Məhkəmə qərarları › İş №3(026)-358/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-358/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-358/2023 13.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Şamaxı rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs Ocaqvedi oğlunun 13 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanına nalayiq ifadələr işlətdiyi, müəllim kollektivinin iş rejimini pozduğu göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ocaqvedi oğlu izahatında göstərdi ki, həyat yoldaşı Poladlı kənd orta məktəbində müəllim işləyirdi və onu işindən azad etdikləri üçün həmin məktəbdə təhsil alan oğlu Fərid məktəbə getmək istəmədiyi üçün onun kitablarını məktəbə aparıb video çəkilişlə təhvil verdiyinə görə məktəbin direktoru onun barəsində polisə məlumat vermiş, polis şöbəsində barəsində akt tərtib etmişlər. X1 ifadə verərək göstərdi ki, o, Qobustan rayon Poladlı kənd M. Kərimov adına tam orta məktəbdə direktor vəzifəsində çalışır. Poladlı kənd sakini Şəxs Ocaqvedi oğlu tez-tez məktəbə gələrək onun və digər müəllimlərin tədrisini pozur, onların ünvanına nalayiq sözlər işlədərək onları təhqir edir və hədələyir. Seymurun oğlu Fərid həmin məktəbdə oxuyur. Seymur uşağı təhsildən yayındırır və müəllim kollektivinin işgüzar fəaliyyətinə xələl gətirir. X2 ifadə verərək göstərdi ki, o, Qobustan rayon Poladlı kənd M. Kərimov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. Poladlı kənd sakini Şəxs Ocaqvedi oğlu tez-tez məktəbə gələrək onun və digər müəllimlərin tədrisini pozur, onların ünvanına nalayiq sözlər işlədərək onları təhqir edir və şantaj etməklə hədələyir. Seymur oğlu Fəridi təhsildən yayındırır. Şəxs sosial şəbəkələrdə onun və həyat yoldaşının adını yersiz şəkildə hallandırır. X3, X4, X9 və X11 X2nun ifadəsinə oxşar ifadə verdilər. Qobustan rayon Poladlı kənd orta məktəbinin kollektivi V. İsmayılov, müavinlər S. İsmayılov, A. İsmayılov, müəllim İ. Bəndalıyev, S. İsmayılov, İ. Şiralıyev, Y. Nəzərova, A. Rüstəmov, Y, Hətəmxanov, İ. Nəzərov və İ. Şiraliyevin 29 noyabr 2023-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, Poladlı kənd tam orta məktəbində ibtidai sinif fənni üzrə vakansiya yaranmışdır. Kənd sakini Şəxs həyat yoldaşı MİQ imtahanında uğur qazana bilmədiyi üçün həmin vakansiyaya təyin edilməmişdir. Bu səbəbdən S. Rəhimov müəllimləri şantaj edir, hədə-qorxu gəlir. Belə hadisə dəfələrlə baş vermişdir. Hətta S. Rəhmanov övladını məktəbdən çıxarır ki, həyat yoldaşı bu məktəbdə işlədiyi halda övladı da həmin məktəbdə oxumayacaqdır. Şəxs övladı Fərid məktəbə gəlib kitabları təhvil verən zaman “anam bu məktəbdə işləmədiyi üçün mən də məktəbdən çıxıram” demişdir. Müəllimlərə “sizlər kəndin qız şagirdlərinə məktublar yazırsınız” sözlərini demişdir. Şəxs məktəbin qarşısına gələrək müəllimlərə qarşı “siz dərs keçmirsiniz, qanunsuz işlərlə məşğulsunuz" deyərək şər və böhtan xarakterli ifadələr işlədir. Məqsədi isə kənd sakinlərini məktəbə qarşı qaldırmaq və məktəbə yaratdıqları sağlam mühiti, tədris prosesini pozmaqdır. Şəxs məktəb müəllimlərinə qarşı şər və böhtan xarakterli ifadələr işlətmiş və yoldaşının müəllim kimi işə təmin olunmasını tələb etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.  Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar