Məhkəmə qərarları › İş №3(026)-359/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-359/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-359/2023 13.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 1987-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 247, mənzil 61-də qeydiyyatda olan və Qobustan rayonu, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 13 dekabr 2023-cü il tarixdə Qobustan şəhəri ərazisində X1 ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə ailə üzvlərini müayinə etdirmək üçün Qobustan rayon mərkəzi xəstəxanasına getmişdir. Avtomaşınında olan sənədləri götürmək üçün avtomaşına yaxınlaşan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ondan taksi fəaliyyəti ilə məşğul olmasını soruşmuş, o isə taksi fəaliyyəti ilə məşğul olmadığını ona bildirərək xəstəxananın binasina girmişdir. Həmin şəxs də onun arxasınca gələrək onu söyüb təhqir etmiş, ona görə də aralarında mübahisə yaranmışdır. Peşmandır. Zərərçəkmiş şəxs X2 ifadə verərək göstərdi ki, şəkər xəstəsidir. Özünü yaxı hissə etmədiyinə görə 13 dekabr 2023-cü il tarixdə Qobustan rayon mərkəzi xəstəxanasına gedərək ona insulin iynəsi vurmalarını xahiş etmişdir. Xəstəxanadan isə ona bildirdilər ki, xəstəxanada qeydiyyatda olmadığına görə bu mümkün deyildir. Xəstəxananın həyətinə düşərək getmək istədikdə həyətdə taksiyə oxşar avtomobil görüb ona yaxınlaşaraq taksi fəaliyyəti ilə məşğul olub-olmamasını soruşduqda həmin şəxs ona taksi fəaliyyəti ilə məşğul olmadığını deyərək onu “get burdan” deyərək nalayiq sözlərlə və küçə söyüşləri ilə söyüb təhqir etdi. O, da DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir.Onun barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar