldaşı olmuş Famil Şahkərəmov içkili vəziyyətdə onun evinə gəlmiş, rayonun Nərimankənd kəndində yaşadığından onu kəndə aparmasını istəmişdir. O da uşaqlıqdan dost olduqlarına, ürək xəstəsi olmasına və içkili vəziyyətdə olmasına görə aparıb Famili evlərinə düşürmək qərarına gəlmişdir. Yolda olarkən Famil Şahkərəmov təkidlə Olimpiya Mərkəzinin yaxınlığında maşını saxlamasını tələb etmiş, düşməyə çalışmışdır. O da Familin vəziyyətinə görə etiraz edib onu fikrindən daşındırmağa çalışmışdır. Lakin o, təkid etməyə davam etmiş, keçiddən keçib özü gedəcəyini bildirmişdir. Bir qədər sözləşdikdən sonra o, maşından düşüb Familin qapısını açmış, getməsinə imkan vermişdir. Uşaqlıqdan zarafatları olduğuna görə, o, həmin vaxt bir-iki kobud ifadə də işlətmişdir. Bu zaman mülki geyimli bir şəxs onlara yaxınlaşmış, lakin o, həmin şəxsə məhəl qoymamışdır. Həmin şəxs ondan niyə bu cür etdiyini soruşmuş, özünün polis əməkdaşı olduğunu bildirmişdir. O da heç bir qeyri-qanuni hərəkət etmədiyinə görə maşınına oturub çıxıb getmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Qayıbovun əməlində İXM-in 510-cu və 535.1-ci maddələrinin tərkibinin olmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis leytenantı X8 bildirdi ki, o, sahə müvəkkilidir. Hadisə baş verən gün saat 7-də artıq xidmətini başa vurmuşdu, sadəcə axşam mülki geyimdə ərazidə dolanırdı. Bu zaman iki şəxsin bir-birilə yüksək səslə və bir qədər də kobud ifadələrlə danışdığını görmüş və onlara yaxınlaşmışdır. Nə baş verdiyini soruşduqda hər iki şəxs ona məhəl qoymamışdır. Bundan sonra o, polis əməkdaşı olduğunu bildirmiş, Şəxs isə polisin ünvanına nalayiq söz işlətmiş, həmin söz konkret ona qarşı deyil, ümumi olaraq polislər haqqında olmuş, daha sonra isə maşınına oturub sürüb getmişdir. Maşınına minib gedərkən ondan dayanmasını tələb etsə də, dayanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Şəxsla sinif yoldaşı olmuşdur. 30 oktyabr 2024-cü ildə gecə saatlarında o içkili olduğuna görə Müşviqdən onu evə aparmasını xahiş etmişdir. O, Müşviqdən yolda maşını saxlamasını istəyib düşməyə çalışsa da, Müşviq ona mane olmuş, içkili olduğuna görə problem olmaması üçün evə aparmaq istəmişdir. Lakin o təkid etdikdən sonra Müşviq maşını saxlamışdır. Uşaqlıqdan bir-birləri ilə kobud zarafatları olduğuna görə Müşviq ona kobud şəkildə “düş, rədd ol, get” demişdir. Bu zaman bir nəfər onlara yaxınlaşmış, özünün polis əməkdaşı olduğunu bildirmiş və nə baş verdiyini soruşmuşdur. Onlar ciddi bir şey olmadığını bildirmişlər. O, Şəxs polisin ünvanına hər hansı nalayiq ifadə işlətdiyini eşitməmişdir. Həmçinin, Şəxs o, maşından düşdükdən sonra maşınını sürüb getmişdir. Maşın hərəkətə başlayandan sonra həmin polis əməkdaşı ona dayanmasını bildirsə də, maşının səsindən bunun eşidilməsi mümkünsüz idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı hissədə isə əməlində inzibati xəta tərkibi olmadığına görə İXM-in 53.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin ifadələrindən də göründüyü kimi, polis əməkdaşı mübahisə edən şəxslərə yaxınlaşarkən mülki geyimdə olmuş və özünün də bildirdiyi kimi, hadisə onun xidməti vəzifələrinin icrası zamanı deyil, daha sonra olmuşdur. Eyni zamanda, həm polis əməkdaşı olan, həm də digər şahid maşını saxlayıb dayanmasına dair tələbi Şəxs maşını hərəkətə gətirdikdən sonra bildirdiyini qeyd etmişlər. Belə olan halda isə Şəxs həmin tələbi eşitməsi ağlabatan hesab olunmur. Bundan başqa, İXM-in 535.1-ci maddəsinin tələbinə görə bu cür tələb polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürülməli olsa da, bu hadisənin Emil Soltanovun xidməti vəzifə saatı başa çatdıqdan sonra baş verdiyi mübahisəsizdir. Göründüyü kimi, Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi müəyyən edilmir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, nə qədər də birbirləri ilə zarafatları olmuş olsa da, Şəxs ictimai yerdə Famil Şahkərəmova yüksəs səslə kobud ifadələr işlətməsi İXM-in 510-cu maddəsinin tərkibinin yaranmasına əsas vermişdir. Lakin hazırda Şəxs polisin ünvanına nalayiq ifadələr işlətməsi halı öz təsdiqini tapmır. Belə ki, bu cür ifadənin işlədilməsi barədə yalnız polis əməkdaşı olan şahid Emil Soltanovun ifadəsi mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və digər şahid isə polisin ünvanına nalayiq ifadənin işlənməsi halını təsdiq etməmişlər. İXM-in 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal müəyyən olunmadı. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən vəkil X2 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq vəkil X2 hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(026)-357/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-357/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver