Məhkəmə qərarları › İş №3(026)-365/2025

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-365/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-365/2025 28.10.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1985-ci ildə Şamaxı rayonu, Bədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Bədəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 27 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 26 oktyabr 2025-ci il tarixdə saat təxminən 17:40 radələrində Bədəlli kəndində polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadığı müəyyən edilən zaman polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 protokolu müdafiə edərək bildirdi ki, 26 oktyabr 2025-ci ildə Qobustan RPŞ-nin DYPB-nin YPX inspektoru Şərif Sayılov raportla müraciət edərək bildirmişdir ki, 26 oktyabr 2025-ci il tarixində saat təxminən 17:40 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşını ilə rayonun Bədəlli kəndi istiqamətində hərəkətdə olan zaman “Kia” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, adı sonradan məlum olan Şəxs sürücülük hüququnun olmadığı və həmin avtomaşının cərimə borcu ilə əlaqədar həbsi olduğu müəyyən edilmişdir. Bundan sonra avtomaşın duracağa aparılan zaman sürücü Şəxs polis mayoru Naməddin İbrahimovun ünvanına uca səslə qeyri-etik ifadələr işlədərək təhqir etmiş və nəqliyyat vasitəsinin duracağa aparılmasına oğlu Qorqud Cəbrayıllı ilə birlikdə mane olaraq polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Onları dəfələrlə nizam-intizama və qanuna tabe olmağa dəvət etsələr də, onlar öz qanunsuz hərəkətlərini davam etdirdikləri üçün polis şöbəsinə gətirilmişdir. Bundan sonra həmin məsələ araşdırılması üçün onun icraatına verilmişdir. O da həmin müvafiq şəxslərin izahatlarını aldıqdan sonra Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 26 oktyabr 2025-ci ildə oğlunun hərbi xidmətə getməsi ilə əlaqədar evlərində qonaqlıq olmuş, qardaşı içkili olduğuna görə anasıgili avtomobillə o evlərinə aparmış, qayıdanda polis əməkdaşları onun idarə etdiyi avtomobili saxlatmışlar. Daha sonra avtomobilin üzərində həbs olduğu və onun sürücülük vəsiqəsi olmadığı müəyyən edildiyindən, avtomobilin duracağa yerləşdirilməli olduğunu və özünün də polis şöbəsinə getməli olduğunu bildirmişlər. Bu zaman onlar arasında mübahisə yaranmışdır. Həmin yerə qardaşıgil gəlmiş, qardaşı sərxoş olmuş, şöbəyə özünün gedəcəyini deyərək, onu kimin qaytaracağını soruşmuşdur. Bu zaman polis əməkdaşı onu geri qaytaracağını bildirsə də, o, polis əməkdaşına “qaytarmayan şərəfsizdir” şəklində cavab vermişdir. Qeyd etdi ki, həqiqətən də, həmin vaxt ünvansız söyüşlər söymüş, bundan sonra polis əməkdaşlarının onlarla şöbəyə getmək barədə tələbinə əməl etməmiş, getməkdən imtina etmişdir. Bunun səbəbi isə evlərində qonaq olması olmuş, polislərlə qardaşı şöbəyə getmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru, polis mayoru X1 bildirdi ki, 26 oktyabr 2025ci il tarixdə polis inspektoru Şərif Sayılov ilə birgə eyni patrul maşınında rayonun Bədəlli kəndi istiqamətində hərəkətdə olarkən qarşıdakı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görmüş və həmin avtomobili saxlamışlar. Bundan sonra Şərif Sayılov avtomobildən enərək həmin maşına yaxınlaşmış, avtomobilin sürücüsündən özünü təqdim etməsini istədikdə Şəxs öz adını deyil, qardaşının adını vermiş, daha sonra doğum tarixi soruşulduqda cavab verə bilməmişdir. Sonradan həmin maşını idarə edən şəxsin, yəni Şəxs avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığı və cərimə borcu ilə əlaqədar avtomobilin üzərinə həbs qoyulduğu müəyyən edilmişdir. Buna görə də o, Şərif Sayılova avtomobilin duracağa aparılmasını təmin etməsini demiş, lakin Şəxs buna etiraz etmiş, həmin vaxt qonaqlıqda onları gözləyən bir neçə şəxsi oraya çağırmış, bu zaman sərxoş vəziyyətdə avtomobilin sahibi olan qardaşı da gəlmişdir. Şəxs qardaşı şöbəyə getsə, onun kim tərəfindən gətiriləcəyini soruşmuş, özü tərəfindən onun gətiriləcəyini bildirdikdə bu zaman Şəxs qardaşını geri gətirməyənin nakişi olduğunu bildirib nalayiq ifadələr səsləndirmişdir. Buna görə onu da şöbəyə aparmaq istədikdə oğlu Qorqud Cəbrayıllı onlara qarşı xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra post patrul əməkdaşlarını çağıraraq onların polis şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 bildirdi ki, 26 oktyabr 2025-ci il tarixdə polis mayoru Naməddin İbrahimov ilə birgə eyni patrul maşınında rayonun Bədəlli kəndi istiqamətində hərəkətdə olarkən qarşıdakı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini görmüş və həmin avtomobili saxlamışlar. Bundan sonra avtomobildən enərək həmin maşına yaxınlaşmış, avtomobilin sürücüsündən özünü təqdim etməsini istədikdə Şəxs öz adını deyil, qardaşının adını vermiş, daha sonra doğum tarixi soruşulduqda cavab verə bilməmişdir. Sonradan həmin maşını idarə edən şəxsin, yəni Şəxs avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığı və cərimə borcu ilə əlaqədar avtomobilin üzərinə həbs qoyulduğu müəyyən edilmişdir. Buna görə də avtomobilin duracağa aparılmasını təmin etmək istədikdə Şəxs buna etiraz etmiş, həmin vaxt qonaqlıqda onları gözləyən bir neçə şəxsi oraya çağırmış, bu zaman sərxoş vəziyyətdə avtomobilin sahibi olan qardaşı da gəlmişdir. Şəxs qardaşı şöbəyə getsə, onun kim tərəfindən gətiriləcəyini soruşmuş, bu zaman Şəxs qardaşını geri gətirməyənin nakişi olduğunu bildirib nalayiq ifadələr səsləndirmişdir. O da Şəxs qolundan tutaraq polis mayoruna qarşı bu cür ifadələrə yol verməməsini bildirib onu nizam-intizama dəvət etmişdir. Daha sonra bu hərəkətlərinə görə onu da şöbəyə aparmaq istədikdə oğlu Qorqud Cəbrayıllı onlara qarşı xuliqanlıq hərəkətləri etmişdir. Bundan sonra post patrul əməkdaşlarını çağıraraq onların polis şöbəsinə gətirilməsini təmin etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsini və oğlunu hərbi xidmətə yola salmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında yol-patrul xidməti maşınının video-müşahidə kamerasının videogörüntülərini əks etdirən və protokolu tərtib etmiş Qobustan RPŞ-nin əməkdaşı Rahim Məmmədov tərəfindən təqdim edilmiş disk izlənilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, hadisə baş verən zaman Şəxs tərəfindən ünvansız nalayiq ifadələr işlənmiş, o, polisin nizam-intizamlı olmasına və polis şöbəsinə getməsinə dair qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara, həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntüləri əks etdirən diskə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq İXM-in 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Qobustan rayonu, Bədəlli kəndi ərazisində polis əməkdaşları ilə uca səslə mübahisə etməsi, nalayiq ifadələr işlətməsi və onu nizam-intizama dəvət edən və polis şöbəsinə getməli olduqlarını bildirən polis əməkdaşının həmin qanuni tələblərinə tabe olmaması videogörüntülərlə və şahidlərin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq edir və bildirir ki, həqiqətən də, bu cür hərəkətlərə yol vermişdir, hazırda əməlindən peşmandır və özünü İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilir. Bununla da müəyyən edilir ki, həmin hərəkətlərlə Şəxs 26 oktyabr 2025-ci ildə İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə bildirir ki, Şəxs hər iki maddə üzrə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, İXM-in 34.3-cü maddəsinin tələbinə görə ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir, başqa sözlə, Şəxs barəsində məhz İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşmançılığını, eləcə də, himayəsində 28 oktyabr 2007-ci il təvəllüdlü Qorqud, 23 noyabr 2009-cu il təvəllüdlü Selcan və 03 iyun 2011-ci il təvəllüdlü Aqşin adlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən həmin halları və onun məsuliyyətini ağırlaşdıran hal olmamasını nəzərə alaraq bildirir ki, onun barəsində inzibati həbsin tətbiq edilməsi üçün müstəsna əsas yoxdur. Həmçinin o, 27 oktyabr 2025-ci ildə inzibati qaydada tutulduğuna görə İXM-in 31.4-1-ci maddəsinə uyğun olaraq, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində İXMin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar